Məhkəmə qərarları › İş №2-1(118)-653/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-653/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-653/2022 17.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (SOCAR şirkətində qaynaqçı işləyən, ünvan 1 ünvanında yaşayan ) və onun vəkili X5 (ünvan 2 vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48, mənzil 28-də yaşayan) Cavabdehin nümayəndəsi X1 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 1-də yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq ona müvafiq çıxarış verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1-də yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq ona bu barədə çıxarış verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərikimyatikinti” Trestinin Həmkarlar Komitəsinin və MMK-nin keçirdiyi birgə iclasın 02 may 1995-ci il tarixli 37 saylı Protokol- Qərarına əsasən ona Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 25 ünvanda yerləşən sahəsi 39,6 kv.metr olan 3 otaqlı mənzil verilmiş və həmin protokol təsdiq edilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-673\2021 saylı, 29.06.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə mənə həmin mənzilə dair order verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərar Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icra edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2021-ci il tarixli, 537 saylı Sərəncamı qəbul edilmişdir. Həmin sərəncama əsasən, mübahisəli mənzilə dair 3 nəfər ailə üzvü olmaqla iddiaçı ilə kirayə müqaviləsi bağlanması qərara alınmış və 27.09.2021-ci il tarixdə onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. Bu sənədləri cavabdehə təqdim edərək iddiaçı mənzilin mülkiyyət hüquqununu qeydə alınmasını xahiş etmiş və ərizəsinə sərəncamın, müqavilənin əslini, eləcə də mənzilə hüququ olan şəxslərin notraial qaydada təsdiq edilmiş razılıq ərizələrini əlavə etmişdir. Lakin cavabdeh 30.11.2021-ci il tarixli məktubu ilə mənim ərizəmi təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə aranızda bağlanmış 27.09.2021-ci il tarixli dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Bundan əlavə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasınını Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə müvafiq sənədləri əlavə etməlidir. İş materiallarında olan : -Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 20.09.2021-ci il tarixli 537 nömrəli sərəncamından görünür ki, yaşayış sahəsi 39,6 kv.m olan 3 otaqlı 47 ci məhəllə, ev 12,mənzil 25-ə dair İddiaçı ilə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsinin bağlaması qərara alınmışdır. - 27.09.2021-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayədar Sumqayıt şəhər İH Mənzil Kommunal Təsərrüfaatı İstehsalat Birliyi kirayəçi İddiaçı 47 ci məhəllə, ev 12,mənzil 25-də 39.60 kv.m 3 otaqlı yaşayış sahəsini müddətsiz istifadə üçün verir. - X2 və Xantəmirli Elşən Qeysəddin olu tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, onlar Sumqayıt şəhəri, 47-ci məhəllə,ev 12 ünvanında yerləşən ,15 saylı mənzilin Xantəmirov Qeysədin Minayət oğlunun adına özəlləşdirilməsinə etiraz etmirlər. -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-673\2021 saylı, 29.06.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı cavabdeh ünvan 5 ünvanında yerləşən mənzilə orderin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş mınzil kirayə müqaviləsinin mənzil üzərində mülkiyyət hüququnun olmamasına və zərurui sənədlərin təqdim edilməməsi səbəbi ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət teyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina bildirişi vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mənzil kirayə müqaviləsinin 2009-ci il oktuabr ayının 1-dən sonra bağlandığına istinad edərək iddiaçıya imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində hüquqları hələ 1995ci ildə yaranmışdır. Belə ki, «Azərikimyatikinti» Trestinin Həmkarlar Komitəsinin və MMKnin keçirdiyi birgə iclasın 02 may 1995-ci il tarixli 37 saylı Protokol-Qərarına əsasən ona Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 25 ünvanda yerləşən sahəsi 39,6 kv.metr olan 3 otaqlı mənzil verilmiş və həmin protokol təsdiq edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Lakin iddiaçının təqsiri olmadan həmin protokolun təsdiq edilməsi barədə sərəncam vaxtında qəbul edilməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıya mənzilə dair order verilməsi ilə bağlı hər hansı maneə olmamışdır və orderin ona vatında verilməməsi qanunsuz olmuşdur. hazırda cavabdehin bu əsasla iddiaçının mülkiyyət hüququnun qeydə almaqdan imtina etməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ididaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1də yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1-də yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar