Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-631/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil cə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər XDS İK-nın 8.22 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin mərhum həyat yoldaşı-X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhər XDS İK-nın 8.22 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X6 Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı və təhkim aktı əsasında ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının ailə üzvlərinin istifadəsində olmuş, üzərində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı mülkiyyət hüququnun əldə edilməsi üşün müvafiq müraciətlə cavabdeh idarəyə müraciət etdikdə ona imtina cavabı verilmişdir. Müraciətinə verilən cavabda bildirilmişdir ki, təqdim etdiyi təhkim aktında şübhəli məqamlar aşkar olunduğu üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə sorğu ünvanlanmışdır. Məlumat üçün bildirim ki, sorğu əsasında alınan təhkim aktının əsli cinayət tərkibinin olubolmamasının müəyyən olunması üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilmiş, sonradan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan iş üzrə icraata xitam verildiyi, həmin sənədin əsli cinayət işinin materiallarına əlavə edildiyi üçün geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh özü sənədi istintaq orqanına təqdim etsə, nədənsə həmin sənədin geri qaytarılmamasını əsas gətirərək iddiaçının müraciətindən imtina edir. Halbuki, sənəd iddiaçıının deyil, cavabdehin rəsmi məktubu ilə istintaqa təqdim edilmişdir. Bu halda həmin sənədin olmamasını əsas gətirərək hüququn qeydiyyatından imtina edilməsi tam əsassızdır. Sözügedən təhkim aktının hər bir halda surəti cavabdehdə vardır. Bu əsasla o, huququ qeydiyyatı ilə bağlı müracətdən qeyd olunan səbəb göstərilməklə imtina edə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının təqdim etdiyi təhkim aktı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindın 1990-cı ildə deyil, sonradan tərtib edilmişdir. Təhkim aktının əsli həmin idarədən sorğu vasitəsi ilə alınmış, daha sonra əsli araşdırılması üçün Sumqayıt şəhər Prokurorıiğina əqdim edilmişdir. Lakin hazıradək həmin sənəd prokurorluq tərəfindən idarəyə qaytarılmamışdır. Müvafiq araşdırma aparılaraq cinayət işi üzrə icraata xitam verilmiş lakin sənəd qaytarılmadığından iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan : -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 513 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli 8.22 saylı qərarı ilə Sumqayıt şəhəri, 51-ci məhəllədə dərdi yaşayış evinin tikintisi üşün bir sıra vətəndaşlara, o cümlədən X6 4 nəfər ailə üzvü ilə birlikdə 0.03 ha torpaq sahəsi ayrılmışdır. -xx.xx.1990-cı il tarixli aktdan görünür ki, Sumqayıt XDS İK-in 02 nömrəli xx.xx.1990-cı il tarixli qərarına əsasən X4 ayrılmış 300 kv.m torpaq sahəsi ona təhvil verilmişdir. - AZ№ 073332seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki,X8 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. -xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt XDS İK-in 02 nömrəli xx.xx.1990-cı il tarixli qərarına əsasən X4 ayrılmış 300 kv.m torpaq sahəsi ona təhvil verilmişdir. -xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, X4 ayrılmış 300 kv.m torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsinin iki tərəfi daş hasarlaəhatəyə alınmışdır, bir tərəfi qonşu, digər tərəfi yoldur. Torpaq sahəsi üzərində hər hansı dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadə olunur. Torpaq sahəsinin üzərində yerüstü kommunikasiya xətləri keçmir, 0.032 ha zəbt torpaq sahəsi vardır. Bir mərtəbəli tikili vardır. -Sumqayıt şəhər Polis idarəsinin cavabdeh idarəyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 və X1 hər birinə ayrılmış 300 kv m torpaq sahəsi barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinni verdiyi xx.xx.1990-cı il tarixli təhkim aktının əsli cinayət işinin materiallarına əlavı edildiyindən və iş üzrə maddi sübut olduğundan təqdim edilməsi mümkün deyildir. Həmin cnayət işi üzrə icraata xitam verilmişdir. -Sumqayıt şəhər Polis idarəsinin cavabdeh idarəyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 ayrılmış 300 kv m torpaq sahəsi barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi təhkim aktının araşdırılması zamanı hər hansı cinayət faktı müyyən edilməmişdir. -Məhkəmənin sorğsusuna əsasən Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,Sumqayıt şəhər İK-nin xx.xx.1990-cı il tarixli 2saylı protokolundan 8.22 nömrəli qərarın çıxarışı məhkəməyə göndərilmişdir. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin dəlili təhkim aktının əslinin hüquq mühafizə orqanı tərəfindən təqdim edilməməsi və təhkim aktının sonradan tərtib edilməsi ilə bağlı olmuşdur. Cavabdehin nümayəndəsi aktın sonradan tərtib edilməsi ilə bağlı dəlilə belə izah verdi ki, ola bilər ki, aktın üzərindəki möhür latın qrafikası ilə yazıldığından imtinma məktubunda onun sonradan tərtib edilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qurduğu ehtimal nəticəsində iddiaçının hüquqlarının poizulmasına yol verilməməlidir. Sumqayıt şəhər Polis İdarəsinin verdiyi məktubdan da göründüyü kimi fakt üzrə cinayət əməli müəyyən edilməmiş və icraata xitam verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər..... 1.4 rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı mərhum X3 qanun üzrə vərəsəsidir. Yuxarıda qeyd olunan hüquq normasının tələbinə görə iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər XDS İK-nın 8.22 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-631/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-631/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver