Məhkəmə qərarları › İş №2-1(118)-64/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-64/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-64/2023 04.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə iddiaçıya Xaçmaz rayonu Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzun müddət istifadə etdiyi, onun daimi istifadəsinə verilmiş 330 kv m torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə iddiaçıya dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Sokolenko İqor Nikolayeviç cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə iddiaçıya Xaçmaz rayonu Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzun müddət istifadə etdiyi, onun daimi istifadəsinə verilmiş 330 kv.m. torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə iddiaçıya dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə iddiaçıya Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Məhəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzunmüddət istifadə etdiyi 330 kv m torpaq sahəsi onun daimi istifadəsinə verilməklə həmin torpaq sahəsinin 120 kv m hissəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Qanunamüvafiq surətdə ərazinin sxemi çəkilmiş, rayonun Baş Memarı və İstisu bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmişdir. Yaşayış evinin lahiyyələndirilməsinə müvafiq olaraq qanuni əsaslarla aldığı torpaq sahəsində yeni yaşayış evi inşa etmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün nümayəndəsi vasitəsilə cavabdeh DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ünvanlanmış xx.xx.2021-ci il tarixli **********34 saylı məktubla ərizənin icrasından imtina olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olnadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xaçmaz RİHB-nın 21 06.2007-ci il tarixli 219/2 saylı sərəncamı əsasında ayrıldığı müəyyən edilmişdir. Halbuki, xx.xx.2001-ci il tarixdən torpaq sahələrinin ayrılması bələdiyyələrin səlahiyyətlərinə verilmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyəti bələdiyyə tərəfindən təstiq edilmiş sxemdə əks olunan torpaq sahəsindən fərqlidir. İş materiallarında olan : - **********50-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. -Xaçmaz rayon İcra hakimiyyətinin xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamından görünür ki, X3 Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzunmüddət istifadə etdiyi 330 kv m torpaq sahəsi onun daimi istifadəsinə verilməklə həmin torpaq sahəsinin 120 kv m hissəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. - Xaçmaz rayon Müqtədir bələdiyyəsinin və Xaçmaz rayon İstisu bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışlarda İ.Sokolenkoya məxsus torpaq sahəsi göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsini tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə iddiaçı İ.Sokolenkoya ayrılmış 330 kv m torpaq sahəsi dövlət mülkiyyətindədir.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə tərəfindən verilmiş sxemdə əks olunan torpaq sahəsinə uyğun deyildir.Bələdiyyə xəritəsində işarə olunmuş torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 144 m ara məsafədə yerləşir, (ortofoto sxemdə əks olunur). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ” Xudat-Balıq ‘ÄSC-ə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisənin predmeti olan torpaq sahəsi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli sərəncamı ilə iddiaçının daimi isatifadəsinə ayrılmışdır. Sərəncamın məzmununa görə həmin torpaq sahəsi iddiaçının yaşadığı evin həyətyanı sahəsinə bitişik yerləşir və uzun müddətdir onun istifadəsindədir. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, həmin 330 kv m torpaq sahəsi dövlət mülkiyyətindədir,bələdiyyə tərəfindən çəkilmiş sxemdə göstərilən torpaq sahəsi faktiki istifadədə olan torpaq sahəsindən 144 m aralıda yerləşir və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi “Xudat Balıq” AS-yə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi :

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar;https://eqanun.az/framework/46942 təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 25-ci maddəsinin 2-ci bəndinə görə bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin normada sadalanan şəxslərin sırasına daxil deyildir. Qanunvericiliyin nörmasından göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə dövltə mülkiyyətində olan torpaq sahəərinin vətəndaşın istifadəsinə verilməsi nəzərdə tutulmamışdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinə daxil olan torpaq sahələri dəqiq sadalanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsi :

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçıya torpaq qanunvericiliyin tələblərinə zidd ayrılmışdır. Həmin sərəncama plan-sxem əlavə edilməmişdir, bələdiyyənin tərtib etdiyi yerquruluşu planından çıxarış isə naturada təqdim edilən torpaq sahəsinin yerləşməsindən xeyli fərqlənir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar