Məhkəmə qərarları › İş №2-1(118)-640/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-640/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-640/2021 03.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı1 (işləməyən, Şabran rayonu, Gəndab kəndində yaşayan), İddiaçı2 (işləməyən, Şabran rayonu, Gəndab kəndində yaşayan) və İddiaçı3 Mövlud qızının (işləməyən, Şabran rayonu, Gəndab kəndində yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Şifahi məhkəmə baxışında İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdilər ki, Şabran (keçmiş Dəvəçi) rayon X4 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı1 Şabran rayonu, Gəndab kəndində fərdi mənzil tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmış, ayrılmış sahədə layihə əsasında ona fərdi mənzil tikintisinə icazə verilmiş və o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Respublikada Torpaq islahatı aparılan zaman həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair bizə JN- 088A, kod 30404018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsi səhvən 0.06 hektar olaraq göstərilmişdir. Belə ki, torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununa əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ona görə də onlar faktiki istifadələrində olan torpaq sahəsinə dair öz adlarına sənəd almaq istəyirlər. Bununla əlaqədar Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.11.2020-ci il tarixli ərizə ilə müraciət edilmiş, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 02.12.2020-ci il tarixli məktubla heç bir əsas göstərilmədən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı2, İddiaçı3 Mövlud qızı iddia tələbini müdafiə etdilər və X1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, vətəndaş İddiaçı2 müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 13.05.2004-cü il tarixli, 08 saylı qərarı əsasında Şabran rayonu Gəndob kəndində yerləşən 0.06 ha torpaq sahəsinə ləğv edilmiş DT və XK-nin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN-088 A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Dəvəçi rayonu (indiki Şabran) XDS-nin RH-nın 30.05.1993-cü il tarixli 05 saylı protokolundan çıxarış əlavə olunmuşdur. İddiaçılara məxsus Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0.6 ha torpaq sahəsinə aid JN-088 A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’’də düzəlişin həyata keçirilməsini və ya torpaq sahəsinin 0.12 ha ölçüdə bərpa edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan : -Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı iclas protokolundan arxiv çıxarışından görünür ki, Gəndab kənd sakini İddiaçı1 Gəndab kəndində fırdi mənzil tikmək üçün kənddaxili ərazidən 0.12 ha torpaq sahəsi ayrılmışdır. -Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 may 1993-cü il tarixli 05 saylı iclas protokolunun çıxarışından görünür ki, İddiaçı1 adına Gəndob kəndi ərazisində 0.12 ha torpaq sahəsinin ayrılmışdır. -JN-088A KOD 30404018 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarı ilə X3, İddiaçı3 Mövlud qızına, İddiaçı2 Murad oğluna ayrılmış 0.06 ha torpaq sahəsinə dair verilmişdir. -08.10.2020-ci il tarixli 2(031)-713/2020 saylı Şabran rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 088A KOD 30404018 saylı şəhadətnamənin İddiaçı1, İddiaçı2, İddiaçı3 Mövlud qızına məxsus olması faktı müəyyən edilmişdir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02.12.2020-ci il tarixli, **********92 saylı imtina məktubundan görünür ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 13.05.2004-cü il tarixli, 08 saylı qərarı əsasında Şabran rayonu, Gəndob kəndində yerləşən 0.06 ha torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən hazırlanmış JN-088A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Şabran rayon (keçmiş Dəvəçi) XDS-nin 30.05.1993-cü il tarixli, 05 saylı protokolundan çıxarış əlavə olunmuşdur. İslahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır, ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən 0.12 ha torpaq sahəsi Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 31.05.1993-cü il tarixli 06 saylı qərarına əsasən İddiaçı1 fərdi mənzil tikmək üçün kənddaxili ərazidən ayrılmışdır və həmin vaxtdan onun və ailə üzvlərinin qanuni istifadəsindədir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq -6- təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Şabran (keçmiş Dəvəçi) rayon X4 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə ayrılmış Şabran rayonu Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şabran (keçmiş Dəvəçi) rayon X4 Rəyasət Heyətinin 31 may 1993-cü il tarixli 06 saylı qərarı ilə ayrılmış Şabran rayonu Gəndab kəndində yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Mövlud qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçamz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar