Məhkəmə qərarları › İş №2-1(118)-651/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-651/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-651/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat xeyrinə tutulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat xeyrinə tutulması” barədə qərar qəbul olunmasını Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11264/2021 saylı, 25.10.2021-ci il tarixli Qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara görə özünü səlahiyyətli saymır və hesab edir ki, işin aidiyyəti müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı Nəsimi rayon İcra və Probasiya şöbəsinin məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən (hərəkətsizliyindən) narazıdır. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı qaldırılmalı idi. Bakı İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəllənin 8.1.2-ci və 2.2.3-cü maddələrinə istinad edərək iddianın öhdəliyin icrası olduğu əsası ilə inzibati işin Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olduğu mövqeyinə gəlmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, iddia ilk növbədə məcəllənin 2.2.3-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia növünə yox, 2.2.7-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia). 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Bu halda hazırkı mübahisənin aidiyyətinin müəyyən olunmasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsi tətbiq edilə bilməz. Bu halda ümumi norma olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə cavabdeh Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətının müəyyən olunması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü və 2.2.7-ci maddələrinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. İnzibati orqanın yerləşdiyi yer Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına daxil deyildir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan əsasa görə hazırki mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmamalı, mübahisəyə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Ona görə də iş, aidiyyətin müəyyən olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat xeyrinə tutulması” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-651/2022 saylı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar