Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-639/2021 19.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 43-cü məhəllə ev 36 B mənzil 9-da yaşayan), Cavabdehin nümayəndəsi X1 (DƏDRX-nin 2 saylı Ərazi İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Cavanşir küçəsi yat.2 ev 21 A mənzil 108-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 24 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 H ünvanında inşa edilmiş 1236.3 kv m ölçüdə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnıaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 H ünvanında yerləşən 97,2 kv m və 1030,2 kv m ölçüdə qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında iddiaçının mülkiyyətindədir. Bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış eskiz layihəsi əsasında o, həmin ünvanda əlavə olaraq əvvəlki tikilərə bitişik olaraq 1236,3 kv m ölçüdə qeyri-yaşayış sahəsi inşa etdirmişdir. Bu zaman əlavə torpaq sahəsi zəbt edilməmişdir, əvvəlki tikilinin üzərində tikilmişdir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla onun istifadəsindədir. iddiaçı həmin əlavə tikilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət olunmuş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının inşa etdirdiyi 97,1 kv m və 1032 kv m ölçüdə qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019- cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin həmin sahəyə bitişik əlavə inşa edilmiş 1236,3 kv m qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə olunmadığından iddiaçıya imtina cavabı verilmişdir. İş materialları ilə müəyyən edildi ki, ünvan 3 a ünvanında yerləşən 97,2 kv m, 24,70 kv m və eyni küçədə 41 H ünvanında yerləşən 1030,2 kv m qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq xx.xx.2019-cu il tarixli RX N ******* seriya saylı, xx.xx.2020-ci il tarixli ********** saylı və xx.xx.2019-cu il tarixli RX N ******* seriya saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş qeyri-yaşayış sahəsinin eskiz layihəsindən görünür ki, həmin layihə İddiaçı məxsus ünvan 3 H ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmişdir, həmin layihəyə görə binanın birinci mərtəbəsinin ümumi sahəsi 700 kv m, 2-ci mərtəbəsinin ümumi sahəsi 983 kv m, 3-cü mərtəbəsinin ümumi sahəsi 1000 kv m və mansardın ümumi sahəsi 233 kv m təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina bildirişindən görünür ki, iddiaçının inşa etdirdiyi 97,1 kv m və 1032 kv m ölçüdə qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019- cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin həmin sahəyə bitişik əlavə inşa edilmiş 1236,3 kv m qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə hesab edir ki, göstərilən qeyri-yaşayış binasının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi əmlak üzərində iddiaçının sərəncam hüququnun həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. İş materilallarından göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olmaqla, faktiki olaraq həmin binanın üst mərtəbəsini təşkil edir. İddiaçı tərəfindən əlavə torpaq sahəsi zəbt edilməmişdir. Tikilinin eskiz layihəsi səlahiyyətli müəssisə tərəfindən tərtib olunaraq müvafiq icra haimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləlikıə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, ünvan 2 H ünvanında inşa edilmiş 1236.3 kv m ölçüdə qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 H ünvanında inşa edilmiş 1236.3 kv m ölçüdə qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-639/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-639/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver