Məhkəmə qərarları › İş №2-1(118)-643/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-643/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-643/2020 16.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı “Şabran rayonu, Ağalıq kəndində Ağalıq kənd xəstəxasının yaxınlığında yerləşən kommunal binadakı 2 otaqlı, 1 mətbəxi, 1 hamamı və 1 eyvanı olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şabran rayonu, Ağalıq kəndində Ağalıq kənd xəstəxasının yaxınlığında yerləşən kommunal binadakı 2 otaqlı, 1 mətbəxi, 1 hamamı və 1 eyvanı olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1966-cı ildən hal-hazıradək ona verilmiş Şabran rayonu, Ağalıq kəndində Ağalıq kənd xəstəxanasının yaxınlığında yerləşən kommunal binadakı 2 otaqlı, 1 mətbəxi, 1 hamamı və 1 eyvanı olan mənzildə yaşamaqdadır. Həmin mənzilə dair onda heç bir hüququ sənəd yoxdur, həmin mənzilə 50 ildən çoxdur ki, faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik edir. İddiaçı mülkiyyətçi kimi qeydə alınmaq, həmin mənzilə dair mülkiyyyət sənədi almaq istəyir. Lakin mənzilə dair əlində sənəd olmadığından bunu edə bilməmişdir. Ona görə də mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs şınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən nra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə qeydiyyat orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir.

1. Mənzilin özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;

2. Mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə istismar təşkilatının arayışı (2 №-li forma);

3. Mənzil sahəsinin orderi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. İddia ərizəsindən göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlakın hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər mövcud deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir.

Əsaslandırma hissəsi:

Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı hər hansı bir sənəd təqdim etmir, mübahisəli mənzilə 50 ildən çoxdur ki, faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik etdiyini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinadən hüququnun yarandığını bildirir və bu əsasla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Göründüyü kimi iddiaçı mülkiyyət hüququnun yaranmasının yeganə hüquqi əsası olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə hüquqmüəyyənedən konkret norma mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas təşkil edə bilər. Lakin hazırkı işdə iddiaçının mübahisəli mənzilə 50 ildən çoxdur ki, faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik etdiyi halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinin tətbiqi üçün həmin məcəllənin qəbulundan qanunda nəzərdə tutulmuş müddətin keçməsi tələb olunur. Belə ki, S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2006-cı il tarixli qırarında Konstitusiya Məhkəməsi bununla bağlı mövqeyini aşağıdakı kimi bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmənin qətnaməsində tətbiq edilmiş normalarla bağlı bəzi məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi hüquq norması 2000-ci il sentyabrın 1-dən qüvvədə olduğuna görə hazırkı mübahisəyə tətbiq edilməməlidir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar