Məhkəmə qərarları › İş №2-1(118)-656/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-656/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-656/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı “Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin iddiaçıya məxsus olması faktının müəyyən edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq “Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin iddiaçıya məxsus olması faktının müəyyən edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 22 mart 1983-cü ildə Gürcüstan Respublikası Marneuli şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olan X1 anası, ünvan 2 ünvanında yaşamış X3 ilə atasıdır. X3 04 iyun 2012-cı ıl tarixdə vəfat etmişdir. Belə ki, iddiaçıya V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamə Gürcüstan Respublikası Marneuli şəhər qeydiyyat şöbəsi tərəfindən verilmişdir. O, doğulduğu gündən bu günə kimi valideynləri və öz ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 13-cü küçə, dalan-1-də yerləşən 2 saylı evdə yaşayır. İddiaçı 2012-ci ildə X2 ilə el-adətə uyğun toy etmiş və qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayır. Birgə münasibətlərindən 3 övladı - 07.09.2013-cü il təvəllüdlü X7, 07.08.2014-cü il təvəllüdlü X8 və 26.03.2017-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün həyat yoldaşı ilə rəsmi nikaha daxil ola bilməmişdir. Rəsmi nikahları olmadığı üçün də övladlarına ananın soyadı verilmişdir. Bu günə kimi iddiaçı şəxsiyyətini təsdiq edən sənəd almamışdır. Bunun üçün aidiyyəti yerlərə müraciət etdikdə müəyyən problemlərlə üzləşmişdir. Sonuncu dəfə iddiaçı Gürcütsan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İddiaçıya 06.02.2020-ci il tarixli, ******* № məktub verilmişdir və həmin məktubda V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin iddiaçıya məxsus olması faktını məhkəmə qaydasında tanıtdırdıqdan sonra bu barədə müvafiq təsdiqedici sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim edildikdən sonra qeyd edilən məsələ ilə bağlı icraat davam etdirilə biləcəyi qeyd edilmişdir. İddiaçı bircə dəfə də olsun Gürcüstan Respublikasına getməmişdir. Onsuz da şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün gedə bilməz. İddiaçı övladlarının gələcəyi üçün özünə şəxsiyyət təsdiq edən sənəd almaq istəyir. Çünki övladları onun soyadını almamışdır. Şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün iddiaçı heç bir yerə müraciət edə bilmir. İddiaçı ilə uzun müddət qonşu münasibətləri olan şəxslər də onun doğulduğu gündən bu günə kimi valideynləri və öz ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 13-cü küçə, dalan-1-də yerləşən 2 saylı evdə yaşamağını təsdiq edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessuaal Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibatı aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələrdə baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun 2.0.2-ci maddəsinə əsasən İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələryaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçıya izah edilmişdir ki, hüquqi faktın təsdiq edilməsi ilə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. İnzibati orqanın qanunsuz hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin iddiaçıya məxsus olması faktının müəyyən edilməsini istəyir. Faktın təsdiq edilməsinin məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş Abşeron rayon Qeydiyyat Şöbəsinin 28 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin iddiaçıya məxsus olması faktının təsdiq edilməsi ilə bağlı həmin orqana müraciət edilmiş, həmin orqanın qeyd edilən məktubunda həmin orqanın bu cür səlahiyyətinin olmaması iddiaçıya izah edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq səlahiyyəti olmayan orqana müraciət edilməsi iddiaçının düzgün olmayan hüquq müdafiə vasitəsi seçməsini göstərir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. İnzibati orqanın qanunsuz hərəkətlərindən isə inzibati məhkəmə icraatı qaydasında şikayət verə bilər. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə edilmiş dəyişikliklər həmin fakt təsdiqi vəya digər formada mövcud olan hüquq müdafiə vasitələrindən istifadəni istisna etmir. Qeydiyyat şöbələrinin imtinaları əsaslı olduğu halda, inzibati məhkəmələrə faktı təsdiq edərək iddianı təmin etmək etmək inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. Bu halda iddianın uğurluluq ehtimalı nəzərə alınaraq hüquq müdafiə vasitəsi seçilməsi və vəkil yardımından istifadə edilməsi məqsədəmüvafiq hesab edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar