Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6502/2025 17.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının (xx.xx.2025-ci il tarixli, 300618/2023-53-31-003 saylı məlumat əlavə olunmuşdur) ləğv olunması” tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2025-ci il tarixli qərarını və şöbənin rəisi Pərviz Zəkəriyyəyevin imzaladığı xx.xx.2025-ci il tarixli, 300618/2023-53-31-003 №-li məlumatı Xaçmaz rayon Rabitə şöbəsindən xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Qərarda onun 30 gün müddətində məhkəmə qaydasında şikayət verə biləcəyi göstərilib. Qərara aldıqdan sonra xx.xx.2025- ci il tarixində “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 11 mart 2025-ci il tarixli qərarının (300618/2023-53-31-003 №-li, xx.xx.2025-ci il tarixli məlumat əlavə olunub) ləğv edilməsinə” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9488/2025 nömrəli qərardadı ilə iddiası mümkün sayılmayıb. Məhkəmə “iddia ərizəsi aidiyyəti üzrə icra icraatı qaydasında baxılması üçün aidiyyəti məhkəməyə müraciət olunmalı” mövqeyindən çıxış edərək bu qərardadı qəbul etmişdir. Buna əsaslanaraq iddia ərizəsini Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına yönəltmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 11 mart 2025-ci il tarixli qərarında təklif olunan vəzifəni qəbul etmədiyi üçün 2-1 (105)-290/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarıldığı bildirilir. O, heç vaxt təklif olunan vəzifədən imtina etməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab X6 Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən qanunsuz işdən azad olmağı barədə **********6 nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid olan hissəsinin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə əlaqədar iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin olunmayıb. (X9) Həmin iddia ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixdə, 2-1 (105)-401 /2021 nömrəli Qərarı ilə Apellyasiya şikayəti təmin olunmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə” iddiasına qarşı qəbul edilmiş 2-l(105)-401/2021 №-li Qərarından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti qismən təmin olunaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-l(102)-73/2022 nömrəli Qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılıb və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(105)-290/2020 nömrəli Qərarı ilə iddiam təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin Qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-l(102)-2026/2022 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin olunmayıb, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlə təmin olunmağı və işsiz qaldığı müddətin pulunun ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(105)-290/2022 nömrəli Qərarı öz qüvvəsində qalıb. Qərarın icrası qəribədir ki, Sumqayıt İnzibati Məhkəməsinin hakimi V.Əzizovaya həvalə olunub. Hakim V.Əzizova qərarın icrasını uzun müddət yubadıb. V.Əzizova 13.1.1,-ci maddəsinin tələbinə riayət etməyərək, Qərarın icrasını aylarla Yasamal rayon İcra şöbəsinə göndərməyib. Bu zaman ərzində isə ƏƏSMN xx.xx.2023-cü il tarixdə 3-17/2-C-682/2023 №-li məktub göndərərək DSMF-nun Quba- Xaçmaz Regional filialının Qusar şöbəsində 3 aylıq müddətə kargüzar vəzifəsi təklif edib. Bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43.3 və 4-cü və 63-cü maddələrinin tələbləri pozularaq, ondan işə yeni qəbul olunmuş işçi kimi ərizə və sənədlər tələb olunmuşdur. xx.xx.2020-ci il tarixədək ƏƏSMN-nin tabeliyindəki DSMF-nun Xaçmaz rayon şöbəsində ştat cədvəlinə görə məsləhətçi vəzifəsində işləmiş, əmək müqaviləsi müddətsiz olub, vəzifə maaşının üzərinə staja görə əlavə verilmişdir. Buna əsaslanaraq ƏƏSMN-dən həmin təklif olunan vəzifənin ştat cədvəlində olması haqda rəsmi sənəd istəsə də, Nazirlik həmin sənədi verməkdən qəti imtina etmişdir. Dəfələrlə etdiyi bu zaman ərzindəki şikayətlərindən sonra ƏƏSMN ona xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci ilədək dövrlər üçün 11240 manat pulu iyun 2023-cü il tarixdə əmanət bankı vasitəsilə ödəyib. Onlarla şikayət məktubundan sonra 1 il 3 ayın sonunda Sumqayıt İnzibatı Məhkəməsinin hakimi V.Əzizova xx.xx.2023-cü il tarixdə məhkəmə Qərarını Yasamal rayon İcra Şöbəsinə göndərib. Qərar icra olunması üçün Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən qəbul edilib. Məhkəmə qərarının qəbul etməsindən 1 il 3 ay keçməsinə baxmayaraq Bəxtiyar Babayev də heç bir hüquqi tədbir görməyib. “İnzibati mübahisələrə dair işlər üzrə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumunun xx.xx.2021-ci il tarixli qərarının 25, 26, 27, 28 və 29-cu bəndlərinin tələblərinə uyğun qanuni prosedurları icra etməyib. X3 bildirmişdir ki, (onlarla rəsmi məktub göndərmişdir, 4 dəfə də qəbulunda olmuşdur, bir neçə telefon zəngləri etmişdir) ƏƏSMN və DSMF Quba-Xaçmaz regionunun Xaçmaz şöbəsində ştat cədvəlində mövcud olmayan vəzifəni - arxivçi vəzifəsini təklif edir. Həmin vəzifənin ştat cədvəlində mövcud olması haqda rəsmi sənəd təqdim olunduğu halda arxivçi vəzifəsini qəbul etməyə razı olduğunu bildirmişdir. Lakin ƏƏSMN və DSMF həmin sənədi verməyə hər dəfə də etiraz etmişdir. Həmin vəzifəni qeyd-şərtsiz qəbul etməyi üçün təkid və tələb olunmuşdur. Yasamal rayon İcra şöbəsinə, Yasamal rayon İcra Baş İdarəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yazdığı, B.Babayevin məhkəmə qərarını icra etməməsinə dair şikayət ərizələri cavabsız qalmışdır. Qəribədir ki, şikayət ərizələri şablon ifadələrlə - “Vətəndaşa cavab verin” ifadəsi ilə “Vətəndaşların Müraciətləri haqda” Qanunun tələbinə zidd olaraq şikayət etdiyi orqanlara - Sumqayıt İnzibati Məhkəməsinə və ya Yasamal rayon İcra şöbəsinə göndərilib. Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayevə qarşı “icra məmurundan vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3418/2024 №-li qərardadı ilə geri qaytarılıb. Təkrar olaraq, xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsi “ştat cədvəlində göstərilən vəzifəyə görə işlə təmin olunmağı və işsiz qaldığı müddətin əmək haqqının mövcud normaya uyğun dəqiq hesablanmasını təmin etməyi Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulması (məcbur edilməsi) barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasını xx.xx.2024-cü il tarixli, 2-1(112)-14266/2024 №-li qərardadı ilə təmin etməyib. Nəhayət, “Yeni xəbər.org” internet saytına yazdığı 2-ci şikayət ərizəsindən sonra B.Babayev onu ƏƏSMN-nə dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə ƏƏSMN-də Nazirliyin kadr məsələləri üzrə şöbə müdiri Nərmin Bayramovanın, şöbənin müavini Elşad Əliyevin, DSMF-nun İnsan Resursları Departamentinin müdir müavini Azad Aydınlının və Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakı ilə görüş olmuşdur. X7 qəti surətdə təkrar olaraq, məhkəmə qərarına baxmayaraq, onunla DSMF publik olanadək bağlanmış əmək müqaviləsinə xitam verdiklərini, DSMF publik olduqdan sonra yeni əmək münasibətlərinin formalaşdığını bildirmişdir. ƏƏSMN-i məhkəmə qərarını icra etməmişdir, aşağıdakı qanun pozuntularına yol vermişdir: Azərbaycan Respublikasının Prezidentinin 1077 №-li, xx.xx.2020-ci il tarixli Fərmanın 5.1-ci bəndində DSMF-nun publik hüquqi şəxs olduqdan sonra hüquqi varisi olduğu, hüquq və öhdəliklərin publik hüquqi şəxslərə keçməsi haqda göstəriş olduğu halda ƏƏSMN-nin tabeliyindəki DSMF publik hüquqi şəxs öhdəliklərini yerinə yetirmir, məhkəmə Qərarını icra etmir! 1077 №-li, xx.xx.2020-ci il tarixli Fərmanın 5.1-ci bəndində göstərilib: “Bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X4, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir”; Fərmanın 7.5-ci bəndində “işçilərin publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları” haqda dəqiq göstəriş var: “Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”; Əmək Məcəlləsinin 43.4-cü maddəsində göstərilib: “Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.” ƏƏSMN əvvəlki əmək müqaviləsinin birtərəfli qaydada dəyişir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.1-ci maddəsində hətta müəssisənin mülkiyyətçisi dəyişdikdə belə işçilərin hüquqları qorunur: “Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər”. xx.xx.2023-cü il tarixli əmrin 3-cü bəndində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi göstərilib. ƏƏSMN-i mənə məcburi iş buraxmaya görə 11240 manat ödəyib. Bu məbləğ iddiaçının qanunsuz olduğu üçün imzalamaqdan imtina etdiyi xx.xx.2020-ci il tarixli, xxxxxxx 000200 №-li Əmək Məcəlləsinə zidd hazırlanmış “ştatdankənar işçi”-nin əmək haqqından hesablanıb. Nəhayət ƏƏSMN-nin tabeliyində DSMF-nun Quba-Xaçmaz regionunun Xaçmaz şöbəsində arxivçi vəzifəsinin təklifi ilə bağlı ilk dəfə xx.xx.2024-cü il tarixdə, “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən elektron əmək müqaviləsinin layihəsi göndərilmişdir. DSMF-nun göndərdikləri əmək müqaviləsindən aydın olur ki, Nazirlik onu çoxdan “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş vəzifələrə götürülən işçilər’in siyahısından birtərəfli qaydada ərizəsi olmadan Əmək Məcəlləsinin 63-1-ci maddəsinin tələblərini pozaraq Məcəllənin 2 və 47-ci maddələrini tətbiq etmişdir və təkrarən işdən çıxarmışdır. Məlumat verir ki, DSMF publik hüquqi şəxs olanadək Fondun Xaçmaz rayon şöbəsində Pensiya sektorunun məsləhətçisi vəzifəsində işləmişdir və əmək müqaviləsi müddətsiz olmuşdur. Əmək müqaviləsinin bağlanması müddətinin imzalandığı tarixdən hesablanacağını DSMF göstərir. Bəs onun bu vaxtadək əmək haqqının əmək qanunvericiliyi normalarına əsasən dəqiq və düzgün hesablayıb, ödəməyi ƏƏSMN qəti surətdə etiraz edib. Məhkəmə qərarının icra olunmamasının səbəbkarları ƏƏSMN olub, iddiaçı yox! Məhz Nazirliyin Məhkəmə qərarını doğru-düzgün icra etməməsinin nəticəsində, qanunlardan yan keçmələri nəticəsində və Yasamal rayon icra Şöbəsinə və əlaqədar təşkilatlara yazdığı onlarca şikayət ərizələrinə ümumiyyətlə cavab verilməməsi nəticəsində bu vaxtadək işsiz qalmışdır. Yazdığı 50-dən yuxarı şikayət məktublarından sonra, nəhayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (105)-290/2020 №-li qərarından 2 il 2 ay keçdikdən sonra ƏMAS üzərindən ona bu dəfə X1 filialında arxivçi vəzifəsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli müqavilə 1 illik (xx.xx.2025-ci ilədək) nəzərdə tutulmuşdur və həmin vəzifənin ştat cədvəlində mövcud olması haqda yenə də məlumat verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.4-cü, 63.1-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsini imzaladığı ƏƏSMN və icra məmuru B.Babayev tələb edirdi. 2-ci Əmək müqaviləsi ƏMAS üzərindən xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Həmin əmək müqaviləsi müddətsiz göstərilsə də, həmin arxivçi vəzifəsinin Quba-Xaçmaz Regional filialının Xaçmaz Qəbul şöbəsinin ştat cədvəlində mövcud olması haqda rəsmi sənəd verməkdən Nazirlik yenə də imtina edir. Həmin müqavilədə vəzifə maaşının üzərinə staja görə əlavə yoxdur, halbuki, işdən çıxarıldığı xx.xx.2020-ci il tarixədək əvvəlki əmək müqaviləsində staja görə əlavə alırdı. Göndərilən əmək müqaviləsinin § 4.3 və 4.5, 4.24cü bəndlərində ə iş vaxtından əlavə iş saatlarına görə əmək məcəlləsinə zidd olaraq haqq ödənilməsi və digər işçilərə mükafat verilərkən mükafat verilməsi nəzərdə tutulmayıb. Əmək müqaviləsinin § 4.26-cı bəndi də Əmək Məcəlləsinin 43-cü maddəsinin tələblərinə uyğun tərtib olunmayıb, müəmmalıdır. Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayevin dəvəti ilə şöbəyə dəvət olunaraq xx.xx.2025-ci il tarixli Akt tərtib olunmuşdur. Aktda Dövlət Sosial X2 4.11-10-cu bəndinə zidd olaraq təklif olunan vəzifə üzrə mükafat və staja görə əlavənin ödənilməsinin X8 nəzərdə tutulmadığı göstərilir. Müəyyən dövrlərdə DSMF-nun işçilərinə mükafat və əlavələr verildiyi halda, bu imtiyazdan niyə iddiaçı ayrı tutulur?! Əlavə olaraq bildirir ki, təklif olunan vəzifənin ştat cədvəli ilə mövcud olması haqda rəsmi sənədi DSMF-dan yox, ƏƏSMN-dən tələb etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-ll(105)-290/2020 №-li qərarı ilə müvafiq vəzifəyə təyin olunmağı və işləmədiyi dövrlərin əmək haqqının ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. İcra məmuru B.Babayev bu qeyd etdiklərini nəzərə almadan, araşdırmadan Akt tərtib etdiyi üçün həmin Akta yazılı surətdə əlavə qeydlərini etmişdir. Qeyd etdiklərini nəzərə almadan Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayev xx.xx.2025-ci il tarixdə qərar qəbul etmişdir. Qərarda onun təklif olunan vəzifəni qəbul etmədiyi üçün 2-1(105)-290/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarıldığı bildirilir. xx.xx.2025-ci il tarixli Bakı şəhər Yasamal rayon İcra şöbəsinin Qərarını aldıqdan sonra xx.xx.2025-ci il tarixdə Yasamal rayon İcra şöbəsinə getmişəm, həmin tarixdə şöbənin rəis müavininin qəbulunda olaraq, təklif olunan arxivçi vəzifəsini qəbul etdiyini bildirmişdir. Bu haqda xx.xx.2025-ci il tarixdə yazılı ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə müraciət edərək təklif olunan vəzifəni qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar xx.xx.2025-ci il tarixdə İcra məmuru B.Babayevə də onun xidməti telefonuna zəng edərək, həmin vəzifəni qəbul etdiyinin məlumatını bildirmişdir. Lakin həmin müddətdən keçən müddətdə icra məmurunun heç bir rəsmi reaksiyası olmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. İş materiallarından görsənir ki, iddiaçı Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən icra icraatı qaydasında baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmə qərarının icrası ilə əlaqədar ərizə verməklə məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-6502/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6502/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver