Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-625/2025 21.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı Abbasqulu oğluna məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq üç milyon yeddi yüz altmış beş min manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçıya məxsus Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsində əkilmiş ağac və yaşıllıqların başqa əraziyə köçürülməsi və ya sözügedən torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq ona 3 milyon yeddi yüz altmış beş min manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “İddiaçı Abbasqulu oğluna məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq üç milyon yeddi yüz altmış beş min manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun İddiaçı məxsus olduğu öz təsdiqini tapır. Belə ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən özbaşına və qanunsuz olaraq zəbt edilmiş və həmin sahənin hasarlanmasında ona maneə yaranmışdı. Bu səbəbdən iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. İddiaçı sözügedən Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsi üzərində istifadə hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin torpaq sahəsi meşə fondu torpaq sahəsinə aid edildiyindən İddiaçı torpaq sahəsindən istifadə edə bilməmiş və onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, o uzun müddətdir torpaq sahəsindən istifadə edə bilmədiyindən ona həm real ziyan dəymişdir, həm də əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Sözügedən torpaq sahəsində cavabdeh orqan tərəfindən ağaclar əkilmiş və yaşıllaşdırma işi aparılmışdır. Belə ki, iddiaçı onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən sənaye təyinatlı şəkildə istifadə etmək istəyir. Lakin yuxarıda da qeyd olunduğu kimi həmin torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən yaşıllaşdırılmış və meşə massvli torpaq sahəsi olduğundan iddiaçı ondan təyinatına uyğun şəkildə istifadəni davam etdirə bilməmişdir. Hesab edir ki, bununla yanaşı oradakı bitki və ağacların köçürülməsi iddiaçının gücü xaricindədir və buna görə də ona xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmədiyi üçün adekvat şəkildə kompensasiya ödənilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibətdə qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ona məxsus Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsində əkilmiş ağac və yaşıllıqların başqa əraziyə köçürülməsi və ya sözügedən torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq ona 3 milyon yeddi yüz altmış beş min manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunan hallara görə hesab edirlər ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bildirirlər ki, İddiaçı 2015-ci il tarixdə “zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2015-ci il tarixli 2(012)-4344/2015 nömrəli qətnaməsi ilə iddaçı İddiaçı iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı olduqları üçün Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Ancaq, apellyasiya şikayətimiz təmin edilməmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-4344/2015 nömrəli qətnaməsi dəyişdirlmədən qüvvədə saxlanılmışdır. Məlumat üçün bildirirlər ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4344/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı iddia tələbi 2016-cı ilin avqust ayında icra edilmişdir. Bununla əlaqədar Abşeron rayon məhkəməsinin 8(012)- 1247/2016 saylı 05 avqust tarixli qərardadı ilə 2(012)-4344/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin, İddiaçı 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət etmiş və icra hərəkətləri təkrarən icra edilərək, onun iddia etdiyi torpaq sahəsinin sərhədləri nişanlanaraq təhvil verilmişdir. Eyni zamanda qeyd edirlər ki, "xxxx" ASC-nin Nizamnaməsinin 3-cü hissəsinin 3.2.1.-ci bəndinə əsasən Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirləri həyata keçirir. 3.2.21-ci bəndində isə salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə təhvil verilməsini qeyd edilir. Həmin tarixdən hazırki günə kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda onun “torpaq tələbi” ilə əlaqədar iddiaçının yenidən iddia qaldırmasını məqsədəmüvafiq hesab etmirik. İddiaçının torpaq sahəsi özünküləşdirilməmiş, üzərində hər hansı iaşə obyekti və digər tiklilər tikilməmişdir. Əlavə olaraq məlumat üçün bildirirlər ki, İddiaçı iddia etdiyi torpaq sahəsi Abşeron RİH-nin 685 saylı 04 iyun 2010-cu il tarixli sərəncamı ilə (51,5 hektar) yaşıllıq zolağının salınması məqsədilə "xxxx" ASC-yə ayrılmışdır. Yaşıllıq sahələrinin salınması, qorunması və miqyasının daha da genişləndirilməsi məsələsi şəhər və şəhərətrafı ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin azaldılması, indiki və gələcək nəsillərin sağlam inkişafı, həmçinin estetitik görüntünün yaxşılaşdırılması əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır Göründüyü kimi, qətnamə tam icra edilərək, qeyd oluna torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarmağınızı xahiş edirik.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə; cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubu; Abşeron Rayon Məhkəməsinin icra vərəqəsi; xx.xx.2022-ci il tarixli akt və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Seriya MH 0019145№-li, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Abşeron rayon, Pirəkeşkül kəndində yerləşən 2.0 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Abşeron rayon Məhkəməsinin 2(012)-4344/2015 saylı, 05 oktyabr 2015-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı, 22 noyabr 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2 ha torpaq sahəsinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» Açıq Səhmdar Cəmiyyətindən geri alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İddiaçı hal-hazırda ona məxsus 2.0 ha torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq üç milyon yeddi yüz altmış beş min manat kompensasiyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4344/2015 saylı, 05 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı, 22 noyabr 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2 ha torpaq sahəsinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» Açıq Səhmdar Cəmiyyətindən geri alınaraq iddiaçıya qaytarılması” qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli İcra vərəqəsi tərtib edilmiş, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya geri qaytarılmışdır. Lakin iddiaçı sözügedən torpaq sahəsi meşə fonduna aid edildiyindən və cavabdeh orqan tərəfindən çoxsaylı ağaclar əkildiyindən torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmədiyini bildirərək, ona müvafiq kompensasiyanın ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçının müraciətinə imtina məktubu ilə cavab vermişdir. Məhkəmə işin hallarının hərtərəfli araşdırmasını təmin etmək məqsədilə mütəxəssis rəyinin verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş rəydə aşağıdakılar qeyd edilmişdir: **********90 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi sxemdə göstərilmişdir. **********90 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində yaşıllaşdırma işləri (ağac və yaşıllıqların salınması) aparılmışdır, lakin **********90 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur. (Sxem tərtib olundu) Bununla yanaşı cavabdeh orqan etirazda qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 685 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə (51.5 ha) yaşıllıq zolağının salınması məqsədilə "xxxx" ASC-yə ayrılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsi Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı əsasında iddiaçıya satılmış, iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin, mübahisəli ərazidə yaşıllıq zolağı 2010-cu ildə salınmışdır. Həmin dövrdə iddiaçının torpaq sahəsindən faktiki istifadəsi müəyyən edilməmişdir. Cabandeh orqan mübahisəli ərazidə dövlətin qanuni səlahiyyətləri çərçivəsində yəni, Abşeron Rayon İcra Hakimiyyətinin 685 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı əsasında ətraf mühitin qorunması məqsədi ilə yaşıllaşdırma işləri həyata keçirmişdir. Hazırki işin hallarından, iddiaçının torpaq sahəsindən faktiki istifadə etməməsi və zərərin real olaraq yaranmaması təsbit olunur. Cavabdeh orqan torpaq sahəsindən səlahiyyətləri çərçivəsində ekoloji məqsədlə istifadə etmişdir. Beləliklə, cavabdeh orqanın fəlaiyyəti və torpaqdan istifadəsi ekoloji, ictimai maraqlara uyğun və qanunidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, kompensasiya qanunsuz hərəkət nəticəsində faktiki zərər üçün tələb oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ toxunulmazdır, lakin sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi və kompensasiya məsələlərinə dair bir neçə mühüm qərarı mövcuddur. Bunlardan biri nümunə olaraq qeyd edilə bilər. Loizidou Türkiyəyə qarşı (1996) – Müraciətçi Kiprin şimal hissəsində yerləşən evinə geri dönmək istəyib, lakin Türkiyə tərəfindən buna icazə verilməyib. Qərar: Avropa İnsan Hüquqları Məhkəməsi müraciətçinin mülkiyyət hüququnun pozulduğunu, lakin bu pozuntunun yalnız mülkiyyətin istifadəsindən məhrum edilməklə əlaqəli olduğunu müəyyən edib. Məhkəmə, mülkiyyətin faktiki istifadəsindən məhrum edilmənin kompensasiya tələbini doğurmadığını vurğulayır. Qeyd edilən nümunə ilə belə nəticəyə gəlmək olar ki, əgər mülkiyyətçi torpaq sahəsindən faktiki istifadə etməyibsə və yalnız kompensasiya məqsədi ilə iddia qaldırırsa, Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı faktiki zərərin mövcud olmaması səbəbindən kompensasiya tələbinin təmin edilməməsi üçün əsas ola bilər. Qeyd edilənlərə əsasən, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçının hüquqlarının pozulması istiqamətində hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı Abbasqulu oğluna məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq üç milyon yeddi yüz altmış beş min manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı Abbasqulu oğluna məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin bazar dəyərinə müvafiq olaraq üç milyon yeddi yüz altmış beş min manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva