Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-640/2023 29.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş İddiaçı – Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş İddiaçı – Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Doğumu Rusiya Federasiyası, Moskva şəhəri, X1 X4 Lyublin Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə 363 nömrəli aktla qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sonradan doğum haqqında şəhadətnaməsini itirdiyi üçün xx.xx.2005-ci il tarixdə İİ-MYU (İİ-MİO) seriyalı, 820738 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. X6 Maqomedovna xx.xx.1975-ci il tarixdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının Vedeno rayonunda anadan olub. Anası Rusiya Federasiyasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır, heç yerdə işləmir. X3 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olub. Atası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat edib. Atası Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün o, valideynləri və bacı-qardaşı ilə birlikdə müxtəlif vaxtlarda Azərbaycana gəlib-getmişdir. 2007-ci ildə isə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir, həmin vaxtdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. O, doğulan zaman valideynləri nikahda olmadığı üçün və o, doğum haqqında şəhadətnamə ilə təmin edilən zaman atalıq müəyyən edilmədiyindən onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası barədə məlumat qeyd edilməmişdi. xx.xx.2019-cu il tarixdə o, atalığın tanınması faktının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəsini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7629/2021 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin qətnamə əsasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən mən AZ-İ seriyalı, 395821 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra onun doğum haqqında akt qeydində dəyişikliklər edilməsi və həmin dəyişiklilər əsasında ona doğum haqqında yeni şəhadətnamə verilməsi üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri X1 X4 Lyublin Şöbəsinə sorğu göndərilmişdir. Həmin sorğu əsasında onun doğumu haqqında akt qeydində dəyişiklik edilmiş və o, xx.xx.2021-ci il tarixdə Xİ-MYU (Х1-МЮ) seriyalı, 709265 nömrəli doğum haqqında yeni şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyən edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədə malik olduğunu əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə istinad etməklə "onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınmaması barədə” xx.xx.2022-ci ii tarixli, ******* nömrəli qərar (həmin qərar ona rəsmi qaydada 6 saylı Bakı "ASAN Xidmət"’ Mərkəzində xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) qəbul etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavabı əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırlma aparılmış onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə müvafiq inzibati akt qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1997-ci ildə Rusiya Federasiyasında anadan omuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxs vətəndaşlıq əldə etməklə bağlı SMX-yə müraciət edə bilər. (Bunun üçün sözügedən şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı ASAN xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısının həmin Xidmətdən və ya migration.gov.az saytından əldə edə bilər). Şəxs DMX-nın araşdırmasına qədər RF vətəndaşı olmuş (şəxs vətəndaşsızlıq halında olmamışdır). Bu da onu deməyə əsas verir ki, şəxsin AR vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən razılığa gələn dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxslərə - həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa – verir.) Bundan başqa inzibati icraat zamanı şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənədi də (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim etməmişdir. Şəxs əvvəllər RF pasportu ilə olduğu yer üzrə qeydiyyatla bağlı DMX-ya müraciət etmiş, onun müraciəti təmin edilmişdir. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. DMX qanunvericiliklə müəyyən edilmiş çərçivədə qeyd olunan şəxsə münasibətdə işin hallarını araşdırmış və müvafiq inzibati akt qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu aşkar edilmişdir. - 51 № ******* saylı Rusiya Federasiyası pasportunun təsdiq edilmiş surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. - AZ-İ № 395821 saylı, 18 may 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı X3dur. - Xİ-МЮ № 709265 saylı, 07 oktyabr 2021-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı atası Azərbaycan Respublikası vətəndaşı X7, anası X2. - AZ-İ № 738314 saylı, 13 mart 2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 13 may 2015-ci ildə ölmüşdür. - Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş K/511 saylı, 30 avqust 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Sabina Karginovaya (himayə sənədi № ***-*******3) Dövlət Miqrasiya Xidməti tərəfindən 20 aprel 2021-ci il tarixindən 01 may 2025-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddia iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digəri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş İddiaçı Rusiya Federasiyası vətəndaşı olmaqla ünvan 1 ünvanında yaşayır. O, cavabdeh inzibati orqan olan Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” qərarı ilə şəxs digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğundan onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddia tələbindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi;
2. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının tələbləri əsassız, cavabdeh inzibati orqanın imtinası isə əsaslı olmuşdur. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). İşin hallarını istinad edilən normaların tələblərinə uyğun yoxladıqda aydın olur ki, iddiaçıya münasibətdə yuxarıda qeyd olunan normalarda nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud deyildir. Məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İş materiallarında olan iddiaçıya məxsus Xİ-МЮ № 709265 saylı, 07 oktyabr 2021-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı atası Azərbaycan Respublikası vətəndaşı X7, anası X2. İddiaçı Federasiyasında doğulmuşdur və hal-hazırda Rusiya Federasiyası vətəndaşıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə olan halda müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yoxdur, buna görə də cavabdehin idiaçıya verdiyi imtina əsaslı olmuş, onun hüquqularının pozulmasına səbəb olmamışdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş İddiaçı – Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş İddiaçı – Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva