Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-634/2021 26.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu iddiaçı Şiraliyev Zöhrab Mecid oğlunun cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə iddiaçıya doğum haqqında müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şiraliyev Zöhrab Mecid oğlu Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə iddiaçıya doğum haqqında müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxx 1956-cı il tarixdə Şamaxı rayonunun Şamaxı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığından o, şəxsiyyət vəsiqəsini ala bilmir. Buna görə də ərizə ilə Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin sonuncu ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından ona təkrar doğum haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə verirlər. Bu Məcəllənin 160.1-ci maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və cna dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 22 və 12-ci bəndlərində qeyd olunur ki, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsindən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.2 -ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr baxırlar. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin, iddiaçının ünvanı tam qeyd edilməmiş, iddia ərizəsində başqa əlaqə vasitəsi göstərilməmiş bu səbəbdən də iddiaçıya hüquqi yardım edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun verilsəydi belə iddianın inzibati məhkəmə icraatında uğurluluq ehtimalı yoxdur. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə iddiaçıya doğum haqqında müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasını istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmçinin 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin hazırki işdə iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün inzibati orqana şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın hərəkətlərində hərhansı qanunsuzluq olmamışdır. Belə ki, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək imkanı vardır, hansıkı inzibati orqan öz imtinasında bunu iddiaçıya izah etmişdir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etmək əvəzinə inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-634/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-634/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver