Məhkəmə qərarları › İş №2-1(118)-654/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-654/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-654/2023 17.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı (Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan), Cavabdehin nümayəndəsi X7 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin hüquq məsləhətçisi işləyən, Xaçmaz şəhəri, Füzuli küçəsi, ev 16-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış Xaçmaz rayonu, Köhnə- Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış ünvan 4ində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8, X3, X6, X10 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3ində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının mərhum anası X2 məxsus olmuşdur. Həmin torpaq sahəsinin mərhumun adında olması qaytanlanmış kitabda aparılan qeyd təsdiq edir. Bundan başqa torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin 1200 kv m olması öz əksini tapmışdır. Lakin aqrar islahatları aparılandan sonra verilən Torpağın mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüləri səhvən 0.06 ha göstərilmişdir. Hazırda iddiaçı torpaq sahəsi üzrənidə anasının hüquqlarının qeydə alınması üçün müraciət etdikdə cavabdeh qeyd olunan torpaq sahəsinin 0,12 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar olmasına istinad edərək imtina cavabı vermişdir. Halbuki, iş materialında olan Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 613 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı protokolu ilə Xaçmaz rayonunun Müşkür sovxozu AİK üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 2363-cü mərhum X1 adına qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,12 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Beləliklə, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN- 2363A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən texniki səhvə yol verilərək səhvən orada 0,12 ha əvəzinə 0,06 ha yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı qeyd olunan torpaq sahəsinin 0.12 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların olması aşkar edilmişdir. Belə ki, qeyd olunan 0.06 ha torpaq sahəsinə dair mərhum X1 və ailə üzvlərinin adına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-2363A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.M.Əliyev iddianı qəbul etmədi və etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Xaçmaz rayon 1 saylı Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2sinə xx.xx.2007 ci il tarixdə vəfat etmiş X1 vəfatından sonra miras qalmış ünvan 3i ünvanındakı torpaq sahəsi və evə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, ünvan 3i ünvanında yaşayan İddiaçı adından ərizə daxil olmuşdur. Lakin ünvan 4i ünvanındakı torpaq sahəsi və evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün deyildir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 613 saylı arxiv arayışından görünür ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı protokolu ilə Xaçmaz rayonunun Müşkür sovxozu AİK üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 2363-cü mərhum X1 adına qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,12 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. - dekabr 1988-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd ünvan 4ində yerləşən X2 məxsus yaşayış evinə dair tərtib edilmişdir, həyətyanı torpaq sahəsinin ölçüləri 1200 kv m kimi qeydə alınmışdır. -JN-2363 A KOD 30219088 seriyalı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə X4 və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı protokolunun Müşkür sovxozuna aid hissəsinin (Köhnə Xaçmaz kəndi) və Xaçmaz rayon Müşkür sovxozu Aqrar İslahat Komissiyası üzrə pay almaq hüququ olan vətəndaşların adlı siyahısından İddiaçı aid hissəsinin təsdiqlənmiş arxiv surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2, 2.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair .....yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış əsas kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qaytanlanmış kitab üzrə iddiaçının mərhum anası C.Hacımuradovaya 0.12 ha torpaq sahəsi məxsus olmuşdur. Bu fakt yerli aqrar islahatları aparılan zamanXaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə faktiki olaraq təsdiq edilmiş və vətəndaşların adlı siyahısında da X1 adının qarşısında “0.12 ha” sözləri qeyd edilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə aid texniki pasportunda da torpaq sahəsinin ölçüləri “1200 kv m” kimi qeyd olunmuşdur. Buna baxmayaraq Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən torpaq sahəsinin ölçüsü 0.06 ha yazılmışdır. Məhkəmə tərəfindən həmin qeydin aparılması üçün əsasların məyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş, lakin bununla bağlı hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 4ində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış Xaçmaz rauonu Köhnə Xaçmaz kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar