Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-644/2022 02.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin X2 qarşı “iddiaçının 01 yanvar 1976cı ildən 01 sentyabr 1978-ci ilədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin X2 qarşı “iddiaçının 01 yanvar 1976cı ildən 01 sentyabr 1978-ci ilədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 01.01.1976-cı ildə Naxçıvan MR-ın Şərur rayonunun M.Qorki adına Kolxozunda başlamışdır. Həmin kolxozda 01 sentyabr 1978-ci ilə qədər işləmişdir. Bunu ona məxsus olan NT-İ Seriyalı ******* saylı “Əmək kitabçası” və Şərur rayon Dövlət Arxivinin 11/442 saylı 04 noyabr 2021-ci il tarixli “Arxiv arayışı" təsdiq edir. Arxiv arayışına görə iddiaçı M.Qorki adına meyvəçilik sovxozunda 1980-ci ilə qədər işləmiş və ona 1976cı ilə görə 186.00 manat, 1977-ci ildə 419.00 manat və 1978-ci ildə 496.00 manat əmək haqqı hesablanmışdır. Ümumi iş stajı 46 ildir. 01.10.2018-ci ildən yaşa görə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Lakin yaşa görə əmək pensiyası təyin edilərkən Şərur rayonunun M.Qorki adına meyvəçilik kolxozunda işlədiyi illər, yəni 01 yanvar 1976 - 01 sentyabr 1978-ci illər (2 il 8 ay) nəzərə alınmamışdır. Bu da nəticədə onun hər il 60 manat az pensiya almağı ilə nəticələnmişdir. İddiaçı 01.01.1976-01.09.1978-ci illərin əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün 30.11.2021-ci il tarixli məktubu ilə iddiaçının xahişini təmin etməmişdir. Məktubda imtinaya səbəb kimi iş stajının əmək kitabçasına əsasən hesablanmalı olduğu qeyd edilmiş, təqdim etdiyi 11/442 saylı, 04.11.2021-ci il tarixli arayışda qeyd edilən dövrlərin sığorta stajının hesablanmasına zidd olduğu qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyniməzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmiş, lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 01.10.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı ilədək iddiaçının ümumi stajı 20 il 08 ay olmuşdur. İddiaçıya əmək pensiyası 431,53 manat olaraq ödənilir ki, bu da qanunvericiliyin tələbi baxımından düzgün olaraq hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilən № 11/442 saylı, 04.11.2021-ci il tarixli arayışda qeyd edilən dövrlərin sosial sığorta stajına hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi müraciətə təkrar baxılması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ünvanladığı xidməti məktubu məhkəməyə təqdim etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 01.01.1976-cı il tarixdən 01.09.1978-ci il tarixədək (02 il 08 ay) işlədiyini iddia etdiyi müəssisənin hüquqi ünvanı məlum olmadığından əmək fəaliyyətinin araşdırmağın mümkün olmadığı, nəticədə həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyi bildirilmiş, yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Hazırkı məhkəmə işi Fondun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının icraatına verildikdən sonra onlar tərəfindən mübahisələndirilən və mübahisələndirilməyən iş yerləri dəqiq göstərilməklə məlumatların təqdim edilməsinə dair 28.02.2022-ci il tarixli ********** nömrəli xidməti məktubla X2 müraciət edilmişdir. Sözügedən filial tərəfindən təqdim edilmiş 19 aprel 2022-ci il tarixli **********4 nömrəli məktubda iddiaçının ümumi sosial sığorta stajı 23 il 04 ay, mübahisələndirilən dövr 02 il 08 ay (01.01.1976-0.09.1978), mübahisələndirilməyən dövr isə 01.09.1978-25.09.1997, 01.01.1998-31.12.1999, 01.01.2002-31.12.2003-cü illəri əhatə etməklə ümumilikdə 20 il 08 ay təşkil edir. Şərur rayon Dövlət Arxivinə göndərilmiş sorğuya cavab olaraq təqdim edilmiş məktubda iddiaçının 1976-cı il üzrə 186 manat, 1977-ci il üzrə 212 manat və 1978-ci il üzrə 496 manat əmək haqqı aldığına dair qeydlər öz əksini tapmışdır. İddiaçı ondan tələb olunan sosial sığorta stajını təsdiq edən sənədləri - əmək kitabçası və arxiv arayışını təqdim etmişdir. Qanunvericilikdə tələb edilən şərtlər ödənildiyi halda, mübahisələndirilən dövr ümumi sosial sığorta stajına daxil edilərsə iddiaçının pensiya məbləği 01.01.2022-ci ildən 465.32 manat təşkil edəcək. Hazırda isə iddiaçıya 446.20 manat məbləğində yaşa görə əmək pensiyası ödənilməkdədir. Odur ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə təkrar baxılmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: • İş materillarında olan Şərur rayon dövlət arxivinin 04.11.2021-ci il tarixli, 11/442 nömrəli arxiv arayışına əsasən iddiaçı 1976-1978-ci illərdə keçmiş “M.Qorki” adına kolxozda işləmiş və aşağıdakı qaydada əmək haqqı almışdır: 1976-cı ildə (123 adam günü norması) - 186 manat, 1977-ci ildə (203 adam günü norması) - 419 manat, 1978-ci ildə (173 adam günü norması) – 496 manat. • İşdə olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan 30.11.2021-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçının tələbindən imtina edilmişdir. • İddiaçıya məxsus olan ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 19.06.1981-ci il 59 nömrəli əmrə əsasən iddiaçının 02 il 08 ay müddətində (1976-1978) “M.Qorki” adına kolxozda sıravi işçi kimi fəaliyyətlə məşğul olmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddənin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi iddiaçı 01.01.1976-cı ildən 01.09.1978-ci il tarixədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan isə iddiaçı tərəfindən təqdim edilən 11/442 saylı, 04.11.2021-ci il tarixli arayışda qeyd edilən dövrlərin sosial sığorta stajına hesablanması zamanı nəzərə alınması qaydalarına zidd olduğunu bildirərək ərizənin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının 01 yanvar 1976-cı ildən 01 sentyabr 1978-ci ilədək keçmiş “M.Qorki” adına kolxozda işləməsi Şərur rayon dövlət arxivinin 11/442 nömrəli, 04.11.2021-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Belə ki, həmin arayışda iddiaçının 1976-cı ildə - 186 manat, 1977-ci ildə - 419 manat, 1978-ci ildə – 496 manat əmək haqqı alması müəyyən edilir. Bundan başqa məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, (19.06.1981-ci il 59 nömrəli əmr) iddiaçı 02 il 08 ay müddətində (1976-1978) “M.Qorki” adına meyvəçilik sovxozunda çalışmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 01 yanvar 1976-cı ildən 01 sentyabr 1978-ci ilədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin X1 üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 01 yanvar 1976-cı ildən 01 sentyabr 1978-ci ilədək Şərur rayonu M.Qorki adına kolxozda işlədiyi dövrün sosial sığorta stajı hesab edilməklə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin X1 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-644/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-644/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver