Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-648/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (işləməyən, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 1A, mənzil 15 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağlar ərazisində, 600 kv m olan 2511 saylı bağ torpaq sahəsinə görə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli qərarı ilə (Protokol №27) Sumqayıt şəhəri, Corat bağlar ərazisində 600 kv m 2511 saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. 2511 saylı bağ torpaq sahəsinə görə o, EQG seriyalı ******* saylı Kassa mədaxil orderinin qəbzi ilə Sumqayıt bələdiyyəsinin hesabına 13.12.2004-cü ildə köhnə manatla ******* (bir milyon beş yüz min) manat ödəniş etmişdir. 2005-ci ildən etibarən həmin torpaq sahəsində ev tikərək ailəsi ilə birlikdə orada yaşayır. İddiaçı həmin torpaq sahəsi üzərinə hüquqlarının qeydə alınması üçün sənədlərini cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Məmmədov iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Qüdrətli iddianı qəbul etmədi və izah etdi ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci İMO yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının müddəalarına zidd olaraq bələdiyyənin qərarının 26.06.2005-ci il tarixli, 27 nömrəli olmasına baxmayaraq alqı-satqı aktı tərtib edilməmiş və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt Şəhər Şöbəsinin rəyi ərizəyə əlavə olunmamışdır. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər bələdiyyəsinin 28.06.2005-ci il tarixli 27 nömrəli protokol-qərarında görünür ki, Corat bağları ərazisində sahəsi 600 kv m olan 2511 saylı bağ torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərar alınmışdır. - -13.12.2004–cü il tarixli qəbzədn görünür ki, İddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına bağ sahəsinin alqı-satqısı üçün ******* manat ödənilmişdir. - -Sumqayıt bələdiyyəsinin Bağ təsərrüfatı şöbəsinin işçiləri tərəfinfən tərtib edilmiş 30.12.2004-cü il tarixli aktdan görünür ki, 2511 nömrəli bağ sahəsinə başı keçirilmiş, İddiaçı ərizəsinə əsasən bağ sahəsi yerində ölçülmüşdür. - -Bağ sahəsinin planından görünür ki,həmin sənəd İddiaçı ayrıımış 2511 nömrəli bağ sahəsinə dair tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının ------ildə torpaq sahəsinin dəyəri kimi bələdiyyənin hesabına 1.500.000 manat ödədiyi öz təsdiqini tapdı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəyinin olmaması və ya alqı-satqı aktının tərtib olunmaması iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-648/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-648/2022
28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver