Məhkəmə qərarları › İş №2-1(118)-6294/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6294/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6294/2025 08.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydində düzəliş edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan rayonu, Mincivan İcra nümayəndəliyi tərəfindən xx.xx.1996-cı ildə tərtib edilmiş 34 nömrəli doğum haqqında akt qeydində adının “Firidun”dan “Filman”a, doğum vaxtının isə “27 yanvar 1996”-dan “01 yanvar 1966”-ya dəyişiklik (düzəliş) edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı doğum akt qeydi tarixinin xx.xx.1966-cı il tarix kimi nəzərə alınmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mincivan İcra nümayəndəliyi tərəfindən xx.xx.1996-cı ildə tərtib edilmiş 34 nömrəli doğum akt qeydinin “uşaq haqqında məlumat” qrafasının 2-ci bəndində iddiaçının adı “Firidun”, 5-ci bəndində isə doğum tarixi “xx.xx.1966-cı il” kimi qeyd edilməsi ona özü ilə bağlı sənədləşdirmə işlərinin aparılmasında problemlərin yaranmasına səbəb olmuşdur. İddiaçı işləri ilə əlaqədar olaraq xeyli müddət Rusiya Federasiyasında olmuşdur. Ora gedəndə və vətənə qayıdanda da sənədlərində heç bir problem olmamışdır. İşləri ilə əlaqədar olaraq yenidən Rusiya Federasiyasına getmək üçün bu yaxınlarda sənədləşdirmə işləri aparılan zaman ona bildirilmişdir ki, doğum akt qeydində yanlışlıq var və bu səbəbdən hər hansı bir sənədləşmə işlərinin aparılması mümkün deyil. O, bu ziddiyəti aradan qaldırmaq və doğum akt qeydinə dəyişiklik (düzəliş) olunması üçün Cavabdehnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinə dəyişiklik (düzəliş) edilməsinə dair müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci, 161.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Hazırkı halda ərizənizə əlavə olunan sənədlərdə, uyğunsuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində adı “Firidun”dan “Filman”a, doğum vaxtının “27 yanvar 1966”-dan “01 yanvar 1966”'-ya dəyişiklik (düzəliş) edilməsinə kifayət qədər əsaslar olmadığına görə və şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənizin təmin edilməsinin imkan xaricində olmasını bildirərək, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.

4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5, 73.1 və 73.2-ci maddələrinə istinad edilmişdir.

5. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iş üzrə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh inzibati orqan məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. xx.xx.1966-cı il tarixli, 34 nömrəli doğum akt qeydindən görünür ki, iddiaçının adı “Firidun”, doğum tarixi isə “27 yanvar 1966-cı il” olaraq qeyd edilmişdir.

10. İddiaçıya məxsus olan xx.xx.1987-ci il tarixli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, onun adı Filman, doğum tarixi isə xx.xx.1966-cı il olaraq qeyd edilmişdir.

11. Rusiya Federasiyasının Miqrasiya Xidməti tərəfindən iddiaçıya verilmiş patentdə onun ad, soyad və ata adı İddiaçı, doğum tarixi xx.xx.1966-cı il göstərilmişdir.

12. xx.xx.1992-ci il tarixli, 430871 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının ad, soyad və ata adı İddiaçı, doğum tarixi xx.xx.1966-cı il qeyd edilmişdir.

13. İddiaçıya məxsus olan ümumvətəndaş pasportundan görünür ki, iddiaçının ad, soyad və ata adı İddiaçı, doğum tarixi xx.xx.1966-cı il qeyd edilmişdir.

14. xx.xx.2025-ci il tarixli, AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsində iddiaçının ad, soyad və ata adı İddiaçı, doğum tarixi xx.xx.1966-cı il göstərilmişdir.

15. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci, 161.2-ci maddələrinə və AR Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Hazırkı halda ərizəyə əlavə olunan sənədlərdə, uyğunsuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində adın "Firidun’'-dan “Filman’'-a, doğum vaxtının “27 yanvar 1966”-dan “01 yanvar 1966”-ya dəyişiklik (düzəliş) edilməsinə kifayət qədər əsaslar olmadığına görə və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənin təmin edilməsi imkan xaricindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

17. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

b) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: .... vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. 8-ci bəndinə əsasən ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

24. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan hərbi bilet, nikah haqqında şəhadətnamə və ümumvətəndaş pasportunda onun ad, soyad və ata adı İddiaçı, doğum tarixi isə xx.xx.1966-cı il olaraq göstərilmişdir. Həmçinin iddiaçıya Rusiya Federasiyasının Miqrasiya Xidməti tərəfindən verilmiş patentdə və digər sənədlərdə də onun adı “Filman”, doğum tarixi isə “xx.xx.1966” qeyd edilmişdir. Lakin bunlara baxmayaraq ona məxsus doğum akt qeydində onun adı adı “Firidun”, doğum tarixi isə “27 yanvar 1966-cı il” olaraq yazılmışdır.

26. Məhkəmə hesab edir ki, doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən həmin hüquqların həyata keçirməsinə mane olmamalıdır. İddiaçının doğum akt qeydində düzəliş edilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı doğum akt qeydində adının “Firidun”dan “Filman”a və doğum tarixinin “27 yanvar 1966”dan “01 yanvar 1966”-ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinəqoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı doğum akt qeydində adının “Firidun”dan “Filman”a və doğum tarixinin “27 yanvar 1966”-dan “01 yanvar 1966”-ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar