Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-658/2025 21.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə (Açar sözlər: subsidiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 25 may 2006-cı il tarixli, JN 456, KOD 41015005 Azərbaycan Respublikası “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, alqı-satqı müqavilələri əsasında 170,78 ha torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir.
2. 11 yanvar 2019-cu il tarixli, 3M-27 nömrəli “İcarə müqaviləsi”ndən görünür ki, icarəyə verən "xxxx" ASC ünvan 3i, Sayqan kəndi və Kalva kəndi ünvanında yerləşən ümumi sahəsi 170,78 ha torpaq sahəsinin 150 ha hissəsini icarəçi İddiaçı icarəyə verilmişdir.
3. “Elektron notariat” X1 11 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə dair elektron çıxarış.
4. 19 avqust 2020-ci il tarixli, 3M-739 nömrəli müqavilədən görünür ki, 11 yanvar 2019-cu il tarixli, 3M-27 nömrəli “İcarə müqaviləsi”nə dəyişiklik edilərək, icarəyə verən "xxxx" ASC ünvan 3i, Sayqan kəndi və Kalva kəndi ünvanında yerləşən ümumi sahəsi 170,78 ha torpaq sahəsinin 170,78 ha hissəsini icarəçi İddiaçı icarəyə verilmişdir. İcarə müddəti 19 avqust 2025-ci il tarixədək müəyyən edilmişdir.
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 17 noyabr 2023-cü il tarixli, 3-22-2/2-Ə-8xx-xx-1256/2023 nömrəli məktubundan görünür ki, 2022-2023-cü ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 169,36 ha torpaq yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün həmin əkinlərə görə subsidiya ödənilməsi mümkün olmamışdır. 2023-2024-cü əkin ili üzrə əkin subsidiyasından yararlanmaq üçün sığorta predmeti olan əkinlərin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanması, torpaq sahəsinin aqrokimyəvi analizlərinin verilməsi, eyni zamanda torpaq sahəsinə dair “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədlərin əldə edilərək EKTİS-ə daxil edilməsi tövsiyə edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 10 may 2024-cü il tarixli, 3-22-2/2-988/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.1-1-ci bəndinə əsasən, fermerə istifadəsində olan 10 ha və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X4 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X4 8 dekabr 2022-ci il tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri Elektron kənd təsərrüfatı informasiya sisteminə (bundan sonra - EKTİS) daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. 2022-2023-cü əkin ili üzrə İddiaçı əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 169,36 ha yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün, həmin əkinlərə görə ona subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Əlavə olaraq bildirillmişdir ki, İddiaçı EKTİS-ə daxil edilən torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 sayı Şamaxı Ərazi İdarəsinin 22 may 2024-cü il tarixli, 3-21-3-41/2-1044/2024 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin mütəxəssisi məktuba əlavə olunmuş "xxxx" ASC-yə məxsus JN-456 nömrəli (kod ********) Dövlət aktını elektron baza məlumatlarına və Ərazi İdarəsinin arxivində mövcud olan ikinci nüsxəsinə əsasən araşdırmış və aşağıdakılar müəyyən olunmuşdur: ilkin qeydiyyat tarixindən hazırkı günədək "xxxx" ASC-yə məxsus JN-456 nömrəli (kod ********) Dövlət aktının verilməsinə əsas olmuş sənədlər (alqı-satqı müqavilələri) Ərazi İdarəsinə verilməmiş və eyni zamanda, sözügedən torpaq sahəsinə dair Ərazi İdarəsində heç bir hüquqmüəyyənedici (çıxarış) və texniki (plan ölçü) sənədi aşkar edilməmişdir; "xxxx" ASC-yə məxsus JN-456 nömrəli (kod ********) Dövlət aktında torpaq sahələrinin koordinatları ayrı-ayrılıqda qeyd olunmuşdur; "xxxx" ASC-yə məxsus JN-456 nömrəli (kod ********) Dövlət aktı araşdırılarkən məlum olmuşdur ki, həmin Dövlət aktı alqı-satqı qaydasında ayrı-ayrı vətəndaşların pay torpaqlarının alınmasından yaranmışdır ki, pay torpaqları da xüsusi mülkiyyətə verilmiş torpaq sahələridir; Vətəndaşlara verilmiş pay torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir; "xxxx" ASC-yə məxsus 170,78 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün Ərazi İdarəsinə müraciət edilmədiyindən müayinə aktı tərtib olunmamışdır; "xxxx" ASC-yə məxsus JN-456 nömrəli (kod ********) Dövlət aktında göstərilən torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda naturada faktiki istifadə vəziyyətinin koordinatları müəyyən olunmadığına görə, sənəd üzrə olan torpaq sahələrinin hər hansı bir başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini, həmçinin hər hansı bir şəxs tərəfindən naturada istifadə edilibedilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, məktubda qeyd olunan Şərədil və Saqiyan (hazırda Günəşli) kəndləri Şamaxı rayonunun, Kalva kəndi isə Ağsu rayonunun inzibati ərazisində yerləşir.
8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 27 may 2024-cü il tarixli, 3-22-2/2-1076/2024 nömrəli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, 2022-2023-cü əkin ili üzrə aqrokimyəvi analizlərin verilməsi üçün müəyyən edilmiş müddətdə İddiaçı tərəfindən aqrokimyəvi analizlər verilməmişdir. Habelə, 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə İddiaçı tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilən 169,36 ha yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmamışdır. İddiaçı ilə yazlıq əkinlər üzrə sığorta müqavilələrinin bağlanılmasının vacibliyi, sığorta haqqı və ödənişin həyata keçirilmə qaydası barədə SMS bildirişlərinin göndərilibgöndərilməməsi barədə məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə Aqrar Sığorta Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı 170,78 ha torpaq sahəsindən istifadə hüququna dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi (JN 0456, kod ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilməmişdir. Torpaq sənədi barədə məlumatların inteqrasiya olunmaması barədə əlavə məlumat əldə edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 20 sentyabr 2024-cü il tarixli, 3-21-3-02/2-11659/2024 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi idarəsinin və "xxxx" MMC-nin arxivində JN-456 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş sənədlər, eləcə də JN-456 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qüvvədən düşməsinə dair məlumat aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində aşkar edilmiş JN-456 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətini qoşma şəklində göndərilmişdir (§1). Həmin aktda torpaq sahəsinin koordinatları, planı (cizgisi) (miqyas 1:5000; 1:2000; 1:1000; 1:10.000).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.600 manat məbləğində subsidiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsində müxtəlif dənli bitkilərin əkilib-becərilməsi ilə məşğul olur. Keçən il də iddiaçı tərəfindən torpaq sahələrində müvafiq əkin-biçin işləri aparılmış, lakin obyektiv səbəblərdən həmin torpaq sahəsində əkilmiş ərazidən taxıl və dənli bitkilərinin məhsullarını götürmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli, 759 saylı Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydaları”na görə fermerlərə istifadəsində olan 10 ha və daha artıq olan torpaq sahələrində əkilən taxıl məhsullarına görə müvafiq subsidiyalar verilir. İddiaçı da həmin subsidiyaların alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin subsidiyanın ödənməsindən imtina edilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmin əkin sahəsinin sığortalanması ilə əlaqədar tələb olunan bütün məlumatları cavabdehin yerli regional nümayəndəliyinə təqdim etmişdir. Lakin onlar həmin məlumatları elektron sistemə gec yükləmişdilər. Bu da iddiaçının günahı səbəbindən baş verməmişdir. Ona görə də hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuz olduğu üçün, iddiaçının iddiası təmin edilməli və cavabdehdən müvafiq subsidiyanın alınaraq ona ödənilməsi təmin edilməlidir.
12. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 32-ci maddələrinə istinad olunmuşdur.
13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2022-2023-cü illərə görə ödənilməmiş subsidiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 21 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. Məhkəmənin 19 aprel 2024-cü il tarixli, 2-1(118)-2493/2024 nömrəli qərardadı ilə Aqrar Xidmətlər Agentliyi üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
16. Məhkəmənin 5 noyabr 2024-cü il tarixli, 2-1(118)-2493/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(118)-2493/2024 nömrəli qərardadı ləğv edilmişdir.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmiş, o cümlədən müvafiq qurumlara mübahisə predmetinə dair sorğular göndərilmiş, mütəxəssis rəyi alınmışdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçıya verilmiş imtina (§5) və məhkəməyə təqdim edilmiş məlumat məktubunda (§6) göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4, 3.1-1, 3.8, 5.1-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddia tələbi ilə razılaşmamış, etirazın dəlillərini müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi sığorta edilməmiş, aqrar kimyəvi analiz olunmamış, yerində yoxlamalar keçirilməsi zamanı da nöqsanlar müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
M a d d ə 4 . Torpaq sahəsi
1. Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. (-)
M a d d ə 1 0 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi - torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.
4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 4-1. Yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır.https://eqanun.az/framework/46942 (Bu hissə 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.)
5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.
M a d d ə 1 2 . Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. (-)
M a d d ə 1 3 . Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
32. Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”
1. Ümumi müddəalar
1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra - EKTİS) altsistemi; (-) 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya; (-)
2. Subsidiyaların verilməsinin təşkili
(-) 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. (-)
3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi
3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi (-) 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. (-)
5. Monitorinq və qiymətləndirmə
5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: 5.1.1. çarpaz - elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin, habelə dincə qoyulmuş torpaq sahələrinin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. (-)
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
35. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan hallara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
36. Belə ki, yuxarıda qeyd edilmiş normalarla yanaşı, “X2 və X5 X3” Kommersiya Təşkilatları üçün 17 №-li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il “29” dekabr tarixli i-130 nömrəli əmri ilə təsdiq edilmişdir. Qeyd olunan sənəddə subsidiyanın mahiyyətini anlamaq və tətbiq etmək üçün aşağıdakı mühüm müddəalar mövcuddur:
37. ƏSAS ANLAYİŞLAR.
7. Bu Stаndаrtda istifadə еdilmiş əsas аnlayışlar аşаğıdakı mənaları ifadə еdir: Dövlət – dövlətin özü, dövlət orqanları və analoji təşkilatlar, o cümlədən yerli, milli və beynəlxalq təşkilatlar nəzərdə tutulur. Dövlət yardımı – müəyyən meyarlara cavab verən müəssisə və ya müəssisələr grupuna aid xüsusi iqtisadi səmərənin təmin edilməsinə yönəlmiş dövlət fəaliyyətidir. Bu Standart kontekstində dövlət yardımı, inkişaf sahələrində infrastrukturun yaradılması və ya rəqiblərə ticarət məhdudiyyətlərinin qoyulması kimi ümumi ticarət şəraitinə təsir edən fəaliyyətlər vasitəsilə dolayı olaraq təmin edilən səmərələri nəzərdə tutmur. Hökumət subsidiyaları – müəssisənin əməliyyat fəaliyyəti ilə əlaqədar müəyyən şərtlərin keçmişdə və ya gələcəkdə yerinə yetirilməsinə görə müəssisəyə resursların köçürülməsi formasında olan dövlət yardımıdır. Dəyəri əsaslandırılmış surətdə qiymətləndirilə bilməyən dövlət yardımları, eləcə də müəssisənin adi ticarət əməliyyatlarının bir hissəsini təşkil edən dövlət ilə əməliyyatlar hökumət subsidiyalarına aid deyil. Aktivlərə aid olan subsidiyalar – verilməsinin əsas şərti subsidiya almaq hüququna malik olan müəssisə tərəfindən uzunmüddətli aktivlərin satın alınmasını, tikilməsinı və ya digər yolla əldə edilməsinı tələb edən hökumət subsidiyalarıdır. Bu subsidiyalar üçün aktivlərin növünü, onların yerləşməsini və ya əldə edilməsi və saxlanması müddətlərini məhdudlaşdıran əlavə şərtlər də irəli sürülə bilər. Gəlirə aid olan subsidiyalar – aktivlərə aid olmayan hökumət subsidiyalarıdır. Bağışlanan borclar – müəyyən razılaşdırılmış şərtlərin yerinə yetirilməsi şərtilə kreditor tərəfindən verilən borcların geri qaytarılması tələb olunmayan borclardır.
8. Hökumət subsidiyaları bəzən digər terminlər, məsələn, dotasiya, subvensiya və ya mükafat adları ilə də göstərilə bilər. Hökumət subsidiyaları onlara verilən bu adlarla deyil, hökumət subsidiyaları anlayışına əsasən müəyyənləşdirilməlidir. HÖKUMƏT SUBSİDİYALARİ
9. Hökumət subsidiyaları, o cümlədən ədalətli dəyəri ilə qiymətləndirilən qeyri-monetar subsidiyalar, aşağıdakılar barədə əsaslandırılmış əminlik yarandıqda tanınmalıdır: (a) müəssisənin subsidiyaların alınması ilə bağlı şərtləri yerinə yetirəcəyi; və (b) subsidiyaların alınacağı.
10. Subsidiyanın alınması, özü-özlüyündə onunla bağlı şərtlərin yerinə yetirildiyini və ya yerinə yetiriləcəyini qəti sübut etmir.
38. Göründüyü kimi, yuxarıda qeyd olunmuş müddəaların məzmunundan müəyyən olunur ki, subsidiyanın alınması özlüyündə son olaraq onu sübut etmir ki, bütün şərtlər yerinə yetirilmiş, və yaxud yerinə yetiriləcəkdir. Burada əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərti-geriqaytarılmayan borc olan dövlət subsidiyası verilir.
39. Bu səbəbdən məhkəmə tələb üzrə öz araşdırmasını “ağlabatan inam” çərçivəsində aparmışdır.
40. İş materialında olan sənədlərə əsasən aydın olur ki, iddiaçı cavabdeh orqana əkin subsidiyasının alınması ilə əlaqədar müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Cavabdehin imtinasının, eyni zamanda, məhkəməyə təqdim edilmiş etirazının dəlili ondan ibarətdir ki, 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTlS-ə daxil edilən 169,36 hektar yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün həmin əkinlərə görə subsidiya ödənilməsi mümkün olmamışdır. Həmçinin, EKTİS-ə daxil edilən torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1- ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir.
41. Cavabdehin imtina məktubunda və məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubundan qeyd edildiyi kimi, iddiaçıya 2022-2023 əkin ili üzrə onun əkin subsidiyasından yararlanması üçün 169,36 ha yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün, həmin əkinlərə görə ona subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Həmçinin, torpaq sahəsindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil etməsi tövsiyə olunmuşdur.
42. Məhkəmənin 13 fevral 2025-ci il tarixli iclasında iştirak edən iddiaçı izahat verərək iddia tələbini müdafiə etmiş və qeyd etmişdir ki, onun tərəfindən əkin sahəsinin sığortalanması ilə bağlı tələb olunan bütün sənədlər cavabdehin yerli regional nümayəndəliyə təqdim etmişdir. O, 2023-2024-cü illər üçün subsidiya almışdır, 2022-ci il üçün isə ona subsidiya verilməmişdir. 2022-ci ildən əvvəl də iddiaçıya subsidiya ödənilmiş, o, əvvəlki kimi eyni qaydada müraciət etmişdir, lakin eyni sənədlərin təqdim edilməsinə baxmayaraq, subsidiya ödənilməmişdir. Onun tərəfindən regional şöbəyə bəyənnamə təqdim edilməsinə baxmayaraq, şöbə tərəfindən təsdiq barədə xəbərdarlıq (mesaj) gəlməmiş, bu səbəbdən də sığortanı onun tərəfindən ödənilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən yoxlamalar aparılmalıdır, lakin monitorinq keçirilməmişdir. Monitorinqin keçirilməsi də bəyənnamənin təsdiq edilməsi ilə əlaqədardır. Analizlərin verilməsi ilə bağlı isə bildirmişdir ki, həmin analizlər iki ildən bir verilir, sonuncu dəfə isə 2021-ci ildə verilmişdir.
43. Yəni, iddiaçı tərəfin mövqeyinə görə cavabdeh orqan tərəfindən monitorinq keçirilmədiyi üçün, bəyənnamə təsdiq edilməmişdir. Bəyannamə təsdiq edilmədiyi üçün, sığortanın onun tərəfindən ödənilməsi mümkün olmamışdır. Torpaq sahəsinin aqrokimyəvi analizləri 2 ildən bir verilir ki, 2021-ci ildə vermişdir və həmin il üçün subsidiya da almışdır. O cümlədən 2023-2024-cü illər üçün də subsidiya almışdır. Cavabdeh orqan tərəfindən iddiaçının izahatına münasibətdə, monitorinqin keçirilməsi məsələsinə dair heç bir sübut təqdim edilməmiş, hər hansı bir məlumat verilməmişdir.
44. Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən, fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. 2.8ci bəndinə əsasən, DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 2.11. SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
45. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN 456, KOD 41015005 Azərbaycan Respublikası “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” 170,78 ha torpaq sahəsi "xxxx" ASC-yə məxsusdur.
46. Eyni zamanda, qeyd edilən dövlət aktının qüvvədən düşməsinə dair məlumat aşkar edilməmişdir. Həmin torpaq sahəsi ASC ilə iddiaçı arasında bağlanmış müqavilə ilə iddiaçının icarəsinə verilmişdir.
47. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş torpaq sahəsinin müayinə aktından müəyyən edilir ki, JN-456 nömrəli (kod ********) Dövlət aktında torpaq sahələrinin koordinatları ayrı-ayrılıqda qeyd olunmuş, Dövlət aktı alqı-satqı qaydasında ayrı-ayrı vətəndaşların pay torpaqlarının alınmasından yaranmışdır ki, pay torpaqlarıda xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir.
48. Beləliklə, işin mübahisəsiz hallarına görə JN 456, KOD 41015005 Azərbaycan Respublikası “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən və iddiaçıya icrarə müqaviləsi əsasında ayrılan 170,78 ha torpaq sahəsi hazırda da onun faktiki olaraq istifadəsindədir və torpaq sahəsinin koordinatları da müəyyəndir.
49. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci bəndində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi fermerlərin bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müəyyənləşdirilən müddətlərdə tələb olunan sənədləri siyahısına daxil edilmiş, bu Qaydalarda 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da tələb olunmuşdur. Hazırki tələb isə 2022-2023-cü illərə görə ödənilməmiş subsidiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 22 dekabr 2023cü il tarixli, 2-1(102)-2925/2023 saylı qərarında qeyd olunur ki, “... Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. 53. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. 54. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. 55. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. 56. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. 57. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. 58. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. ...”
51. Yuxarıda sadalanan halları məhkəmə ümumilikdə qiymətləndirərək hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya münasibətdə ağlabatan inam mövcud olduğundan, iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
52. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 2022-2023-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova