Məhkəmə qərarları › İş №2-1(118)-652/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-652/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-652/2021 16.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə yeni yaranmış “Dövlət Məşğulluq Agentliyində” müvafiq işlə təmin olunmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı 21 il yəni xx.xx.2000-ci il tarixdən Quba rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Hal hazırda 64 yaşı var, İİ qrup əlildir, protezlə gəzir, ali təhsillidir, 42 il o cümlədən 25 il dövlət qulluğunda əmək fəaliyyəti olmuşdur. Cavabdeh ƏƏSMN-nin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifəsindən azad olunmuş və bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əslində Əmək müqaviləsinə xitam verilməsi aşağıdakı əsaslarla həyata keçirilmişdir. xx xxxx 2020-ci il tarixli nazirlikdə struktur dəyişikliyi ilə əlaqədar Nazirliyin tabeçiliyində olmaqla "Dövlət Məşqulluq Agentliyi" yaradılması səbəbindən bütün işçilərdən (əməkdaşlardan) , o cümlədən ondan da struktur dəyişikliyi əsasında öz arzusu ilə işdən çıxma və yeni yaradılan "Dövlət Məşqulluq Agentliyi”nin Quba rayon Şöbəsində müvafiq işlə təmin olunacağı haqqında ərizələr alınmışdır. Həmin ərizələrdən işdən öz arzusu ilə çıxmağı barədə ərizəsi təmin edilmiş, işə qəbul ərizəsi isə icra olunmayaraq saxlanılmaqla Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə qorunan "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüquq”u pozulmuşdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, nazirlikdə struktur dəyişikliyi aparılmış və o öz arzusu ilə işdən çıxmışdır. Digər işə qəbul ərizəsi isə qanunsuz olaraq baxılmadan saxlanılmışdır. Bu zaman cavabdeh orqanın vəzifəli şəxsləri onun əlil və 64 yaşında olmağını, 25 il təkcə dövlət qulluğunda işləməyini nəzərə almayaraq qüvvədə olan qanunvericiliyə əməl etməmiş, əmək pensiyasına çıxmağına 1 il müddət qalmasını nəzərə almadan ərizəsinə baxılmadan saxlamaqla işsiz qoymuşdur. Cavabdeh orqanın vəzifəli şəxsləri həm Əmək Məcəlləsinə və həm də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanınının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, bildirmişdir ki, onun işdən azad olunması ilə bağlı verdiyi ərizəsi onun iradəsinə uyğun verilməmişdir. Belə ki, struktur dəyişikliyi ilə əlaqədar ondan işdən azad olunma ilə bağlı alınmış ərizəyə o, şərtlə imza etmişdir ki, digər işçilər kimi oda yeni yaradılacaq qurumda işlə təmin edilsin. Lakin sonradan ona məlum olmuşdur ki, onu aldadaraq işdən azad ediblər. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh təşkilatın hərəkətlərinin qanunsuz olduğunu bildirərək, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirinin onun işdən azad olunması ilə bağlı xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə yeni yaranmış “Dövlət Məşğulluq Agentliyin”də müvafiq işlə təmin olunması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən 3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Yuxarıda yazılanlardan göründüyü kimi iddiaçı xx xxxx 2020-ci il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək onu xx xxxx 2020-ci il tarixdə 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad etməyi xahiş etmişdir. Bu halda işəgötürən “Dövləq qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Daha sonra iddiaçı Nazirliyə müraciət edərək onun ərizəsinin əsassız sayılmasını xahiş etmişdir. Ərizə Nazirliyə xx xxxx 2020-ci ildə daxil olmuş və 1/D-591129 nömrəsi ilə qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etməyi Məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmuş, nazirlikdə yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizə təqdim edərək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini və yeni yaranmış “Dövlət Məşğulluq Agentliyində” müvafiq işlə təmin olunmağı tələb edir, lakin cavabdeh inzibati orqan iddiaçının tələblərinin təmin olunmasından imtina edir. İddia tələbindən bəlli olur ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrinin ləğv edilməsi, həmin əmrə əsasən işdən azad olunduğu müddətlərdə məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi 2) yeni yaranmış “Dövlət Məşğulluq Agentliyində” müvafiq işlə təmin edilməsi. Məhkəmə iddiaçının tələblərini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, iddiaçının tələbinin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı xx xxxx 2020-ci il tarixində nazirliyə müraciət edərək öz xahişi ilə işdən azad olunmağını istəmişdir. İddiaçının xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrilə onun dövlət qulluğuna xitam verilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. İddiaçının öz xoşu ilə tutuduğu vəzifədən azad olunması barədə iradəsinə uyğun olmayan ərizəsi mübahisələndirilmədiyi tədqirdə, həmin ərizənin əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil. Çünki mübahisə predmeti olan xx xxxx 2020-ci il tarixli əmr X2 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsinin təmin edilə bilməz. Sumqayıt İnizbati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazır ki, iddia tələbinin ikinci hissəsi mümkün hesab edilməmişdir. Qeyd olunan qərardad aşağıdakı kimi əsaslandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli, 1076 nömrəli Azərbaycan Respublikası prezidentin Fərmanına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilərək Dövlət Məşğulluq Mərkəzi ləğv edilərək, nazirlik tabeyilində “Dövlət Məşğulluq Agentliyi” təsis edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında xx.xx.2020-ci il tarixli, 1077 nömrəli Azərbaycan Respublikası prezidentin Fərmanına əsasən “Dövlət Məşğulluq Agentliyi”nin nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət X1 1.1-ci bəndinə əsasən Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.Həmin Əsasnamənin 4.11.10-cü bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar X3 sədri tərəfindən həyata keçirilir. Qeyd olunan əsasən Əsasnamənin tələblərindən bəlli olur ki, Dövlət Məşulluq Agentliyinə işə qəbul X5 sədri tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, İddiaçı Dövlət Məşulluq Agentliyinə işə qəbul edilməsi Əmək və X6 Naziri tərəfindən həyata keçirilmədiyinə görə iddiaçının iddia tələbinin ikinci hissəsi mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi məqsədi ilə yerli qurumlar yaradılmışdır. Hesab olunur ki, həmin qurumlar inzibati orqan hesab edilmədiyinə görə onlara qarşı işə qəbul edilməsi ilə bağlı verilmiş iddialara mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, Publik hüquqi şəxslər haqqında Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadında iddia tələbinin ikinci hissəsinə dair yuxarıda qeyd olunduğu kimi qiymət verilmişdir. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrinin ləğv edilməsi, həmin əmrə əsasən işdən azad olunduğu müddətlərdə məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar