Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-646/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci ildən xx.xx.2021-ci ilə qədər verilməyən müavinətin verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ata tərəfindən irsən keçmə epillepsiya xəstəliyi vardır. Bu xəstəlik hər iki uşağında müəyyən edilmişdir. Hər iki uşaq X3 müitəmadi olaraq müalicə alırlar. Qızı Aytac xx.xx.2020-ci ildə xəstəxanadan çıxdıqdan sonra Forma 088-i sistemə daxil edilmişdir. Azərbaycanda dövlət orqanlarında ərizələrə bir ay ərzində baxılırdısa, Ekspertiza və Reabilitasiya Mərkəzində iki aya baxılır. Hər dəfə geri qaytarılan sənəddə bir söz yazılır: düzgün doldurulmamışdır, əlavə müalicə. Hər dəfə geri qaytarılan sənədləri qəbulda oturan həkimlərə doldurdular və poliklinikaya gətirib sistemə daxil edirdilər. Beləliklə, sistemə daxil edilən sənədlər dörd dəfə geri qaytarılmışdır. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. X9 göstərişi ilə əyani kommisiya təyin edilmişdir. Kommisiya işə məhkəmənin müdaxiləsini görüb müavinəti heçnə etmədən bərpa etmişdir. 2020-ci ilin noyabr ayından verilməyən müavinəti tələb etdikdə, deyildirmişdir ki, məhkəmənin qərarı olmadan onu verə bilmirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xshiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2005ci il tarixdə anadan olmuş qızı Hüseynova Aytac Natiq qızının və xx.xx.2007-ci il tarixdə anadan olmuş oğlu Hüseynli Ayxan Natiq oğlunun sağlamlıq imkanlarının məhdud olduğunu və bunun əsasında onlara müavinət təyin edildiyini qeyd etmişdir. İddiaçının övladı X6 xx.xx.2017-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda digər övladı X4 01,08.2013-cü il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən övladı X5 hazırda sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyi üçün ona təyin edilmiş sosial müavinətin ödənişinin davam etdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən X2 təkrar müayinəsi əsasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı ötürülmüş dövrlərlə bağlı müavinət məbləğinin ödənilməsini Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialdan xahiş etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşaqın sağlamlıq imkanları məhdudluqunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnarnə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi QaydasTnın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir, istinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı qeyd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinə 2 iyul 2021-ci il tarixində 3.3-1-ci yarımbəndi əlavə edilmişdir. Qanunun 3.3-1 -ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının övladı X5 xx.xx.2022-ci il tarixdə, X2 isə xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu müddəti dayandırılmışdır. Belə ki, iddiaçının övladı A.N.Hüseynlinin sağlamlıq imkankarının məhdudluğu müəyyən edilmədiyi üçün müavinət ödənişi dayandırılmışdır. İddiaçının digər övladı A.N.Hüseynovanın xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğunun müddəti dayandırılmışdır. Yenidən təyinat tarixi isə xx.xx.2021-ci il tarixdə olmuşdur. Bu səbəbdən də həmin dövrlər üzrə ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının övladının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının övladının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndələri hazırlıq iclaslarında iştirak etsələr də şifahi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmaını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmaını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının övladı X5 xx.xx.2022-ci il tarixdə, X2 isə xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu müddəti dayandırılmışdır. Belə ki, iddiaçının övladı A.N.Hüseynlinin sağlamlıq imkankarının məhdudluğu müəyyən edilmədiyi üçün müavinət ödənişi dayandırılmışdır. İddiaçının digər övladı A.N.Hüseynovanın xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğunun müddəti dayandırılmışdır. Yenidən təyinat tarixi isə xx.xx.2021-ci il tarixdə olmuşdur. Bu səbəbdən də həmin dövrlər üzrə ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının övladının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. İşin hallarından görünür ki, Hüseynova Aytac Natiq qızına (diaqnoz: generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarı: 3.1. uşaqların sağlamlıq imkanlarının məhdudluğu=> 3.1.2 davamlı, nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) G81-G83.9 ) xx.xx.2013-cü il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Hüseynova Aytac Natiq qızının təkrar müayinəsi əsasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmişdir. Göründüyü kimi Hüseynova Aytac Natiq qızının sağlamlıq imkanlarının məhdud olması işin mübahisə olunmayan halıdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi orqanların öz vəzifə öhdəliklərini natamam yerinə yetirməsi nəticəsində sosial müavinət təyin edilməmiş, göndərişin natamam doldurulması əsas gətirilərək həmin müddət üzrə sosial müavinət ödənilməmişdir. Ötürülmüş müddət ərzində Hüseynova Aytac Natiq qızında hərhansı yaxşılaşma olmamış, formal səbəblərə görə sosial müavinətın təyini gecikmiş, yekun olaraq xx.xx.2021-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddət keçdiyindən ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qanun normasında qanunvericinin iradəsi, əlill şəxsə 6 ay ötürülmüş müddətin güzəşt edilməsi kimi başa düşülməlidir. Əlilliklə bağlı təyinat 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla həyata keçirildiyinə görə, 6 aylıq müddətin keçirilməsi inzibati orqanların imtina əsası o zaman ola bilər ki, əlillik müddəti bitmiş olan şəxsin təkrar əlillik qiymətləndirilməsi ilə bağlı müraciəti 6 ayı keçmiş olsun. Lakin hazırkı halda iddiaçı tərəfindən hər hansı bir müddətin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı onun əlillik müddəti bitəndən sonra səlahiyyətli orqanlara müraciət etmiş, nəticədə onun əlilliyinin davam etməsi onun iradəsindən və hərəkətlərindən asılı olmadan inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində öz təsdiqini geç tapmışdır. Nəzərə alanda ki, hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs eyni yuxarı orqana tabe olan qurumlardır, onlar arasında koordinasiya və işin halları ilə bağlı daha rahat əlaqə yaradılmalı, vətəndaşların hüquqları pozulmamalı, eyni yuxarı orqana tabe olan qurumlar məsuliyyəti bir-birinin üzərinə ataraq vətəndaşların hüquqlarının əldə edilməsi mexanizmlərini çətinləşdirməmlidirlər. Məhkəmə hesab edir ki, əlil olan şəxsin məsuliyyət daşımadığı halda inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində hüquqlarının pozulması yolverilməzdir və qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Hüseynova Aytac Natiq qızına xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 9 ay üçün verilməyən müavinətin ödənilməsi öhdəliyi (əllik müddətinin bitdiyi vaxtdan əllik müddətinin bərpa edildiyi vaxtadək ödənilməmiş olan dövrlər nəzərə alınaraq hesablama və ödəmə aparılmalıdır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-646/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-646/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver