Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-654/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakıilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-467A KOD 30304038 nömrəli topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-467A KOD 30304038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Lakin, o, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etdikdə, cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının ərizəsinə əlavə olunmuş JN-467A nömrəli “Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamə" və müraciəti idarə tərəfindən araşdırılmışdır. Qeyd olunan şəhadətnamə ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə əksini tapsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınması zamanında aqrar islahat komissiyasının İqrik kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 467-ci sırada "sahibi naməlum" kimi qeydə alınmışdır.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq ərizənin icrasından itmina edilmişdir. İş materiallarında olan : -JN-467A KOD 30304038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 nömrəli qərarı ilə Qurbanova (Dəmirçiyeva) Həqiqət Səlim qızının mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmişdir. - Məhkəmənin sorğusuna “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Quba rayonu İqriq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında Qurbanova (Dəmirçiyeva) Həqiqət Səlim qızının adı, eləcə də şəhadətnamələrin qeydiyyat kitabı aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən Quba rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il cavab məktubundan görünür ki, Quba rayon XDS Rəyasət heyətinin 21 aprel 1993-cü il tarixli 6 nömrəli iclas protokolunun 189 saylı qərarının kserosurəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Quba rayonu, İqrığ kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında Qurbanova (Dəmirçiyeva) Həqiqət Səlim qızının adı aşkar edilməmişdir. Mövcud olan Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 2 nömrəli və G.M.Əsədov adına sovxoz-texnikumun yerli Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 14 nömrəli Qərarlarının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” İş materiallarından görünür ki, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-467A KOD 30304038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmişdir. Həmçinin, iş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarının tam mətni məhkəməyə təqdim edilmişdir. Lakin həmin qərar ayrı-ayrı yerli aqrar islahat komissiyalarının qərarlarınını təsdiq edilməsi barədə olmaqla vətəndaşların adlı siyahısı həmin qərara əlavə edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1993-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin təhkim aktından görünür ki, Quba rayon XDS Rəyasət Heyətinin 21 aprel 1993-cü il tarixli 189 saylı qərarına əsasən İqriq kəndində yerləşən 0.10 ha torpaq sahəsi X1 təhkim edildi. Bununla yanaşı qeyd edilməlidir ki, müvafiq Şəhadətnamədə göstərilən ərazi idarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmışdır. Lakin şəhadətnamə idarəyə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda aqrar islahat komissiyasının İqrik kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 467-ci sırada “sahibi naməlum” kimiq eydə alınmışdır. Bu baxımından məhkəmə onu qeyd edir ki, şəhadətnamədə göstərilən məlumatlar (döngə nöqtələri, koordinatlar və s.) elektron məlumat bazasına köçürüldüyü təsdiq edilir. Lakin şəhadətnamənin qeydiyyat kitablarında həmin şəhadətnamənin qeydə alınmaması və pay torpaq almaq hüququ olan subyektlər siyahısında həmin nömrə altında “sahibi naməlum” kimi qeyd edilməsi cavabdehin və müvafiq inzibati orqanların məsuliyyət daşıdığı hal olmaqla, iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşımadığı hal kimi çıxış etmişdir. Belə olan halda isə cavabdeh tərəfindən həmin hala istinad edilməklə, mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin tələbinə zidd olmaqla, iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə sübutları məcmuu qaydada qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-654/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-654/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver