Məhkəmə qərarları › İş №2-1(118)-6293/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6293/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6293/2025 07.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 26 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-A-231668/2024 nömrəli İddiaçı göndərilmiş “Pensiya ödənişinin bərpa edilməsi və keçmiş dövr üzrə hesablanmış pul vəsaiti haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 8 iyun 2016-cı il tarixdə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün onun pensiya ödənişi 1 yanvar 2017-ci il tarixdən dayandırılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, pensiya təyinat tarixi 1 iyul 2017-ci il tarixədək olduğu üçün əmək pensiyası 2024-cü ilin avqust ayında 1.060,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla) olmaqla tam məbləğdə bərpa olunmuşdur. Həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 32.663,77 manat pul vəsaitinin 1.814,66 manatı 2024-cü ilin avqust və sentyabr aylarında ona ödənilmişdir. Qalan ödənilməli vəsait 30.849,11 manat təşkil edir.

2. 23 noyabr 2024-cü il tarixli, 3-17-1/2-A-286211/2024 nömrəli İddiaçı göndərilmiş “Keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin qalıq hissəsinin ödənilməsi haqqında” məktubdan görünür ki, əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan qalıq 30.849,11 manat fərq məbləğinin Mərkəzi Filiala müraciətini nəzərə alaraq 1 oktyabr 2024cü il – 31 mart 2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 iyul 2025ci il tarixli, 3-17-1/2-179419/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 8 iyun 2016-cı il tarixdə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün onun pensiya ödənişi 1 yanvar 2017-ci il tarixdən dayandırılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, İddiaçı pensiya təyinat tarixi 1 iyul 2017-ci il tarixədək olduğu üçün əmək pensiyası 2024-cü ilin avqust ayında 1.060,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla) olmaqla tam məbləğdə bərpa olunmuşdur. Həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 32.663,77 manat pul vəsaitinin 1.814,66 manatı 2024-cü ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalıq 30.849,11 manatı isə adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətini nəzərə alaraq 1 oktyabr 2024-cü il – 31 mart 2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar tarixdən hesablanaraq İddiaçı əmək pensiyası hazırda 1.146,07 manat məbləğində müəyyən edilməklə ona ödənilir. Əlavə olaraq bildirilmişdir ki, sonuncu xidmət keçdiyi qurum tərəfindən Mərkəzi Filiala təqdim edilən ona dair məlumat vərəqində qeyd olunan dövrlər əmək pensiyası təyin edilərkən və yenidən hesablanan zaman mübahisəsiz olaraq nəzərə alınmışdır. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 7 avqust 2024-cü il tarixli, 3-17-1/3-3-11519/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 6 may 2016-cı il tarixdə təyin olunmuş yenidən hesablanmış pensiya məbləği 1.060,19 manat, təminat xərcliyi 968,90 manat, yenidən hesablamanın səbəbi “ödənişin bərpa edilməsi” olaraq göstərilmişdir. - pensiya işinə dair digər materiallar.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 yanvar 2017-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 aprel 2016-cı il tarixdə daxili işlər orqanları sıralarından tərxis olunmuş, 17 noyabr 2016-cı il tarixdə yenidən xidmətə qayıtmışdır. 8 iyun 2016-cı il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 yanvar 2017-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi iddiaçının yenidən xidmətə daxil olmağı göstərilmişdir. Sonradan məlum olmuşdur ki, vaxtilə təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. İddiaçı yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi. Bu barədə cavabdeh orqana müraciət edilmiş, cavabdeh tərəfindən pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 32.1-1, 37.3.4, 37.3.5-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 2-1(102)- 1327/2024 nömrəli qərardadına istinad olunmuşdur.

7. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

8. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmiş, iddianın təmin edilməməsi xahiş edilmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 8 iyun 2016-cı il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi 1 yanvar 2017-ci il tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı pensiya məbləğinin bərpa edilməsi ilə əlaqədar 30 iyul 2024-cü il tarixdə müraciət etmiş, həmin müraciət əsasında Mərkəzi Filial tərəfindən 7 avqust 2024cü il tarixli, 3-17-1/3-3-11519/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar qəbul edilmiş, müraciət tarixdən (30 iyul 2024-cü il) əvvəlki üç il müddət üçün (30 iyul 2021-ci il tarixdən etibarən) pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Qanunvericilikdə keçmiş dövr üzrə alınmış əmək pensiyasının məbləği ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 32.663,77 manat pul vəsaitinin 1.814,66 manatı 2024-cü ilin ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalıq 30.849,11 manatı isə iddiaçının müraciətini nəzərə alaraq 1 oktyabr 2024cü il – 31 mart 2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Məlumat üçün bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 2025-ci ilin 1 yanvar tarixindən hesablanaraq iddiaçının əmək pensiyası hazırda 1.146,07 manat məbləğində müəyyən edilməklə ona ödənilir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının sonuncu xidmət keçdiyi qurum tərəfindən Mərkəzi Filiala təqdim edilən ona dair məlumat vərəqində qeyd olunan dövrlər əmək pensiyası təyin edilərkən və yenidən hesablanan zaman mübahisəsiz olaraq nəzərə alınmışdır.

11. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1, 29, 32.1-1, 37.3.4, 37.3.5, 37.7, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

15. İPM-in 13-cü maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı ilə iddia tələbinin məzmunu müzakirə edilmiş, tələbin hazırkı formada tərtib edilməsi məqsədəuyğun hesab edilmiş, məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda da tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir.

16. Hazırda irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir;

1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinəke çiddir; (-)

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (-) 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər.

Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları

37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. (-) 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; (-)

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-)

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

23. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

24. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

25. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

26. Belə ki, iddia tələbinin əsasına görə iddiaçı 25 aprel 2016-cı il tarixdə daxili işlər orqanları sıralarından tərxis olunmuş, 17 noyabr 2016-cı il tarixdə yenidən xidmətə qayıtmış və ona 8 iyun 2016-cı il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin xidmətə daxil olduğu üçün 1 yanvar 2017-ci il tarixdən pensiyanın ödənişi qanunsuz olaraq dayandırılmış, lakin daha sonra pensiyası bərpa edilərək, 1 yanvar 2017-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək olan vəsaitin ödənilməsindən imtina edilmişdir.

27. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçı pensiya məbləğinin bərpa edilməsi ilə əlaqədar 30 iyul 2024-cü il tarixdə müraciət etmiş, müraciəti əsasında pensiya məbləği bərpa edilmiş, qanunvericiliyə əsasən pensiyanın dayandırıldığı 1 yanvar 2017-ci il tarixdən deyil, müraciətindən əvvəlki üç il müddət üçün bərpa olunmuş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 8 iyun 2016-cı il tarixdə cavabdeh orqan tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, yenidən xidmətə cəlb olunduğu üçün onun pensiya ödənişi 1 yanvar 2017-ci il tarixdən dayandırılmış, iddiaçının 30 iyul 2024-cü il tarixli müraciəti nəticəsində 7 avqust 2024-cü il tarixli, 3-17-1/3-3-11519/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilərək, pensiya təyinat tarixi 1 iyul 2017-ci il tarixədək olduğu üçün əmək pensiyası 2024-cü ilin avqust ayında 1.060,19 manat olmaqla tam məbləğdə bərpa olunmuş, keçmiş üç il müddət üzrə hesablanaraq, 32.663,77 manat pul vəsaiti hazıradək hissə-hissə ödənilir.

29. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya ödənişini dayandırmaqda haqlı olmadığını müəyyən etmiş və pensiya ödənişini bərpa etmişdir. Lakin cavabdeh ödənişi onun dayandırıldığı vaxtdan deyil, iddiaçının bununla bağlı müraciət etdiyi vaxtdan əvvəlki üç il müddət üçün nəzərə almış, bunun hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etmişdir.

30. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

31. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

32. Cavabdeh faktiki olaraq iddiaçıya əmək pensiyasının ödənişini bərpa etməklə və ötən üç illik müddət üçün ödənişləri həyata keçirməklə əmək pensiyasının ödənilməsinin dayandırılmasında ifadə olunan hərəkətlərinin qanunsuzluğunu etiraf etmiş, yol vermiş olduğu pozuntunu aradan qaldırmağa çalışmış, lakin mövcud münasibətə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir.

33. Sözügedən normanın tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddədə ifadə olunan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq oluna bilər ki, hazırkı işin faktiki halları sözügedən müddəanın tətbiqini istisna edir.

34. Belə ki, hazırkı iddia tələbi əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə təyin edilmiş (1 iyul 2017-ci il tarixədək), lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından ibarətdir. Həmin vaxtdan sonra qanuna edilmiş dəyişikliklər isə iddiaçının əvvəllər əldə etdiyi hüquqlara xitam verməmişdir. Buna görə də pensiyanın ödənişi onun dayandırıldığı vaxtdan başlayan bütün müddəti əhatə edir.

35. Hazırda iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir.

36. Beləliklə, cavabdeh orqan əsaslı səbəb olmadan 1 yanvar 2017-ci il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq, ödənişləri iddiaçının müraciətinə əsasən yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi.

37. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

38. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 1 yanvar 2017-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar