Məhkəmə qərarları › İş №2-1(118)-638/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-638/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-638/2025 18.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xəstəliyinə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona xəstəliyinə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsini istəyir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı 2020-ci il 29 sentyabr Vətən müharibəsi başlayarkən könülü olaraq ordu sıralarına qatılmışdır. Füzuli istiqamətində gedən ağır döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artirelya atəşi nəticəsində "Barotrama" xəsarət alaraq hosbitala təxliyə olunmuşdur. Psixoloji F43.1 F 06.6 F0.72 F06.05 xəstəliklərdən müalicə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyiunin 33 nömrəli Şəhər Poliklinikasının Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin ZOO123540ANT saylı göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əsassız səbəblərdən imtina qərarı verilmişdir. İmtina barədə qərar iddiaçı Süleymanov X3 xx.xx.2023 -cü il tarixində səhiyyə müəsissəsinin rəhbərliyi tərəfindən təsdiq edilərək verilmişdir. Tibbi- Sosial Ekspert Komissiyasının imtinaları, o cümlədən sonuncu imtinası əsasız və qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7675 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. Sefalqik sindrom" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün miopiyası M 1.0D nəticəsində görmə itiliyinin saqda 0,3-ə qədər azalması, korreksiya ilə 0,7, solda 0,1-ə qədər azalması korreksiya etmir. İkitərəfli eksternal böyrək ləyəni, funksiyanın pozulmaması ilə. 35-ci dişin kökü. 37, 46-cı dişlərin olmaması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 17.11,2022-ci il tarixli 10860 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (barotravma) emosionallabil pozuntu. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 13087/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) emosional-labil pozuntu. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, funksional tutmalarla (ayda 9 dəfə)" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10068830 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluq. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 99 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (barotravma) dissosiativpozuntu, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 9 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3242/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) dissosiativ pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 9 dəfə)” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, sol gözün zəif görməsindən şikayətlənmişdir. Ünsiyyət zamanı sualları həvəssiz cavablandırmış, zahirən həyəcanlı, əhvalının dəyişkən olması izlənilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ-konversion pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş,etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 823 nömrəli travma haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “barotravma” diaqnozu ilə xəasrət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. 7675 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, İddiaçı SHXÇDXnin Qobustan rayon idarəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2020xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı “Barotravma” xəsarətini almış, aldığı xəsarətlə əlaqədar xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-03.06.202-ci il tarixdə SN 2 saylı X1, xx.xx.2022-ci il tarixdə MN МНР-da müayinə və müalicədə olmuşdur. Hərbi Həkim Komissiyasının qərarına əsasən 'Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə “Postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. Hər iki gözün miopiyası M1.0D nəticəsində görmə itiliyinin sağda 0.3-ə qədər azalma korreksiya 0,7, solda 0,1-ə qədər azalması korreksiya etmir” diaqnozları təyin edilmiş, “xəstəliklər cədvəlinin” 14b, 17b maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 459 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmiş "M.P.Z. Barotravma” diaqnozu qoyulmuş və müvafiq yardım göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 5794 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d., prof Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona “Postkommosion sindrom. Posttravmatik stress pozuntusu depressiv əlamətlərlə” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 10860 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d., prof Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona “Üzvi (barotravma) emosional labil pozuntu. Posttravmatik stress pozuntusu depressiv əlamətlərlə” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim psixiatr komissiyasının 99 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən Respublika Psixiatrıya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (barotravma) dissosiativ pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla ayda 9 dəfə)”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixlərindən çıxarışlardan məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Üzvi (barotravma) dissosiativ pozuntu, tez- tez təkrarlanan funksional tutmalarla ayda 9 dəfə)” diaqnozu təyin edilmişdir. Akad. Mirqasımov adına “Respublika Klinik Xəstəxanası” PHŞ-nin 824 nömrəli məsləhət vərəqəsindən məlum olur ki, İddiaçı müayinədə olmuş və ona “Postkommosion sindrom. Posttravmatik stress pozuntusu. Depressiv epizodlarla” diaqnozu təyin edilmiş və yaşayış yeri üzrə müayinə və müalicə üçün göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 18 fevral 2025-ci il tarixli 525 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu, anamnezində intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6 və F43.1) müəyyən edilir. xx.xx.2023-cü il tarixli Z00123540ANF forma-88 arayışından görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı diaqnoz-əsas diaqnoz F06.5 (üzvi dissosiativ pozuntu, üzvi dissosiativ (barotravma) pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 9 dəfə), yanaşı xəstəlik H52.0-hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya Hm 1.0 olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 184№li məktubunda İddiaçı xx.xx.2023-cü il tarixdə əlillik dərəcəsinin təyin edilməsi üçün sənədlərin Tibbi Sosial Ekspert Komissiyasına göndərildiyi, diaqnoz: “üzvi (barotravma) dissosiativ pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 9 dəfə)”, yanaşı diaqnoz: “zəif dərəcəli hipermetropiya” qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona xəstəliyinə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: (...) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunvericiliyin tələbindən görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hal-hazırda üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu, anamnezində intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6 və F43.1) müəyyən edilir. Lakin xx.xx.2023-cü il tarixli Z00123540ANF forma-88 arayışından görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı diaqnoz-əsas diaqnoz F06.5 (üzvi dissosiativ pozuntu, üzvi dissosiativ (barotravma) pozuntu, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 9 dəfə), yanaşı xəstəlik H52.0-hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya Hm 1.0 olmuşdur. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli Z00123540ANF nömrəli göndərişdə göstərilən diaqnozların, iddiaçının iddia etdiyi F06.6 və F43.1 diaqnozlarının uyğunluğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 18 fevral 2025-ci il tarixli 525 saylı ekspert rəyi ilə iddiaçıda hal-hazırda üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) emosional labil (astenik) pozuntu və posttravmatik stress pozuntusu, anamnezində intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6 və F43.1) müəyyən edilsə də qeyd edilən diaqnozlar xx.xx.2023-cü il tarixli Z00123540ANF nömrəli göndərişdə öz əksini tapmamışdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar