Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-633/2023 09.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar islahat komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı əsasında X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-210 saylı 41011018 kodlu şəhadətnamənin və xx.xx.2021-ci il tarixli 760 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayon Aqrar islahat komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı əsasında X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-210 saylı 41011018 kodlu şəhadətnamənin və xx.xx.2021-ci il tarixli 760 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X6 1991-ci ildə Şamaxı rayonu Nağaraxana, keçmiş Kirovka kəndində fərdi yaşayış evi almışdır. Anası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar qardaşı X1 Respublikasında olmuşdur. Anası vəfat etdikdən sonra da həmin ev yay vaxtlarında istirahət etmək məqsədilə bütün vərəsələr tərəfindən istifadə olunmuşdur. Evin texniki pasportu olmuş, lakin dövlət qeydiyyatına alınmamışdır. Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxıstanda yaşamış və Qazaxıstan vətəndaşı olmuş qardaşı X5 adına keçirilmiş, onun adına JN-210 saylı 41011018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş, evin texniki pasportunda analarının adının üstündən xətt çəkilərək qardaşı Ağasənin adı qeyd olunmuşdur. Onlar bu sənədin hansı qaydada aparılmasını müəyyənləşdirmək məqsədilə Arxivə, Nağaraxana icra nümayəndəliyinə, DƏDRX-nə, Daşınmaz Əmlakın kadstrı və reyestri xidməti "xxxx" MMCyə sorğular vermişdir. İcra nümayəndəliyi və Arxiv İdarəsi sənədlərin onlarda olmadığını bildirərək, onlara sənəd təqdim etməmişdir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi müəyyən məlumatları özündə əks etdirən arayış vermişdir. Daşınmaz Əmlakın kadastrı və ünvan reyestri xidməti "xxxx" MMC isə ümumiyyətlə cavab verməkdən imtina etmişdir. Bu səbəbdən onlar anasının adına verilmiş torpaq sahəsinin və evin qardaşı X5 adına hansı qaydada keçirilməsini müəyyənləşdirə bilməmişdirlər. Lakin İcra nümayəndəliyinin onlara göndərdiyi arayışdan görünür ki, bu sənədləşmə tamamilə saxta yolla aparılmışdır. Torpağın, evin anaları Sənubərin adına olması mübahisə mövzusu deyil. Çünki icra nümayəndəsinin verdiyi əmrin surətindən torpağın anası Sənubərin adına olması müəyyən olunur. Sorğulararına verilən 211 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, torpaq sahəsi anasının vəfatından sonra qardaşının müraciətinə əsasən onun məlum olan yeganə vərəsəsi kimi Ağasənin adına keçirilmişdir. Əmrin saxtalığı elə burdan görünür, əgər anası xx.xx.2000-ci il tarixdə vəfat etmişsə, əmr tarixdə necə verilə bilərdi. İkinci olaraq ümumiyyətlə belə bir əmri verməyə icra nümayəndəsinin səlahiyyəti olmamışdır. Bunun üçün torpaq ev alqı-satqı olunmalı və ya bağışlanmalı idi və ev Ağasənin adına qeydə alınandan sonra torpaq sahəsi də ona istifadə hüquqları əsasında verilməli idi. Bunlar isə hamısı notarial orqanında həll olunmalı məsələlərdir. DƏDR-də hər hansı müqavilənin olması aşkarlanmamışdır. Bütün bu sənədlər anasının ölümündən sonra hazırlanıb, saxta yolla hazırlanaraq əvvəlki tarixlərə qeyd olunmuşdur. O, İcra nümayəndəsinin sözügedən əmrinin ləğv olunması ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış, iddia təmin olunmuşdur. İş məhkəmədə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq DƏDRX rəsmi olaraq cavab vermişdir ki, X5 adına dövlət qeydiyyatına alınmış hər hansı bir əmlak yoxdur. Bu səbəbdən onlar iddiada dəyişiklik edərək, yalnız Nağaraxana icra nümayəndəliyinin 04 mart 1995-ci il tarixli 04 saylı əmrinin ləğv olunmasına dair iddia tələbi vermişdirlər. Məhkəmə qətnaməsindən sonra çıxarış almaq üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərkən ona tamamilə ziddiyyətli bir imtina məktubu verilmişdir ki, Nağaraxana icra nümayəndəliyinin 04 mart 1995-ci il tarixli 04 saylı torpaq sahəsi X5 adına keçirilmiş, bunun əsasında xx.xx.2021-ci il tarixdə həmin torpaqda yerləşən fərdi yaşayış evinə X5 adına 760 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda texniki pasportda düzəliş edilərək X5 adı qeyd olunmuşdur. İşdən görünür ki, bu qeydiyyat ilkin sənəd kimi Nağaraxana icra nümayəndəliyinin 04 mart 1995-ci il tarixli 04 saylı sərəncamı əsasında aparılmışdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı isə ümumi xarakterli qərardır. Həmin qərarda Nağaraxana kəndində vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi qeyd olunmuşdur. Hazırda Nağaraxana icra nümayəndəliyinin 04 mart 1995-ci il tarixli 04 saylı əmri etibarsız hesab olunduğu üçün Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarının X3 şamil olunması öz əhəmiyyətini itirir. Odur ki, bunun əsasında X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-210 saylı 41011018 kodlu şəhadətnamə etibarsız hesab edilməlidir. Həmin torpaq üzərində olan evin texniki pasportunda heç bir qanuni əsas olmadan dəyişiklik aparılaraq texniki pasportda heç bir qanuni əsas olmadan dəyişiklik aparılaraq texniki pasporta X5 adını qeyd edərək bunun əsasında ona həmin evə dair qeydiyyat vəsiqəsinin verilməsi vərəsəlik haqqında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu yolla verilmiş qeydiyyat vəsiqəsi də etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normanın tələblərinə uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan Şamaxı rayonunun Nağaraxana kəndində 0.24 ha həyətyanı torpaq sahəsində yerləşən mənzilə dair mərhum anası X2 adına texniki pasportun tərtib edildiyini qeyd etmişdir. Anasının ölümündən sonra Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kəndi (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri ilə həmin torpaq sahəsinin X2 adından X5 adına keçirilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı həmin qərarı Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirmiş və məhkəmənin 12 may 2022ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keşmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin ləğv edilməsi qərara alınmışdır. İddiaçı bundan sonra mərhum anasının adına sözügedən mənzilə çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh həmin mənzilə dair X5 adına qeydiyyat vəsiqəsinin olmasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı sözügedən qeydiyyat vəsiqəsinin və şəhadətnamənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı, anasının vəfatından sonra sonunucunun istifadəsində və sahibliyində olan yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınmasına nail olmaq istəyir. Lakin o, hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarından iddiaçının anasının qanun və ya vəsiyyət üzrə vərəsəsi olması müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı notariat orqanına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Şamaxı regional "Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinin iddiaçıya ünvanladığı 11 aprel tarixli məktubunda İddiaçı xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2 qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsini və əmlakın hüquqmüəyyənedici sənədləri təqdim etmədiyini nəzərə alaraq, vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə Şamaxı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə olunmuş, lakin iddiaçı tərəfindən həmin iddia ilə məhkəməyə müraciət olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsin və fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar islahat komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı əsasında X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-210 saylı 41011018 kodlu şəhadətnamənin və xx.xx.2021-ci il tarixli 760 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-633/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-633/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver