Məhkəmə qərarları › İş №2-1(118)-643/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-643/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-643/2021 07.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 10.12.2020-ci il tarixli **********4017 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.12.2020-ci il tarixli **********4017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 487456.17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********4018 nömrəli tələbnamə verilərək qərarda göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edlmiş qeyd edilən qərar əsassızdır, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qanun pozuntusu halına yol verilmədiyi göstərilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 487456,17 manat məbləğində maliyyə sanksiyasının əsassız olduğu və Vergi Məcəlləsinin 195.1-ci, 195.2-ci və 195.3-cü maddələrinin tələblərinin nəzərə alınmadığı qeyd edilmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, iş üzrə cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21,09.2020-ci il tarixli **********7079 nömrəli qərarına əsasən iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir.Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 4874561,70 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı 21,10.2020-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş yazılı məlumatda 01.01.2020-ci il tarixdən 13.10.2020-ci il tarixədək invoicc dəyəri 361517,29 manat, gömrük dəyəri 384504,89 manat, gömrük xidmət haqqı 44511,96 manat dəyərində mal idxal edildiyi, həmin malların 99280,20 manat (ƏDV-siz) dəyərində hissəsinin elektron qaimə ilə, 4130502,11 manat (ƏDV-siz) dəyərində hissəsinin isə nəzarət-kassa aparatı vasitəsi ilə (alıçılara ödəniş çeki verilməklə) təqdim edildiyi, malların bir hissəsinin satışının elektron qaimə tərtib edilməklə deyil, nəzarətkassa aparatı vasitəsi ilə həyata keçirilməsi həmin malların bəzilərinin pərakəndə satışı və malların alıçılarının vergi uçotunda olmamaları səbəbindən həyata keçirildiyi bildirilmişdir. Lakin işin hüquqi hallarına gəldikdə isə bildiririk ki, iddiaçının vergi orqanına təqdim etdiyi 24.09.2018-ci il tarixli yerli investisiyalı məhdud məsuliyyəti cəmiyyətinin e-qeydiyyat ərizəsinə (qeydiyyat nömrəsi: **********923400) əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46901 kod altında “ixtisaslaşdırılmış topdansatış” kimi qeyd edilmişdir. Eyni zamanda 12.12.2020-ci il tarixdə təqdim edilmiş məlumat dəyişikliyi haqqında arayışda 52101 kod altında “saxlama və anbarlara yığma” fəaliyyət sahəsi də əlavə edilmişdir.Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı vergi orqanında dövlət qeydiyyatına alındığı tarixdən “ixtisaslaşdırılmış topdansatış” fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1,5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71- 1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1,5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 4874561,70 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 487456,17 (487456,17 x10%) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının maliyyə sanksiyası tətbiq edilərkən Vergi Məcəlləsinin 195.1-ci, 195.2-ci və 195.3-cü maddələrinin tələblərinin nəzərə alınmaması barədə dəlillərinə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin istinad edilən normaları Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələrə və fiziki şəxslərə, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentlərinə aid hissədə tətbiq edilir. İstinad edilən qanun normalarının tələblərinə görə aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə elektron qaimə-faktura verməli, mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron qaimə-faktura əvəzinə qəbz və ya çek verilə bilər və qəbzlər, çeklər və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İPM-in 48.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4017 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.09.2020-ci il tarixli **********7079 nömrəli qərarına əsasən İddiaçı MMC-nin Abşeron rayonu,Xırdalan şəhəri,Bakı-Sumqayıt yolu ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 21 oktyabr 2020-ci ildə 001123 saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, 12.10.2020-ci ildə “xxxx” MMC-nin anbarında ümumi dəyəri ümumi dəyəri 4.874.561.70 manat məbləğində malların e-qaimə faktura qaimə tərtib edilmədən satışın həyata keçirilməsi müəyyən edilmişdir. Şirkətin rəhbərliyindən yoxlamanın nəticəsi olaraq izahat alınmış və o, satılan malların bir qisminin fiziki şəxslərə kassa mədaxil orderi, hüquqi şəxslərə satılan mal isə qaimə hesab fakturası əsasında rəsmiləşdirilməsini bildirmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışa əsasən operativ vergi yoxlamasının 22.09.2020-ci ildən 21.10.2020-ci il müddətinə keçirilməsi nəzərədə tutulmuşdur. Vergi ödəyicisinin gətirdiyi arqument ondan ibarətdir ki, “xxxx” MMC-nin vergi orqanına təqdim etdiyi 24.09.2018-ci il tarixli yerli investisiya MMC-nin e-qeydiyyat ərizəsinə əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46901 kod altında “ixtisaslaşdırılmı topdansatış” kimi qeyd edilmiş, 12.12.2020-ci ildə təqdim edilmiş məlumat dəyişikliyinə əsasən 52101 kod altında “saxlama və anbarlara yığma” sahəsi də əlavə edilmişdir. Ona görə də “xxxx” MMC tərəfindən aparılan əməliyyatlar pərakəndə deyil, topdansatış kimi qəbul edilməlidir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini özünə məxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məlumdur ki, səyyar vergi yoxlaması ilə yanaşı operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qərarlar da Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan Məcəllənin 83.3-cü maddəsindən də göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Göründüyü kimi, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 21.09.2020-ci il tarixli **********7079 nömrəli qərardan müəyyən olunur ki, tədbirin 22.09.2020 il tarixdən 21.10.2020-ci il tarixləri aralığında keçirilməsi müəyyən olunmuşdur. Belə olan halda, nəzarət tədbirinin qərar üzrə müəyyən olunan əvvəlki tarixin əməliyyatlarına şamil edilməsi yolverilməzdir. Eyni zamanda, vergi orqanı tərəfindən 22.09.2020-21.10.2020-ci il tarix aralığında aparılan əməliyyatlar nəzarət tədbiri zamanı nəzərə alınmışdır ki, qeyd olunan halın nədən irəli gəlməsi, hansı əsaslara görə məhz həmin tarix aralığı üzrə satışların tədbirlə əhatə olunması tərtib olunan sənədlərdə əsaslandırılmamışdır. Bununla yanaşı, oda nəzərə alınmalıdır ki, hər hansı malın (işin,xidmətin) hansı həcmdə satışının topdansatış qaydasında olması meyarları qanunvericilikdə müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatında bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 10 dekabr 2020-ci il tarixli **********4017 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar