Məhkəmə qərarları › İş №2-1(118)-633/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-633/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-633/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 oktyabr 2017-ci il tarixli, 1769 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xətai RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət keçərkən 15 yanvar 2007-ci il tarixdə posta gedərkən avtoqəza nəticəsində aldığı və 15 yanvar 2007-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu travmadiaqnoz “Təpə, sol qaş nahiyyəsinin çapılmış sol bilək və saidin, sol diz oynağı nahiyyəsinin sıyrılmış yaraları” (Azərbaycan Respublkası SHXÇDX-nin Şamaxı rayon şöbəsinin 16 mart 2017-ci il tarixli, 117 nömrəli göndərişi, 16 mart 2017-ci il tarixli, 117 nömrəli arayışı, N nömrəli hərbi hissənin N nömrəli, N yanvar 2007-ci il tarixli zədələnmələr kitabının 29-cu səhifəsindən çıxarışlar, N nömrəli hərbi hissə komandirinin travmanın alınma şəraiti haqqında 15 yanvar 2017-ci il tarixli, 85 nömrəli arayışı, vətəndaşın ərizəsi, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir) “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və hərbi xidmət dövründə aldığı, 14 oktyabr 2011-ci il tarixdə SQ Baş Klinik Hospitalı poliklinika şöbəsinin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik – diaqnoz “İV(dördüncü) dərəcəli alimentar konstitusional piylənmə BÇİ-43,1 Qara ciyərin piy distrofiyası, funksiyanın pozulmaması ilə. Hipertoniya xəstəliyi l (birinci) mərhələ. Xroniki allergik konyuktivit. Çənənin ikincili adentiyası” (14 oktyabr 2011-ci il tarixli, 2297 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı 27 dekabr 2017-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi, “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya, koordinatorstatik pozğunluqlar. Digər neqativ pozuntular, Kəskin asteno-nevrotik sindrom. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Qaraciyərin piy distrofiyası, funksiyanın pozulması ilə piylənmə, İV dərəcəli konstitusional piylənmə” diaqnoz ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı 15 noyabr 2023-cü il tarixdə müayinədən keçmiş, nəticədə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator Kitabçadan” çıxarışlar

5. 14 oktyabr 2011-ci il tarixli Xəstəlik haqqında şəhadətnamə.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərin bərpa mərkəzi 618 nömrəli xəstəlik tarixindən çıxarış.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 196 nömrəli “X4”ndan çıxarış.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 12 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17894/2023 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 15 noyabr 2023-cü il tarixli, xxxxxxx0011 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 yanvar 2024-cü il tarixli, 3-17-1/2-6-3176/2024 nömrəli arayışından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiaiı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən 25 yanvar 2012-ci il tarixdən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və əlillik dərəcəsinin müddətinin 27 dekabr 2022-ci il tarixdən bitməsi ilə əlaqədar ona pensiya ödənişi N yanvar 2023-cü il tarixdən dayandırılmışdır (sonuncu aylıq pensiya məbləği 964,88 manat).

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, 15 noyabr 2023-cü il tarixli, E00143729KUV nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və 2-ci dərəcə müddətsiz “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1977-ci il tarixdə Azərbaycan Respublikası, Şamaxı rayonunda anadan olmuşdur. 1995-ci ildən 2011-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə cəbhə bölgəsində zabit kimi kapitan hərbi rütbəsində xidmət elmişdir. Silahlı Qüvvələrdə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almışdır, 2-ci qrup hərbi əlildir. Qeyd edilir ki, hərbi xidmətdə aldığı xəsarət və xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edilmişdir, iddiaçıya “Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” xəstəlik qərarı verilmişdir. 25 yanvar 2012-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (10 ildən çox) iddiaçıya əlillik təyin edilmişdir. Lakin qanuna müvafiq olaraq fasiləsiz 10 ildən çox əlil olduğuna baxmayaraq cavabdeh tərəfindən sosial və əlil hüquqları kobud şəkildə pozularaq müddətsiz əlillik təyin edilməmişdir. Əlillik müddəti bitəndən sonra bir neçə dəfə tibb müəssisəsinın göndərişi cavabdehə göndərilib, sonuncu dəfə 15 noyabr 2023-cü il tarixdə iddiaçı tibb müəssisəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərildi, lakin cavabdeh müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etməsi haqqında məlumatı olmuşdur. Cavabdehin iddiaçıya əlillik təyinatından imtina etməsin əsassız və qanunsuz hesab edir, belə ki, iddiaçı 10 ildən çox hərbi əlildir və hərbi xidmətdə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdəndə hesab edir kı, cavabdeh tərəfindən 15 noyabr 2023-cü il tarixdə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 2-ci dərəcə müddətsiz Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik təyin edilməlidir. Ali Məhkəmənin 2-1(102)-1906/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli, 2-1(102)- 1944/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli, 18 may 2022-ci il tarixli və 2-1(102)-1053/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli analoji Qərarların (ekspertiza keçirilmədən (onun barəsində ekspertiza keçirilməsinə bir mənalı olaraq etiraz edir) əlilliyin təyin edilməsi) nəzərə alaraq iddia ərizəsini təmin edilməsini xahiş etmişdir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur, hesab edir ki, cavabdehin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də cavabdeh tərəfindən onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək, məhkəməyə müraciət etmək məcburiyyətindədir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 24, 57, 60, 61, 147, 149-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi qaydası”nın təsdiq edilməsi haqqında Qərarın 3-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəmənin 2- 1(102)-1906/2022, 2-1(102)-1944/2022, 2-1(102)-1012/2022, 2-1(102)-1053/2022 nömrəli qərarlarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33-cü maddələrinə istinad olunmuşdur.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-633/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmitəcrübi və Tədris birliyinin ekspertlərinə tapşırılmışdır.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər sakini xx xxx 1977-ci il təvəllüdlü iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 16 oktyabr 2017-ci il tarixli, 1769 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Təpə, sol qaş nahiyəsinin çapılmış, sol bilək və saidin, sol diz oynağı nahiyəsinin sıyrılmış yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “İV (dördüncü) dərəcəli alimentar konstitusional piylənmə. BÇl-43.1. Qara ciyərin piy distrofiyası, funksiyanın pozulmaması ilə. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Xroniki allergik konyuktivit. Çənənin İİ (ikincili) adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında ~4 ildir başla bağlı şikayətlərinin başladığını, xəstəliyi səbəbindən ailəsi ilə münasibətinin pisləşdiyini bildirmiş, baş-beynin instrumental müayinəsindən (MRT) keçdiyini, lakin çəkisinin çox olması səbəbi ilə müayinənin düzgün keçirilmədiyini, burun çəpər əyriliyi səbəbi ilə ürəklə bağlı narahatlıqlarının olduğunu qeyd etmişdir. Müayinə zamanı sol saidin orta 1/3-də, sol diz və təpə nahiyəsində çapıq toxumalar izlənilmiş, hərəkətlər sərbəst və ağrısız olmuş, aşağı ətraflarda ödem müşahidə edilmiş, çəkisi 145 kq, boyu 176 sm, BKİ 46.7, arterial təzyiqi 160/100 mm.c.st müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 17 yanvar 2023-cü il tarixli, 912 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş (2007) qapalı kəllə beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Epilepsiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 659 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar fikirləri ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 17 mart 2023-cü il tarixli, 1765/23 nömrəli çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar və intihar fikirləri ilə. Koqnitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 19 iyul 2022-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “EEQ-fon yazısında a ritm tezliyi saniyədə 7-8 hrs azalıbdır, amplituda 25-30 mkV yüksəlibdir. Bütün konveks boyu β-paroksizmal oyanıqlıq fonunda tək-tək Δ dalğalar spayk və pik dalğalarla əvəzlənir. Aın-gicgah paylarında reo dalğalar üstünlük təşkil edir. Bas-beyin diensefal strukturların disfunksiyası, posttravmatik və dissirkulyator ensefalopatiya əlamətləri, kəllə daxili hipertenziya, vertebro bazilyar çatmamazlıq, beyin qabığının hipoksiyası, vegeto-damar paroksizmal oyanıqlıdı, verilən afferent qıcıqlara qarsı yüksək həssaslığı izlənilir. Epi gapı qıcıqlıdır” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da 25 sentyabr 2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta cüzi genişlənib (3.5 sm). Sol qulaqcıq genişlənib (4.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-01%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hərbi qərarda qeyd olunmuş “İV (dördüncü) dərəcəli alimentar konstitusional piylənmə. BÇİ-43.1. diaqnozu əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir.

18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. İstər məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda, istərsə də məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında iddia tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

34. İddia tələbinin əsaslarına görə, iddiaçı 10 ildən çox hərbi əlildir və hərbi xidmətdə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdəndə hesab edir kı, cavabdeh tərəfindən 15 noyabr 2023-cü il tarixdə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 2-ci dərəcə müddətsiz Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik təyin edilməlidir.

35. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında təxmini 4 ildir başla bağlı şikayətlərinin başladığını, xəstəliyi səbəbindən ailəsi ilə münasibətinin pisləşdiyini bildirmiş, baş-beynin instrumental müayinəsindən (MRT) keçdiyini, lakin çəkisinin çox olması səbəbi ilə müayinənin düzgün keçirilmədiyini, burun çəpər əyriliyi səbəbi ilə ürəklə bağlı narahatlıqlarının olduğunu qeyd etmişdir. Müayinə zamanı sol saidin orta 1/3-də, sol diz və təpə nahiyəsində çapıq toxumalar izlənilmiş, hərəkətlər sərbəst və ağrısız olmuş, aşağı ətraflarda ödem müşahidə edilmiş, çəkisi 145 kq, boyu 176 sm, BKİ 46.7, arterial təzyiqi 160/100 mm.c.st müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Hərbi qərarda qeyd olunmuş “İV (dördüncü) dərəcəli alimentar konstitusional piylənmə. BÇİ-43.1. diaqnozu əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir.

36. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının hərbi xidmət keçərkən 15 yanvar 2007-ci il tarixdə posta gedərkən avtoqəza nəticəsində aldığı və 15 yanvar 2007-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu travmadiaqnoz “Təpə, sol qaş nahiyyəsinin çapılmış sol bilək və saidin, sol diz oynağı nahiyyəsinin sıyrılmış yaraları”, “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və hərbi xidmət dövründə aldığı, 14 oktyabr 2011-ci il tarixdə SQ Baş Klinik Hospitalı poliklinika şöbəsinin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik – diaqnoz “İV(dördüncü) dərəcəli alimentar konstitusional piylənmə BÇİ-43,1 Qara ciyərin piy distrofiyası, funksiyanın pozulmaması ilə. Hipertoniya xəstəliyi l (birinci) mərhələ. Xroniki allergik konyuktivit. Çənənin ikincili adentiyası”, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 12 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17894/2023 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə, daha sonra isə Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 15 noyabr 2023-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 29 aprel 2025-ci il tarixli, 267 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının tibbi sənədlərinə əsasən o, “X9” publik hüquqi şəxsində 18 mart - 30 mart 2025-ci il tarixlərdə “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə), vertebrobazilyar çatışmamazlıq, gərgin tipli başağrıları, kəllədaxili hipertenziya, hipertoniya xəstəliyi İİİ dərəcə, üzvi mənşəli şəxsiyyət pozuntusu intihar cəhdləri ilə-G93; T90.5; S06.2; G40.3; G44.2; G90; İ10, F70.0” klinik diaqnozu ilə stasionar müalicədə olmuşdur. Qeyd edilən diaqnoz anamnestik, klinik və laborator instrumental müayinələr əsasında müəyyən edilmişdir. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Şamaxı rayon mərkəzi xəstəxanası”ndan Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş 31 oktyabr 2023-cü il tarixli, E00143729KUV nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: T90.5kəllədaxili travmaların nəticələri, keçirilmiş (2007) qapalı kəllə-beyin travmasının qalıqları” və onun ağırlamalarına hazırda da rast gəlindi, belə ki, o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir.

38. “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

39. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya 25 yanvar 2012-ci il tarixdə 1 il, 29 yanvar 2014-cü il tarixdə 1 il, 4 fevral 2015-ci il tarixdə 1 il, 2 fevral 2016-cı il tarixdə 5 il, 27 dekabr 2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Odur ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır.

40. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

41. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 15 noyabr 2023-cü il tarixdən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının pozulmasının 61-80 faizinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar