Məhkəmə qərarları › İş №2-1(118)-642/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-642/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-642/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili), Cavabdehin nümayəndəsi X2 (Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Nəzarət və Audit şöbəsinin aparıcı mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin əlilliyinin təyin edilməsi ilə bağlı imtinasının qanunsuz hesab edilməsi və 2022-ci ilin sentyabr ayından ll dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin təyin edilməsi ilə bağlı imtinasının qanunsuz hesab edilməsi və ona əlillik dərəcəsinin müddətsiz əsaslarla təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməasi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və cavabdehin əlilliyinin təyin edilməsi ilə bağlı imtinasının qanunsuz hesab edilməsi və 2022-ci ilin sentyabr ayından ll dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarıımasını məkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonrakı tarixlərdə o, dəfələrlə xəstəxanalarda müalicə almış, hər il əlilliyi 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə təyin edilmişdir. Əlillik müddətinin bitməsindən sonra bir neçə dəfə cavabdehin elektron sisteminə Forma 88 göndərişini daxil etmiş, lakin hər dəfə müxtəlif bəhanələrlə ona imtina cavabı verilmişdir. X5 tərəfindən verilmiş xəstəlik tarixçəsindən çıxarışda aydın şəkildə aşağıdakı diaqnozlar öz təsdiqini tapmışdır: ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyalan nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması (M24.5-M24.6, M30-M36, M40-İVİ43, M62, M80, M85-M89.9, Q65- Q66, Q67.5-Q67.8, Q68); 3.1.44. onurğanın və döş qəfəsinin İİ dərəcəli tənəffüs çatışmazlığı və ya dayaqhərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan İİ1-1V dərəcəli deformasiyaları (J96, R06-R06.8, R07.1. M40-M43): 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); 3.1.34. xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet (N17-19, İ10- İ15, E23.2, N25.1); Bu diaqnozlar ona əlilliyin təyin edilməsi üçün əsas verməsinə baxmayaraq cavabdeh sonuncu dəfə imtinanın əsası kimi, göndərişin yanlış və natamam doldurulmasını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və izah etmişdir ki, iddiaçıya sonuncu dəfə verilmiş göndəriş “Göndərişin natamam doldurulması”, “əsas diaqnozun ağırlaçmalarının mütəxəssis rəylərində ətraflı qeyd olunmaması” səbəbi ilə geri qaytarılmışdır. Bununla bağlı iddiaçıya qeyd olunan natamamlıqların aradan qaldırıldıqdan sonra yenidən müraciət etməsi məsləhət görülmüşdür. Bundan başqa iddiaçıya sonuncu dəfə imtina cavabı 2021-ci ilin oktyabr ayında verilməsinə baxmayaraq o, iddianı iddia müddətini pozmaqla qaldırmışdır. İş materiallarında olan : - Ambulator kitabçadan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Qaradağ rayon Tibb Mərkəzi PHŞ-də müalicə almışdır. -- TSEK tərəfindən verilmiş tarixli arayış və qərarlardan görünür ki, İddiaçı 2008-ci ildən bbaşlayaraq hər il 1 il müddətinə, 2016-ci ildə isə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir . -TSEK-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə göndərişin natamam doldurulması göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1 Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə : 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə: 4.1 Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” : 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2008-ci ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin 2022-ci ilin sentyabr ayından müddətsiz təyin edilməsi edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2022-ci ilin sentyabr ayından ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar