Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-632/2025 07.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət aktına düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsi tərəfindən iddiaçının və ailə üzvlərinin adına verilmiş JN 0074, KOD 30705018 saylı dövlət aktında 2.75 hektar torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 3.50 ha göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçının və ailə üzvlərinin adına verilmiş JN 0074, KOD 30705018 saylı dövlət aktında 2.75 hektar torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 3.50 ha göstərilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı Qobustan rayonunun Yekəxana kənd sakini olmaqla X16 Komissiyasının 17 may 1997-ci il tarixli 22 saylı qərarı ilə özü də daxil olmaqla 5 nəfər ailə üzvlərinə hər nəfərə, 0,70 sot olmaqla, cəmi 3,5 ha əkinə yararlı torpaq sahəsi ayrılmış və bu barədə 01 avqust 1997-ci ildə 3,5 ha torpaq sahəsinin ona təhvil verilməsi barədə akt tərtib edilmişdir. Həmin vaxtdan hal-hazıra kimi də torpaq sahəsi istifadəsindədir. Lakin dövlət tərəfindən 25 fevral 2000-ci il tarixdə JN-0074 KOD 30705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilərkən akta 5 nəfərin adı yazılmışdır. Səhvən 3,5 ha əvəzinə 0,70 sot əskikdir. Yəni 2,75 ha torpaq sahəsi göstərilmişdir. 2020-ci ildən torpaq sahəsinə görə verilən subsidiyaları ala bilmir. Bununla əlaqədar torpaq aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. 05 aprel 2023-cü il tarixli **********82 saylı məktubunda bildirilmişdir ki, Qobustan rayonu, Yekəxana kəndi ərazisində yerləşən 0.75 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəyə 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmış, ləğv edilmiş DTXK-nın Qobustan rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində faktiki istifadədə olan 0.75 ha torpaq sahəsinin İslahat zamanı iddiaçının ailəsinə verilməsi barədə hər hansı bır hüquqmüəyyənedici aşkar olunmamışdır. Vaxtilə Respublikamızda aparılan forpaq islahatı ilə əlaqədar mübahisələrin həlli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22 -cı maddəsi ilə tənzimlənirdi. Belə ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərdilər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirdi. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar isianat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasına şikayət edə bilərdilər. Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirdi. Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilərdi. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Qobustan rayonunun Yekəxana kəndi üzrə Yerli aqrar islahat komissiyasının texniki səhvinə görə 0.75 ha torpaq sahəsi xəritəyə işlənməmiş və ləğv edilmiş DTXK-nın Qobustan rayon şöbəsi tərəfindən həmin sahəyə mülkiyyət sənədi tərtib edilməmişdir. Bu məsələnin həlli üçün tərəflərindən vaxtı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi, lakin bunu vaxtında etməmişdirlər. Torpaq sahəsinin iddiaçının ailəsinin adına qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənəd olmadığına görə, ərizənin icrasından Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunur. Bununla əlaqədar 09 iyun 2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsə də həmin vaxt bəzi sənədlərin çatışmamazlığından 23 oktyabr 2023-cü il tarixdə Sumqayıt inzibati məhkəməsinin 2-1(1 18)-3955 saylı qərardadına əsasən sənədləri geri qaytarılmışdır. Hal-hazırda çatışmayan sənədləri əldə etdiyindən pozulmuş hüquqlarının bərpası üçün yenidən məhkəməyə müraciət etmək zərurətindədir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı X3 Ərazi idarəsinə müraciət edərək, Qobustan rayonu, Yekəxana kəndi ərazisində yerləşən faktiki istifadəsində olan, lakin onun ailəsinə məxsus JN-0074, kod 30705018 nömrəli dövlət aktına daxil edilməmiş 0.75 ha torpaq sahəsinə mülkiyyət sənədinin işlənməsini xahiş etmişdir. X1 müraciəti ilə bağlı ləğv edilmiş DTXK-nın Qobustan rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində X1 ailəsinə verilmiş JN-0074, kod 30705018 nömrəli dövlət aktında torpaq sahəsinin ölçüsü 2.75 ha qeyd olunmuşdur, faktiki istifadəsində olan 0.75 ha torpaq sahəsinin İslahat zamanı onun ailəsinə verilməsi barədə hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Qobustan rayonu, Yekəxana kəndi ərazisində yerləşən 0.75 ha torpaq sahəsinə dair iddiaçının əlində hər-hansı hüquqmüəyyənedici sənəd olmadığına görə X1 ərizəsinin icrasından “ Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6, X5, X11, X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 0074, KOD 30705018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3 və onun ailə üzvlərinə Aqrar İslahat Komissiyasının 17 may 1997-ci il tarixli, 22 saylı Qərarı ilə 2.75 ha torpaq sahəsi ayrılmışdır. 01 avqust 1997-ci il tarixli torpaq təhkim aktının surətindən görünür ki, X2 5 nəfə ailə üzvü ilə birlikdə 3.50 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsinin 25 iyul 13-cü il tarixli, 091 saylı arayışında qeyd edilmişdir ki, X3 02 avqust 1996-cı il tarixdə Qobustan rayon Yekəxana kəndində daimi qeydiyyatda olduğundan ona ailə üzvləri ilə birlikdə 3.5 hektar torpaq payı verilməli idi. Lakin onun adına hazırlanmış AN 074 saylı dövlət aktı ilə 2.75 ha torpaq payı verilmişdir. Ona görə də mülkiyyət hüququna dair dövlət aktında onun ailə üzvlərinin pay torpağı 0.75 ha əksik olmaqla qeydiyyat kitabında qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsinin 26 sentyabr 2013-cü il tarixli, 113 saylı məktubunda qeyd edilmişdir ki, 1996-cı il tarixinə Qobustan rayonunun H.Məmmədov adına kolxozunda (Yekəxana kəndi) torpaq islahatı aparılan zamanı adambaşına düşən orta torpaq norması yerli aqrar islahat komissiyası tərəfindən 0.70 hektar müəyyən edilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2013-cü il tarixli 252 saylı arayışında qeyd edilmişdir ki, 1997-ci ildə Qobustan rayon Yekəxana kəndində torpaq islahatı aparılan vaxt adambaşına 0.70 ha olmaqla onun 5 nəfər ailə üzvünə 3.50 ha pay torpağı düşmüşdür. dövlət aktında səhvən 2.75 ha qeyd olunmuşdur. Adgözəlov Zöhrab hal-hazırda 0.75 ha torpaq sahəsindən istifadə edir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 107 saylı arayışında qeyd edilmişdir ki, X3 1997-ci ildə Qobustan rayon Yekəxana kəndində torpaq islahatı aparılan vaxt adambaşına 0.70 ha onun 5 nəfər ailə üzvünə 3.50 ha pay torpağı düşmüşdür. Lakin dövlət aktında səhvən 2.75 ha qeyd olunmuşdur. X3 hal-hazırda 0.75 ha pay torpağından istifadə edir. Qobustan rayon Yekəxana bələdiyyəsinin 09 iyun 2023-cü il tarixli 11 saylı arayışında qeyd edilmişdir ki, 1997-ci ildə Qobustan rayon Yekəxana kəndində torpaq islahatı aparılan vaxt adambaşına 0.70 ha onun 5 nəfər ailə üzvünə 3.50 ha pay torpağı düşmüşdür. Lakin dövlət aktında səhvən 2.75 ha qeyd olunmuşdur. X3 hal-hazırda 0.75 ha pay torpağından istifadə edir. Qobustan rayon Yekəxana bələdiyyəsinin 09 iyun 2023-cü il tarixli 12 saylı arayışında qeyd edilmişdir ki, X3 1997-ci ildən Qobustan rayon Yekəxana kəndi ərazisində islahat vaxtı ona verilmiş 0.75 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil. Hal-hazırda X3 torpaq sahəsindən pay torpağı kimi istifadə edir. Eyni zamanda torpaq sahəsinin vergisini vaxtlı-vaxtında ödəyir. Məhkəmə sorğusuna cavab olaraq X15 filialının 16 aprel 2024-cü il tarixli, 3- 4811F/2-1128-2024 saylı məktubunda qeyd edilmişdir ki, Qobustan rayon və Yekəxana kəndi üzrə yerli aqrar islahat komissiyalarının heç bir sənədi X15 filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 Kadastr və Yerquruluşu Layihə Tədqiqat X10 Cəmiyyətinin 04 iyul 2024-cü il tarixli, 3- 21-3-60/2-1565/2024 saylı məktubu ilə JN 0074 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsi tərəfindən iddiaçının və ailə üzvlərinin adına verilmiş JN 0074, KOD 30705018 saylı dövlət aktında 2.75 hektar torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 3.50 ha göstərilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, X1 müraciəti ilə bağlı ləğv edilmiş DTXK-nın Qobustan rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində X1 ailəsinə verilmiş JN-0074, kod 30705018 nömrəli dövlət aktında torpaq sahəsinin ölçüsü 2.75 ha qeyd olunmuşdur, faktiki istifadəsində olan 0.75 ha torpaq sahəsinin İslahat zamanı onun ailəsinə verilməsi barədə hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1997-ci ildə Qobustan rayon Yekəxana kəndində torpaq islahatı aparılan vaxt adambaşına 0.70 ha olmaqla onun 5 nəfər ailə üzvünə 3.50 ha pay torpağı düşmüşdür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 Kadastr və Yerquruluşu Layihə Tədqiqat X10 Cəmiyyətinin 04 iyul 2024-cü il tarixli, 3- 21-3-60/2-1565/2024 saylı məktubu ilə JN 0074 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Qobustan rayon Aqrar İslahat Komissiyasının 17 may 1997-ci il tarixli iclasının 22№li protokolundan çıxarışa əsasən H.Məmmədov adına kolxozun əhatə etdiyi Yexəkana kəndində torpaq payı alacaq təsərrüfatlarının sayının 184, torpaq payı alcaq subyektlərin sayının 816 nəfər,əlavə torpaq payı alanların sayının 6 nəfər, hər nəfərə düşən torpaq payı sahəsinin 0,70 hektar olmasına dair H.Məmmədov adına təsərrüfat yerli aqrar islahatı komissiyasının qərarı təsdiq edilmiş, H.Məmmədov adına kolxoz yerli aqrar islahatı komissiyasına həmin qərara münasib olaraq torpaq payının verilməsi üçün qısa vaxtda püşkatma işinin təşkili tapşırılmışdır. Qobustan rayonu H.Məmmədov adına kənd təsərrüfatı istehsal kooperativi təsərrüfatının Yekəxana kəndi üzrə icra hakimiyyəti nümayəndəliyinin Yekəxana kəndində pasport qeydiyyatında olan və yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahısında 77 nömrə ilə ailə üzvlərinin sayında X3, X6, X7, X5 və X4 qeyd edilmişdir. H.Məmmədov adına təsərrüfatda Yekəxana kəndi üzrə hər bir ailəyə düşən torpaq payının püşkatma yolu ilə müəyyənləşdirilməsi cədvəlində X2 3.50 ha torpaq sahəsi ayrıldığını qeyd edilmişdir. Bundan əlavə, iş materiallarından və cavabdeh inzibati orqanın 07 noyabr 2023-cü il tarixli, **********81 №li imtina məktubundan müəyyən edilir ki, Dövlət Aktında qeyd edilməyən 0.75 ha torpaq sahəsi də iddiaçının faktiki istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsi tərəfindən iddiaçının və ailə üzvlərinin adına verilmiş JN 0074, KOD 30705018 saylı dövlət aktında 2.75 hektar torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 3.50 ha göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-632/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-632/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver