Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6295/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonunun Qobu Bələdiyyəsi tərəfindən mülkiyyətə verilmiş torpaq sahələrinin perimetri boyunca çəkdiyi hasarın sökülməsi nəticəsində dəymiş 4910,0 manat məbləğində ziyana görə hər birinin xeyrinə 1636,66 (bir min altı yüz otuz altı manat altmış altı qəpik) manat ziyan məbləğinin Abşeron rayonunun Qobu Bələdiyyəsindən tutularaq hər birinə ayrı-ayrılıqda ödənilməsi, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “mütəxəssis rəyi”nin verilməsinə görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonunun Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı iclasının qərarı ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə torpaqlarından hər birinə sahəsi 800 kvadrat metr olan torpaq sahələri ayrılmış və mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqı məbləği olaraq iddiaçı olaraq hər biri tərəfindən 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti Abşeron rayonunun Qobu bələdiyyəsinin bank hesabına köçürülmüşdür. Adıçəkilən bələdiyyə qərarları ilə mülkiyyətlərinə ayrılmış torpaqlarla bağlı Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən müvafiq rəylər verilərək bələdiyyə tərəfindən mülkiyyətinizə satılması nəzərdə tutulmuş torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmçinin, həmin torpaq sahəsinin alqı-satqısına dair Abşeron rayonunun Qobu bələdiyyəsi ilə iddiaçı olaraq hər biri ilə torpağın alqı-satqısına dair aktlar da tərtib edilərək Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində qeydiyyatdan keçirilmişdir. Bundan əlavə, Abşeron rayonunun Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı iclasının qərarları ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətə verilmiş hər birinin sahəsi 800 kv.m olan torpaq sahələri ilə bağlı torpaq sahələrinin yerquruluşu planından çıxarışlar da Qobu bələdiyyəsi tərəfindən təsdiqlənərək hər birinə ayrı-ayrılıqda təqdim edilmişdir. Ayrılmış torpaq sahələri bir-biri ilə həmsərhəd olduğundan, iddiaçılar ümumi vəsaitlə həmin torpaqların sərhədi boyunca ümumi hasar çəkdirərək torpaqları vahid hasar daxilinə salmışdır. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən məktub verilərək torpaq sahələrində 2 metr 20 santimetr hündürlüyündə hasarın çəkilməsinə etiraz edilmədiyi bildirilmişdir. Hasarın çəkilməsinə də ümumilikdə 5000 manata yaxın vəsait xərcləmişdir. Lakin sonradan müəyyən maraqlı şəxslərin təhriki ilə Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Abşeron rayonunun Qobu Bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət edilmiş və Abşeron rayonunun Qobu Bələdiyyəsinin mübahisəli torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarlarının ləğv edilməsi tələb edilmişdir. Həmin iddia tələbi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 saylı qərarı ilə Abşeron rayonunun Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 nömrəli iclasının mülkiyyətlərinə fərdi ev tikintisi üçün hər birinə sahəsi 800 kvadrat metr olan həyətyanı torpaq sahələrinin ayrılması barədə qərarları ləğv edilmişdir. Həmin məhkəmə işindən iddiaçıların xəbəri olmamış və məhkəmə qərarı çıxarıldıqdan sonra Abşeron rayonunun Qobu Bələdiyyəsinin nümayəndələri tərəfindən torpağa çəkdikləri daş hasar qanunsuz şəkildə sökülmüşdür. Hasarın sökülməsindən xəbər tutduqdan sonra bununla bağlı bələdiyyəyə müraciət etdikdə bələdiyyə rəsmiləri hasarı bələdiyyə rəhbərliyinin göstərişi ilə bələdiyyə işçilərinin sökdüyünü bildirərək bunu mülkiyyətə torpaq sahələrinin ayrılması barədə bələdiyyə qərərlarının məhkəmə qaydasında ləğv edilməsi ilə əsaslandırmağa çalışmışlar. Bundan sonra, iddiaçılar qanunsuz sökülmüş hasarın bərpasını tələb etməklə yanaşı, məhkəməyə də müraciət edərək iddiaçıların iştirakı olmadan çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti verərək həmin məhkəmə qərarının ləğv edilməsini tələb etmişdir. Nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2025-ci il tarixli, 2-1(105)-106/2025 saylı qərardadı ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 195/2019 saylı qərarı ləğv edilərək Sumqayıt Regional Ədliyyə İdarəsinin iddia tələbi mümkün sayılmamışdır. Torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarlarının hüquqi qüvvəsi bərpa edildiyindən, hesab edirlər ki, Abşeron rayonunun Qobu Bələdiyyəsi tərəfindən torpağın hasarı sökülməklə törədilmiş qanunsuzluğa görə uğradığı maddi ziyan məbləği bələdiyyə tərəfindən iddiaçılara ödənilməlidir. Məhkəmənin qərarı olmadan və tikilinin sökülməsi barədə hər hansı inzibati akt çıxarılmadan Qobu bələdiyyəsinin torpağa çəkdiyi hasarı özbaşına olaraq sökməsi qanunsuz olmaqla yanaşı maddi cəhətdən də ziyan vurulmasına gətirib çıxarmışdır. Hələ 2022-ci ildə müraciət əsasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin üzvü olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qobu Bələdiyyəsinin mülkiyyətə verdiyi torpaq sahələri perimetri boyunca çəkilmiş hasarın sökülməsi nəticəsində uğradığı ziyanın araşdırılması aparılmış və araşdrıma nəticəsində verilmiş “mütəxəssis rəyi”ndə hasarın sökülməsi nəticəsində dəymiş maddi ziyanın həcminin bazar qiymətləri nəzərə alınmaqla 05 may 2022-ci il tarixinə 4910,0 (dörd min doqquz yüz on) manat olduğu müəyyən edilmişdir. Lakin həmin dövrdə torpaq sahələrinin mülkiyətə verilməsi barədə bələdiyyə qərarları qüvvədə olmadığından, məhkəməyə müraciət emək imkanları da olmamışdır. Hal-hazırda isə bu bələdiyyə qərarlarının hüquqi qüvvəsi bərpa edildiyindən, iddiaçılar Qobu bələdiyyəsinə qarşı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməyi və bələdiyyənin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan məbləğinin ödənilməsini tələb etmək qərarına gəlmişdir.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçıların maddi ziyan məbləğinin ödənilməsi tələbinə dair ərizəsi Abşeron rayon Qobu bələdiyyəsində baxılmış və araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinə dair daş hasarın Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən sökülməsi məsələsi həqiqəti əks etdirmir. Belə ki, bu cür hallar baş verdiyi zaman qanunvericiliyin tələblərinə uyğun olaraq Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən zəbtlə bağlı akt tərtib olunduqdan sonra Polis bölməsinə məlumat verilir və söküntü işlərinin aparılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası cəlb olunmaqla söküntü həyata keçirilir. Eyni zamanda, bildirilir ki, torpaq sahəsinin daş hasarınının kimlər tərəfindən hansı qaydada sökülməsi ilə bağlı Abşeron rayon Qobu bələdiyyəsinin məlumatı yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq maddi ziyan məbləğinin (4910,0 manat) və qiymətləndirici təşkilata ödənmiş (200,0 manat) pulun ödənilməsi tələbinizə imtina verilir.
4. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, həmin torpaq sahəsinə hasarın tikilməsində iştirak edib və bir gün hasarın tikilməsi üçün gəldikdə, hasarın söküldüyünü görmüşdür. Hasarın bələdiyyə tərəfindən söküldüyünü bildirmişdir.
5. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, həmin torpaq sahəsinə hasarın tikilməsində iştirak edib və bir gün hasarın tikilməsi üçün gəldikdə, hasarın söküldüyünü görmüşdür. MMC tərəfindən zəbt edilib və hasar qanunsuz sökülüb.
6. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
8. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
9. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
II. Tətbiq edilən hüquq
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərəryetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq, əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
İV. Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
16. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətlər etməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurması, bu zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.
17. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir.
18. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
19. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir.
20. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
21. Qanunvericiliyin tələbindən də göründüyü kimi fiziki şəxs ona dəymiş ziyanın inzibati orqandan mülki qanunvericilik müddəalarının tələbləri baxımından tələb etmək hüququna malikdir. Lakin həmin zərərin mövcudluğunun təsdiq edilməsi mütləqdir.
22. Bu zaman, real zərərin,əldən çıxmış faydanın konkret məbləğini təsdiq edəcək sənədlərin iddiaçı tərəfindən təqdim edilməsi mütləqdir ki, iddiaçı hal-hazırda torpaq sahəsinin daş hasarının bələdiyyə tərəfindən sökülməsinə istinadən zərərin ödənilməsini istəyir ki, daş hasarın cavabdeh tərəfindən sökülməsi sübut olunmur.
23. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmişdir.
24. İPM-in: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
25. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4-Abbaszadə