Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-657/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı1, 3-cü şəxs Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 və onun ailə üzvlərinin adına Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” 16.05.2005-ci il tarixli, JN-185F kod 30319018 saylı şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN-184F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, İ Nügədi kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçılara ilkin olaraq Quba rayon Aqrar-İslahat Komissiyasının 10.06.1997-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmışdır. Lakin 2002-ci ildən həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq zəbt edilərək, o, həmin torpaqda özünə qeyri-qanuni yaşayış evi tikmişdir. Bu səbəbdən iddiaçılar mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindən istədikləri kimi istifadə edə bilmirlər. Bununla da göstərilən torpaq sahəsinə aidiyyatda mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh1 JN- 184F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində tikdiyi evə və torpaq sahəsinə qanunsuz olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsindən 09.12.2009-cu il tarixli, MH seriyalı, ******* saylı Çıxarış almışdır. İddiaçılar 09.12.2009-cu il tarixli, MH seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız sayılması barədə məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 24.12.2015-ci il tarixli, 2(105)-1052/2015 saylı qətnaməsi ilə onların iddiası təmin edilmiş və DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 09.12.2009-cu il tarixli, MH seriyalı, ******* saylı Çıxarış etibarsız sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 mart 2017-ci il tarixli, 2(102)-411/2017 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2(105)-1975/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Ali Məhkəmənin qəbul edildiyi andan qüvvəyə minmiş qərar ilə DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 09.12.2009-cu il tarixli, MH seriyalı, ******* saylı Çıxarışın qanunsuz verildiyi təsdiq olunmuşdur. Qərar icra olunmuş və göstərilən Çıxarış ləğv olunmuşdur. Cavabdeh1 Ali Məhkəmənin MK-nın 14 mart 2017-ci il tarixli, 2(102)-411/2017 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2018-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. Məhkəmə baxışında və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh1 iddiaçıların xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsini zəbt etdiyi və orada qeyri-qanuni yaşayış evi tikdiyi təsdiq olunmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2(105)-1975/2016 saylı qətnaməsinin 5-ci vərəqinin yuxarıdan üçüncü abzasında göstərilir: “Cavabdeh T(Təvəkkül) Q.Dadaşov tərəfindən mübahisəli evə dair reyestrdən çıxarış alınmasına baxmayaraq, həmin evin JN-184F, 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilməsi yuxarıda qeyd olunan ekspert rəyi ilə təsdiqini tapır.” Həmin qətnamənin 4-cü vərəqinin yuxarıdan birinci abzasında göstərilir: “İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2013cü il tarixli, 9243 saylı ekspert rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən mübahisəli ərazilər üzrə tərtib olunmuş 18.06.2013cü il tarixli, 17-3/475 saylı mütəxəssis rəyini nəzərə alaraq, T(Təvəkktil) Q.Dadaşov tərəfindən mişar daşından tikilmiş iki mərtəbəli yaşayış evi Quba rayon Aqrar-İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Quba rayonu, Birinci Nügədi kəndində 0.06 ha həyətyanı torpaq sahəsində tikildiyi müəyyən olunur." Ali Məhkəmənin MK-nın 14 mart 2017-ci il tarixli, 2(102)-411/2017 saylı qərarənın 4-cü vərəqinin sonuncu abzasında göstərilir: “Cavabdeh T(Təvəkkül) Q.Dadaşov tərəfindən mübahisəli evə dair reyestrdən çıxarış alınmasına baxmayaraq, həmin evin JN-184F, 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilməsi ekspertiza rəyi ilə təsdiqini tapmışdır”. Lakin DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 09.12.2009-cu il tarixli, MH seriyalı, ******* saylı Çıxarış etibarsız sayılaraq ləğv edilsə də, hal-hazırda İddiaçı1 göstərilən Çıxarışın verilməsi üçün əsas olmuş Torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN- 185F KOD 30319018 saylı Şəhadətnamə qüvvədədir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iki dəfə təyin olunmuş tikinti-texniki ekspertizalar nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2013-cü və 2015ci ildə verilmiş ekspert rəyləri ilə Torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli JN -184F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən iddiaçılara məxsus Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh1 tərəfindən yaşayış evinin tikilməsi və həmin torpaq sahəsinin onun tərəfindən zəbt olunması təsdiq olunmuşdur. Həmçinin, bu fakt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssis rəyi və Komitənin 24.09.2013-ci il tarixli, 17-10/1533 saylı məktubu ilə də təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN-185F KOD 30319018 saylı Şəhadətnamə etibarsız sayılmalıdır. Haqqında söhbət gedən Torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN-T85F KOD 30319018 saylı Şəhadətnamənin əsl nüsxəsinin Cavabdeh1 olduğundan, həmin sənədin əsl nüsxəsinin məhkəməyə təqdim olunmasının Cavabdeh1 tələb olunması xahiş edilir. Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Belə ki, göstərilən sübutların əsl nüsxələri hal-hazırda Quba Rayon Məhkəməsinin arxivində saxlanılan 2(027)-13/2015 saylı məhkəmə işindədir və həmin işin də Quba Rayon Məhkəməsindən alınaraq, sübutların əsl nüsxələrinə baxış keçirilməsi xahiş edilir. İddiaçılar Cavabdeh1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN-185F KOD 30319018 saylı Şəhadətnamənin etibarsız sayılması barədə Quba Rayon Məhkəməsində iddia qaldırmışlar. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 29.07.2020ci il tarixli, 2(105)-876/2020 saylı qərardadı ilə iddia üzrə icraata xitam verilmişdir. İcraata xitam verilməsinin əsası kimi qərardadda göstərilir: “İnzibati və hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarında (həmin Qərara 20.02.2020-ci ildə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətı müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (yə ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibatı aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya, aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ, izah olunmalıdır. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçılar əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin tərəflər şəhadətnamənin etibarsızlığı ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxsə qarşı mülki mühakimə icraatı qaydasında irəli sürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, tərəflərə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsızlığı ilə bağlı həmin reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır". Mübahisələndirən şəhadətnaməni vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət, o cümlədən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrə aid arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. Yuxarıdakılara əsasən, Cavabdeh1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN-185F KOD 30319018 saylı Şəhadətnamənin ləğv edilməsi barədə 03.10-.2020.-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 27.10.2020-ci il tarixli, **********27 saylı məktubla ərizəyə cavab verərək bildirmişdir ki, şəhadətnamə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv oluna bilər. Bu səbəbdən iddiaçılar məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşlar. Qeyd edilənləri nəzərə alaraq iddiaçılar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə digər iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, vətəndaşlar İddiaçı1 və İddiaçı2 JN-185F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi üçün 16.10.2020-ci tarixdə ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 27.10.2020-ci il tarixli **********27 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin və X1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 03.10.2020-ci il tarixli ərizəyə baxılmışdır. Ərizədə qeyd olunan JN- 185 F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olacağı təqdirdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğvi məsələsinə qanunla nəzərdə utulmuş qaydada və müddətdə baxılacaqdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası “Torpaq İslahatı haqında” Qanununun 22ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadığınız təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət etmək səlahiyyətiniz vardır. Qeyd olunanları nəzərə alaraq iddiaçılar İddiaçı1 və X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə 3-cü şəxs Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisə predmeti olan Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” 16.05.2005-ci il tarixli, JN- 185F kod 30319018 saylı şəhadətnaməni qanuni şəkildə əldə etmişdir. İddiaçı onun qardaşıdır və qeyd olunan torpaq sahəsi ilə bağlı bir neçə məhkəmə mübahisəsi olmuşdur. İddiaçının ondan tələb etdiyi torpaq sahəsinə dair o, bir neçə dəfə iddiaçıya pul ödəmişdir, lakin hər dəfə iddiaçı müxtəlif bəhanələr gətirərək ona qarşı məhkəmələrdə əsassız yerə iddia tələbi qaldırır. İddiaçı1 və onun ailəsinə verilən torpaq sahəsinin üzərində onun tərəfindən fərdi yaşayış evi tikilib. Buna səbəb isə fərdi yaşayış evinin tikintisi zamanı səlahiyyətli şəxslərinin torpağın yerinin düzgün göstərilməməsi olmuşdur. Lakin özünün adına verilmiş JN-185 F saylı şəhadətnamədə olan sahə boşdur və həmin sahə Təvizin sahibliyindədir. Hesab edir ki, onun adına 0,06 ha torpaq sahəsinə dair verilmiş torpaq şəhadətnaməsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatladırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş, digər 3-cü şəxslər isə məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahələrinə dair daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışlar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN–185F kod 30319018 saylı və JN-148F kod 30319018 saylı dövlət aktları, cavabdeh inzibati orqanın 27.10.2020-ci il tarixli **********27 nömrəli imtina məktubu, 11.02.2021-ci il tarixli **********58 nömrəli etirazı, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinin 14 aprel 2021-ci il tarixli **********64 saylı məktubu və digər səndlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsasını belə göstərmişdir ki, Quba rayon Aqrar İsahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh1 və onun ailə üzvlərinə Quba rayonunun 1-ci Nüqədi kəndində yerləşən 0,06 ha torpaq sahəsi ayrılmış həmin torpaq sahəsinə dair hüquqlar DTXK-də 1010 nömrəsi ilə qeydiyyatdan keçərək “torpağın mülkiyyətə verilməsinə dair” 16.05.2005-ci il tarixli, JN-185F kod 30319018 saylı şəhadətnamə verilmişdir. Eyni zamanda Quba rayon Aqrar İsahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinə Quba rayonunun 1-ci Nüqədi kəndində yerləşən 0,06 ha torpaq sahəsi ayrılmış həmin torpaq sahəsinə dair hüquqlar DTXK-də qeydiyyatdan keçərək “torpağın mülkiyyətə verilməsinə dair” 16.05.2005-ci il tarixli, JN-184F kod 30319018 saylı şəhadətnamə verilmişdir. Cavabdeh1 DTXK-də 1010 nömrəsi ilə qeydiyyatdan keçərək “torpağın mülkiyyətə verilməsinə dair” 16.05.2005-ci il tarixli, JN-185F kod 30319018 saylı şəhadətnamədə göstərilən hüquqları DƏDRX-nin 5 saylı Ərazi İdarəsində qeydiyyat aldırmış və buna dair MH seriyalı ******* saylı 09.12.2009-cu il tarixli çıxarış almışdır. Sumqayıt Apellyasiya Məhkəməsində tərəflər arasında olan mübahisəyə baxılarkən məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspertizanın nəticəsi olaraq Cavabdeh1 tərəfindən inşa edilən fərdi yaşayış evinin İddiaçı1 ayrılmış torpaq sahəsinin üzərində yerləşdiyi və DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın düzgün verilmədiyi müəyyən edilmişdir. Buna görədə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2(105)- 1052/2015 saylı qətnaməsinə əsasən İddiaçı1 adına verilmiş MH seriyalı ******* saylı 09.12.2009-cu il tarixli çıxarış ləğv edilmişdir. Hazırkı iddia tələbi üzrə İddiaçı1 qardaşı Cavabdeh1 adına verilmiş 16.05.2005-ci il tarixli, JN-185F kod 30319018 saylı şəhadətnamənin saxta olmasına istinad edərək ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinə ünvanladığı sorğuya verilmiş cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh1 verilmiş JN-185F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,06 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı1 verilmiş JN-184F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,06 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür və hər iki şəhadətnamə elektron məlumat bazasında öz əksini tapmışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilməmişdir. Göründüyü kimi İddiaçı1 qardaşı Cavabdeh1 adına verilmiş JN-185F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanunsuz verilməsinə dair gətirdiyi arqumentləri məhkəmədə öz təsdiqini tapmadı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 və onun ailə üzvlərinin adına Quba rayonunun 1-ci Nüqədi kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair “torpağın mülkiyyətə verilməsinə dair” 16.05.2005-ci il tarixli, JN-185F kod 30319018 saylı şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-657/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-657/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver