Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-636/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, 3-cü şəxsi nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işdən azad olmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 may 2004–cü il tarixli, 021 rt saylı Əmrinin ləğv edilməsi və polkovnik hərbi rütbəsinin bərpa edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-2005-ci illərdə AR Müdafiə Nazirliyində zabit qismində xidmət keçmişdir. AR Müdafiə Nazirinin 0151/rt №-li, 30.12.2003-cü il tarixli əmri ilə iddiaçıya “polkovnik” hərbi rütbəsi verilmişdir. AR Müdafiə Nazirinin 021/rt №-li, 20.05.2004-cü il tarixli əmri ilə intizam cəzası qaydasında “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq idiaçının “polkovnik” hərbi rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. AR Müdafiə Nazirinin 19.06.2005-ci il tarixli əmri ilə ehtiyata buraxılmış və hazırda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində hərbi qeydiyyatdadır. Hərbi rütbənin bərpa olunması üçün iddiaçı 19.07.2019cu il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Bu ərizəyə cavab olaraq AR Müdafiə Nazirliyindən l/Q-9376 №-li, 08.07.2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, hərbi qulluqçunun hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar AR Səfərbərlik və HXÇ üzrə DX tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra Hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Bundan sonra iddiaçı AR Səfərbərlik və HXÇ üzrə DX-nə müraciət edərək “polkovnik” hərbi rütbəsinin bərpa olunması üçün müvafiq təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsini xahiş etmişdir. AR Səfərbərlik və HXÇ üzrə DX N/2954 №-li, 21.09.2020-ci il tarixli məktubla müvafiq təqdimatın Respublikası Müdafiə Nazirliyinə göndərilməsini bildirmişdir. Lakin AR Səfərbərlik və HXÇ üzrə DX N/3201 №-li, 13.10.2020-ci il tarixli məktubla müvafiq təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyində baxıldığını, lakin müsbət qərar qəbul edilmədiyini bildirmişdir. Hərbi rütbənin bərpa olunmamasının səbəbləri barədə məlumat verilməsi və təqdimat üzrə qəbul edilmiş qərarın surətini iddiaçının ünvanına göndərilməsi xahişi ilə o, 07.11.2020-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabsız və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq, polkovnik hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində “polkovnik" hərbi rütbəsində bərpa edilməsinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin təqdimatına əsaslanaraq, əsassız olaraq onun barəsində “polkovnik” rütbəsinin “polkovnikleytenant" hərbi rütbəsinə qədər aşağı salınması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 20.05.2004-cü il tarixli 021 rt nömrəli əmrin ləğv edilməsini tələb etmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı hərbi xidmət dövründə yol verdiyi ciddi qanun pozuntuları ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 19.05.2004-cü il tarixli 066 nömrəli əmr əsasında Müdafiə nazirinin 20.05.2004-cü il tarixli 021 rt nömrəli əmri verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 20.05.2004-cü il tarixli 021 rt nömrəli əmri N nömrəli hərbi hissədə komandanlıq etdiyi vaxtda vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin mülki müdafiə kurslarının təlim hissəsinin rəisi-mülki müdafiə kursları rəisinin müavini polkovnik İddiaçı rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 №-li Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsi"nin V fəsilin ({Təkliflər, ərizələr və şikayətlər haqqında) 108-ci, 109-cu və 117-ci maddələrinə əsasən hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər. Şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir. Komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) üç gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci (Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası) maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.4-cü (Təklif, ərizə və şikayət hüququ) maddəsinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 27-ci fəslin 298-ci maddəsi ilə tənzimlənir. Münasibətlərin yarandığı zaman qüvvədə olan 298-ci maddəsinə əsasən (Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət) şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı onun 2004-cü ildən hərbi rütbəsinin aşağı salınmasından xəbəri olmuş, pozulmuş hesab etdiyi hüququn bərpası ilə məhkəməyə müraciət etməmişdir. 2011-ci ilə qədər iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etmək üçün 7 ildən artıq vaxtı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəlləsinin onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qanunvericiliyin tələblərinə görə iddiaçı, hərbi rütbəsinin bir pillə aşağı endirdirilməsini qanunsuz hesab edirdisə müvafiq raportu komanda üzrə verməli idi. Məhz həmin raport və ya şikayət üzrə qərar qəbul edilmədiyi təqdirdə məhkəmədə iddianı qaldıra bilərdi. İddiaçı müraciətin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək və özündən asılı olan zəruri tədbirlər görmək əvəzinə Müdafiə Nazirliyinin qanuni əsaslarla qəbul edilmiş qərarı mübahisələndirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qeyd olunan inzibati aktı qanuni əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi üçün əsaslar yoxdur. Həmçinin, iddia tələbi verilərkən inzibati icraatda iddianın mümkünlük şərtlərindən olan prosessual müddətlər şərti ödənilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Belə ki, iddianın inzibati orqan yəni, hazırkı vəziyyətdə Müdafiə Nazirliyinə müraciəti 07.11.2020-ci il tarixdə olduğundan iddiaçının 16 il sonra məhkəməyə müraciəti iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. Belə olan halda iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. Tələbin "rütbənin bərpa edilməsi” hissəsini də əsassızdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin təqdimatının 2-ci bəndinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən “polkovnik” hərbi rütbəsinin bərpası üçün təqdim olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyriqanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. İddiaçı haqqında hər hansı qeyriqanuni hərəkətlər edilməmiş, barəsində qanuni əlverişsiz inzibati akt qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. İddiaçı barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində tərtib edilmiş təqdimata baxılmış, sənəddə göstərilən əsaslar mövcud qanunvericiliyin tələblərinə görə iddiaçının hərbi rütbəsinin bərpası üçün hüquq yaratmaması müəyyən edilmiş, məsələ ilə bağlı müsbət qərar qəbul edilməmişdir. Qeyd olunanlar barədə təqdimat göndərən orqan məlumatlandırılmışdır. İddiaçının Azərbaycan Respublikası Müdifiə nazirinin 20.05.2004-cü il tarixli 021 rt nömrəli əmrinin ləğv edilməsinə və “polkovnik” hərbi rütbəsində bərpa edilməsinə dair tələbi qanunsuz, mümkünsüz sayılmaqla təmin olunmadan saxlanılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08.05.2021-ci ildə keçirilən şifahi baxışı iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə 3-cü şəxs olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 izahat verərək, bildirmişdir ki, İddiaçı müraciəti və təqdim etdiyi sənədlər əsasında Müdafiə Nazirliyinə rütbənin bərpa edilməsi ilə bağlı təqdimat göndərilmiş və bu barədə İddiaçı məlumat verilmişdir. Hərbi rütbənin bərpa edilməsinin kriteriaları konkret mövcud deyil və analoji məsələlərə “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 181-ci maddəsinə əsasən baxılır. İş materillarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ZE ******* saylı hərbi biletinin surəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 21.09.2020-ci il tarixli 2954 saylı İddiaçı ünvanladığı məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16.04.2021-ci il tarixli, 11/1664 saylı etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi birinci hissədə mümükn sayılmamalı, 2-ci hissədə isə təmin edilməməlidir. Belə ki, iddia 2-ci hissədə mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı bir sıra hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş və 19.06.2005-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi rütbəsi polkovnik rütbəsindən polkovnik-leytenant hərbi rütbəsinə endirilmişdir. Məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 021/rt,20.05.2004-cü il tarixli əmri ilə İddiaçı “polkovnik” hərbi rütbəsi “polkovnik-leytenat” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmış və o, 19.06.2005-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. 08.09.2019-cu ildə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə istinad edərək, hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və 21.09.2020-ci ildə onun müraciəti əsasında Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidməti tərəfindən təqdimat Müdafiə Nazirliyinə göndərilmişdir. Qeyd olunan təqdimatın və ona əlavə edilmiş sənədlərin Müdafiə Nazirliyinə göndərilməsinə baxmayaraq Xasay Nəsibovun hərbi rütbəsi bərpa olunmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 -159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Həmin əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən aşağıdakı hallarda ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə-ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Qanunun 158-ci maddəsinə əsasən törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. Əsanamənin 181-ci maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, zabitlərin rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər. Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun xidmətdə yol verdiyi ciddi qanun pozuntusu ilə əlaqədardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmənin qənaətinə görə inizbati orqanın «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə əsasən diskression səlahiyyəti olduğuna və Əsanamənin 184-cü maddəsində 3 il keçdikdən sonra hərbi rütbənin bərpası ilə bağlı kriterialar müəyyən edilmədiyinə görə hesab olunur ki, inzibati orqanın üzərinə İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən iddiaçının rütbəsinin bərpası ilə bağlı öhdəliyin qoyulması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “polkovnik hərbi rütbəsinin bərpa edilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-636/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-636/2021
08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver