Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6514/2025 05.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də işlədiyi dövrün sığorta stajına əlavə edilməsi və pensiya təyin olunan günədək qazanılmış pensiya kapitalının tam məbləğdə hesablamaya daxil edilməklə pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası ləyin olunmuşdur, lakin bu zaman xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də mühəndis texnoloq işlədiyi dövr siğorta stajına daxil edilməyib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən siğorta stajının nəzərə alınması və pensiyanın yenidən hesablanması üçün X8 vasitəsi ilə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən ona göndərilən cavabdan məlum olmuşdur ki, cavabdeh (sənədlərin "xxxx" ATSC tərəfindən arxivə verilməməsini səbəb götürərək) 5 (beş) il 10 ay 16 gün siğorta stajı nəzərə almaqdan və pensiyanı yenidən hesablamaqdan imtina edir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur, iddiaçının 5 (beş) il 10 ay 16 gün siğorta stajı nəzərə alınmaması, təyin olunmuş pensiya hesablanmasına açıqlama verilməməsi, sonuncu dəfə, xx.xx.2025-ci il tarixdə pensiya hesablanan zaman şəxsi hesab vərəqəsində olan vəsaitin hesablamaya tam daxil edilməməsi iddiaçının hüquqları pozub və bu səbəbdən də pensiyası yenidən hesablanmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Q. Qafarov yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı Bakı DOST Mərkəzindən müraciət etmişdir. X3 baxılaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki, əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatlara əsasən "xxxx" ASC-də mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Qazax-Tovuz regional filialının X6 Filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" ASC-nin 2000-2006-cı illərə aid əmr və əməkhaqqı kitabları mühafizə edilməsi üçün sözügedən arxivə təhvil verilmədiyindən xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. Bu səbəblərdən xx.xx.2000-cı il tarixindən xx.xx.2006-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nəticədə iddiaçı Q. Qafarov iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2008-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22561.83 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, həmçinin, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixində (VÖEN hesabının dondurulduğu tarix) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021ci ıl tarixindən xx.xx.2025-ci il tarixinədək 12717.08 manat (2025-ci il tarixinə indeksləşdirilmiş məbləğində) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən 560.43 manat məbləğində müəyyən edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1- 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrlərinin, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığı illərdə nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajının 21 il 2 ay 3 gün olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Etirazın dəlilləri və tətbiq edilməli olan hüquq normaları: Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 64 il 6 ay yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin Qanun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə 1 dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçı Q. Qafarovun xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından, həmin dövrlər nəzərə alınmaqla ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz Regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi X2 və Novruzlu Behram K. oğlunun, Dövlət Arxivinin fond mühafizəçisi X1 iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2000-cii l tarixindən xx.xx.2006-cı il tarixədək, Şəmkir Taxıl ASC-də işləməsi faktı X6 filialında qarşılıqlı yoxlanmış, yoxlama zamanı müəyyən edilmişdir ki, Şəmkir-Taxıl ASC-nin 2000-2006-cı illərin əmr və əmək haqqı kitabları X6 filialına təhvil verilmədiyindən vətəndaşın işə qəbul olma və işdən azad olma əmrlərini və aldığı əmək haqqını yoxlamaq mümkün olmamışdır. Sığortaolunanın hesab məlumatları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasında Şəmkir Taxıl MMC hüquqi şəxs kimi xx.xx.2005-ci il tarixində dövlət qeydiyyatına alınmış, ona ********** VÖEN verilmiş, hüquqi varisliklə bağlı heç bir müraciəti daxil olmamış və cəmiyyətin xx.xx.2025-ci il tarixə heç bir əmək müqaviləsi olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Dəllər X4 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 159 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilmişdir. Cəmiyyətin fəaliyyət növü taxıl məhsullarının qəbulu və satışından ibarətdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında (33 nəfər) İddiaçı adı aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası X6 filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir Taxıl ASC-nin arxiv sənədləri X9 filialına təhvil verilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 2001-2011-ci illər ərzində ödədiyi ümumilikdə, 3915.25 manat pensiya kapitalı (illər üzrə həmin məbləğə indeksləşmə tətbiq olunmaqla) nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçı Q. Qafarovun xx.xx.2000-ci il tarixindən xx.xx.2006cı il tarixinədək olan dövr üzrə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından, həmin dövrlər nəzərə alınmaqla ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 38. Sosial təminat hüququ İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; (...) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasında Şəmkir Taxıl MMC hüquqi şəxs kimi xx.xx.2005-ci il tarixində dövlət qeydiyyatına alınmış, ona ********** VÖEN verilmiş, hüquqi varisliklə bağlı heç bir müraciəti daxil olmamış və cəmiyyətin xx.xx.2025-ci il tarixə heç bir əmək müqaviləsi olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Dəllər X4 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 159 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilmişdir. Cəmiyyətin fəaliyyət növü taxıl məhsullarının qəbulu və satışından ibarətdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında (33 nəfər) İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyindən xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı hesablanmışdır. Ümumilikdə xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2008-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22561.83 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, həmçinin, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixində (VÖEN hesabının dondurulduğu tarix) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021ci ıl tarixindən xx.xx.2025-ci il tarixinədək 12717.08 manat (2025-ci il tarixinə indeksləşdirilmiş məbləğində) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən 560.43 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında iddiaçının adı olmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən isə iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova