Məhkəmə qərarları › İş №2-1(118)-647/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-647/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-647/2021 20.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X2 iddia tələbini onun əsaslandırdı ki, 03.06.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllədə 182,60 kv m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Göstərilən qeyri-yaşayış binasının (“Sərfəli market”) çıxışı Həsən Əliyev küçəsinə baxır. Həmçinin göstərilən küçə ilə paralel olan Eldar Zamanov küçəsinə çıxışı olmaqla, iddiaçının atası X6 məxsus fərdi yaşayış evi yerləşir. Mağaza binası ilə yaşayış evinin arasında 2 sot torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Həmin 2 sot torpaq sahəsinin sol və sağ tərəfləri başqa şəxslərin yaşayış evləridir. Göstərilən torpaq sahəsinin iddiaçının mağaza binasının yanından 80 santimetr enliyində Həsən Əliyev küçəsinə çıxışı vardır. Torpaq sahəsinin yerləşməsi elədir ki, onun hansı kənar bir şəxsə satılaraq, müstəqil şəkildə istifadə olunması qeyri-mümkündür. Göstərilən torpaq sahəsi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi ancaq iddiaçıya satıla bilər. Bununla əlaqədar, həmin torpaq sahəsinin Quba şəhərində bələdiyyə tərəfindən həyətyanı torpaq sahələrinin vətəndaşlara satışı üçün müəyyən olunmuş 1 sota 500 manat qiyməti ilə hərrac keçirilmədən ona satılması üçün qərar verilməsini və müvafiq prosedurlara başlanılmasını Quba bələdiyyəsindən dəfələrlə xahiş etmişdir. Lakin bələdiyyə hərəkətsizlik göstərərk onun müraciətinə hər hansı cavab verməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Quba rayon Quba bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan iddiaya dair etirazda qeyd etmişdir ki, cavabdeh orqan iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin ona satılmasını xahiş edilməsi barədə 2020-ci ilin oktyabr ayında bələdiyyəyə müraciət edilməsini bildirsə də, 2021-ci ilin fevral ayında bələdiyyədə struktur dəyişiklikləri ilə bərabər bələdiyyə sədri də dəyişilmişdir. İddiaçının torpaq sahəsinin ayrılması barədə müraciəti barədə bələdiyyədə heç bir məlumat yoxdur. Bundan başqa hazırkı iddia tələbi barədə iddia ərizəsinin bir surəti bələdiyyə daxil olduqdan sonra dəfələrlə iddiaçıya telefon vasitəsilə həmin torpaq sahəsinin ona satılması üçün bələdiyyəyə gələrək qanunvericiliyə uyğun müraciət etməli olduğu bildirilsə də, bunun heç bir nəticəsi olmamış, iddiaçı bələdiyyəyə gəlməmiş, mübahisənin məhkəmədən kənar qaydada qanuni prosedurlarla həll edilməsinə üstünlük verməmişdir. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində asağıdakıları göstərməlidirlər(torpaq sahəsinin hansı məqsəd və hansı hüquqla (xüsusi mülkiyyəti-istifadə və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıb-almadığını, ailə üzvlərinin adına torpaq sahəsinin olub-olmadığını, ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər)). Göründüyü kimi iddiaçı bələdiyyəyə lazımi formada müraciət etməmişdir. Bundan başqa vətəndaşın müraciətindən sonra bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. İddiaçının almaq istədiyi torpaq sahəsinə baxış keçirilib satılması mümkün olacağı halda bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Beləliklə, iddiaçı torpaq sahəsinin ayrılması barədə bələdiyyə müraciət etməmiş, məhkəməyə verilmiş iddia ərizəsinin bir surəti bələdiyyə daxil olduqdan sonra bələdiyyə iddiaçıya Əsasnaməyə uyğun torpaq sahəsinin satılmasına dair icraatın başlanması üçün dəfələrlə telefonla müraciət etmiş, hətta sonuncu müraciətində iddiaçı burada olmadığını, vəkilinin bələdiyyəyə gələcəyini bildirmişdir.Belə olan halda iddiaçı bələdiyyəyə Əsasnaməyə uyğun müraciət etmədiyi halda, iddiaçıya torpaq sahəsinin ayrılması üçün Əsasnaməyə müvafiq prosedurları həyata keçirilmədən (Əsasnamənin 16, 17, 18, 21 və 23-cü bəndlərinin tələblərinə uyğun) torpaq sahəsinin qiymətini müəyyən etmədən satılması qeyri-mümkündür, bələdiyyənin müvafiq prosedurları həyata keçirmədən torpaq sahəsinə dair əvvəl öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış alması və onun alqısatqı müqaviləsi əsasında satması qeyri-mümkündür. İddia tələbinin torpaq sahəsinin qiyməti hissəsində də əsassızdır. Ona görə ki. torpaq sahəsinin qiymətini vətəndaş və ya bələdiyyə deyil, Əsasnamənin 23-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. İş materiallarına əlavə edilmiş: - **********14-06301 saylı reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, 32/33cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 182.60 kv m olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba şəhəri, 32/33-cü məhəllədə mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62 kv.m yaşayış, 58 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 03.06.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, İddiaçı məxsus qeyri–yaşayış binasının faktiki ölçüləri 182.60 kv m-dir. - 24.07.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin faktiki ölçüləri yaşayış sahəsi 62 kv.m köməkçi sahəsi isə 58 kv.m-dir. -iddiaçının cavabdeh inzibati orqana müraciətindən görünür ki, o, Quba rayon Quba bələdiyyəsinə mürciət edərək 0,02 ha torpaq sahəsinin hər sotu 500 manat olmaqla hərrac və ya müsabiqə keçirilmədən ona satılmasını xahiş etmişdir. Həmin müraciət bələdiyyəyə poçt vasitəsi ilə 26.10.2020-ci il tarixdə bələdiyyəyə daxil olmuşdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Göstərilən Məcəllənin 56-cı maddəsinin 2-ci və 6-cı bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olur ki, bələdiyyə tərəfindən torpaqların satılması müqavilə (bələdiyyənin qərarı) əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsini məhz iddiaçıya və məhz iddiaçının istədiyi qiymətə satmaq öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli. 274-lİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü maddəsinə görə Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Məhkəmə iddia tələbinin torpaq sahəsinin hərracdan və müsabiqədən kənar qaydada ayrılması hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda göstərilən Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Məhkəmə hesab edir ki, bu səlahiyyət bələdiyyənin diskresion səlahiyyətlərinə aid olduğundan bələdiyyə sözügedən torpaq sahəsinin hərrac və müsabiqədən kənar qaydada iddiaçıya satmaq məcburiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar