Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-629/2025 11.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. cavabdehin xx.xx.2023-cü i tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş xx.xx.1996-cı il tarixli 27 №li sərəncam ilə iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrıldığı məlum olsa da sözügedən fərdi yaşayış evinə dair arxiv əsaslarında saxlanılan qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sərəncam arasında uyğunsuzluq olduğu, sözügedən sərəncamın ilkin hüquq sahibi adına, fərqli tarix və nömrə ilə ayrıldığı müəyyən edilmişdir. Torpaq sahəsinin sənəd üzrə konfiqurasiya ilə faktiki konfiqurasiya arasında fərq mövcuddur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli sərəncamında qeyd olunur ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 45 №li sərəncamı ilə Masazır kənd icra nümayəndəliyinin sərəncamına verilmiş 7.07 ha torpaq sahəsindən İddiaçı həyətyanı torpaq sahəsi ayrılsın və həmin sahədə ona ev tikməyə icazə verilsin. Həmçinin iddia ərizəsinə əlavə olunmuş çıxarışdan da görünür ki, hazırki torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda cavabdeh tərəfindən hazırki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdhein imtinası əsassız olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, evə çıxarış verilsə də torpağın çıxarışı qalmışdır. Torpaq sahəsi 1996-cı ildən faktiki istifadəsindədir. Evin çıxarışını 2001-ci ildə almışdır. Anası bağışlama etmişdir. İki sərəncam var. İddiaçının adına olan sərəncamla ayrılmış torpaq sahəsi satılmışdır. İddiaçının anasının adına olan torpaq sahəsinə verilmiş sərəncamı vaxtında əldə edə bilmədiyi üçün öz adına verilmiş sərəncamla hazırki iddianı qaldırmışdır. İddiaçının anasının adına olan torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istəyir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında fərq olduğu; sözügedən torpaq sahəsinin İddiaçı Abşeron Rayon İHB-nın Masazır kəndi üzrə nümayəndəsinin 13 avqust 1996-cı il tarixli, 27 nömrəli sərəncamı ilə ayrıldığı məlum olsa da, fərdi yaşayış evinə dair arxiv əsaslarında saxlanılan qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olmuş sərəncam arasında uyğunsuzluq olduğu, adıçəkilən sərəncamın ilkin hüquq sahibi adına, fərqli tarix və nömrə ilə ayrıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Abşeron rayonu İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 28 №li xx.xx.1996-cı il tarixli sərəncamı ilə X1 adına fərdi yaşayış evinə dair 23735 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Məhkəmə prosesində məlum olmuşdur ki, xx.xx.1996-cı il tarixli sərəncamla ayrılmış 0,10 ha torpaq sahəsi satılmışdır. İddiaçının cavabdeh orqana müraciəti isə xx.xx.1996-cı il tarixli sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar ayrılmış 0,10 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında izahatında iddiaçı xx.xx.1996-cı il tarixli sərəncamla ona ayrılmış torpaq sahəsinin fərqli torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini başqa şəxsə satdığını etiraf etmiş, anasının adına verilmiş sərəncam ilə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istədiyini bildirmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1996-cı il tarixli sərəncamla ayrılmış 0,10 ha torpaq sahəsini satdığını etiraf etdiyindən hazırki iddia tələbi üzrə onun subyektiv hüququ yoxdur. İddiaçının hüquqi marağına uyğun olaraq Abşeron rayonu İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 28 №li xx.xx.1996-cı il tarixli sərəncamı ilə X2 ayrılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün isə ilk növbədə sonuncu tərəfindən cavabdeh inzibati orqana müraciət olunmalı, imtina edildiyi halda məhkəmədə inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia qaldırılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, Abşeron rayonu İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar ayrılmış 0,10 ha torpaq sahəsinin başqa şəxsə satıldığı iddiaçı tərəfindən etiraf edildiyindən hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 28 №li xx.xx.1996-cı il tarixli sərəncamı ilə X2 ayrılmış torpaq sahəsi ilə bağlı isə cavabdeh inzibati orqana müraciət edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-629/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-629/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver