Məhkəmə qərarları › İş №2-1(118)-653/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-653/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-653/2025 15.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (“müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx N66-cı il tarixdə Zəngilan rayonu Cahangirbəyli kəndində anadan olmuşdur. xx.xx.N93-cü il tarixdə N saylı hərbi hissədə qulluq etmişdir. Onun döyüşlərdə iştirakı arayışlarda da qeyd olunmuşdur. Daha sonra iddiaçı Müdafiə Nazirliyinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən ötrü müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh orqan iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Naziriliyinin Arxivi tərəfindən verilmiş məktubda qeyd olunur ki, İddiaçı xx.xx.N93cü il tarixdə N №-li hərbi hissə komandirinin N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmişdir, lakin onun hansı müddətə qədər xidmət etməsi barədə məlumat mövcud deyildir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 9 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 431 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçının N93-cü ilin avqust ayından sonrakı dövrdə hərbi xidməti barədə məlumatlar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarına əsasən iddiaçıya olaraq "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 2/210263 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 431 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N93-cü ilin avqust ayından sonra iddiaçının hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. • Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 431 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N93cü il tarixli 84 №-li əmrilə İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş, artilleriya divizionunda nişançı vəzifəsinə təyin olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan isə iddiaçının ərizəsinin icrasından sonuncu dəfə xx.xx.2023-cü ildə imtina etmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşayış yeri Abşeron rayonu olduğundan məhkəmə hesab edir ki, aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Məhkəmə iş materiallarını, işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir.

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddə: Aşağıdakı şəxslər müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

Maddə 7. Veteran adlarının və vəsiqələrin verilməsi. Müharibə veteranı, Silahlı qüvvələrin veteranı, əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevral 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası ( Kərki kəndi də daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın Qubadlı, Zəngilan ( Seyidlər kəndi də daxil olmaqla), Cəbrayıl, Füzuli, ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy ( Qasım İsmayılov və Şaumyan (kənd),Daşkəsən, Göygöl ( keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünü müdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü ilin 12 may tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən,bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət ( yaralanma,travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. N-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

6. Məhkəmənin mövqeyi

Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) N94-cü il 12 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Hazırkı iş materialları ilə müəyyən edildi ki, iddiaçı 5 aprel N93-cü il tarixdən N nömrəli hərbi hissədə qulluq etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 2/210263 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 431 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N93-cü ilin avqust ayından sonra iddiaçının hərbi xidməti əmrlərlə tam təsdiqlənməmişdir. Beləliklə də, onun hərbi xidmət üzrə şəxsi heyətin sıralarından tərxis olunması mötəbər sübutlarla öz təsdiqini tapmır. Bundan əlavə iddiaçının hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə arxiv arayışında arxiv məlumatları aşkar edilməmiş, hazırkı icraatda bu halı təkzib edən tutarlı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövr də xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti N93-cü il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may N94-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N96-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N96-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr N96-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N96-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar