Məhkəmə qərarları › İş №2-1(118)-66/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-66/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-66/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Ərazi Baş İdarəsinə qarşı “Yoxlamanın nəticələri barədə **********191675 saylı qərarın və **********152852 saylı mütəxəssis cəlbi barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi 30.05.2019-cu il tarixdə **********152166 saylı qərara əsasən onun mülkiyyətində olan Abşeron rayonu , Aşağı Güzdək qəsəbəsində yerləşən istixanada fəaliyyətinin yoxlanılması məqsədilə səyyar vergi yoxlamasına başlamışdır. Yoxlama zamanı yoxlamaya kömək məqsədilə 07.06.2018-ci il tarixli **********152852 saylı qərar əsasında bağlanmış müqavilə ilə Azərbaycan Respublikası Ticarət və sənaye Palatası "Azərekspertiza" Birliyindən mütəxəsis qismində X4 dəvət edilmişdir. X4 hesablamalarını tam reallıqdan kənar olaraq cavabdehin sifariş və göstərişi əsasında hesabamışdır. Belə ki, mütəxəsis hesablaması zamanı istixana kompleksinin tikintisinə çəkilən əmək haqqı xərcinin qiymətləndirmə cədvəlində olan hesablamanın birinci, ikinci, dördüncü və onuncu sətrlərində düzgün hesablama aparılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbininə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması üzrə tərtib edilmiş **********191675 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh vergi orqanının 30.05.2018-ci il tarixli **********6179590 nömrəli qərarına əsasən iddiaçıda aprel 2015 - mart 2018 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçrilməsi haqqında” 30.05.2018-ci il tarixli **********6179590 saylı Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY181255437 saylı Çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 31.05.2018-ci il tarixli **********152237 saylı Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş, sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi ilə məşğul olmuşdur. İddiaçı keçirilən səyyar vergi yoxlamanın nəticəsi olaraq 23.08.2019-cu iul tarixdə **********179590 nömrəli akt tərtib olunmuş və 25.10.2019-cu il tarixdə **********191675 nömrəli “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmış və 25.10.2019-cu il tarixdə vergi ödəyicisinə poçt vasitəsi ilə təqdim olunmuş, 22.11.2019-cu il tarixdə vergi ödəyicisinin etibarnamə ilə nümayəndəsi olan X2 tərəfindən qərar imzalanaraq əlbəəl təqdim olunub. Cavabdeh vergi orqanının 25.10.2019-cu il tarixli **********191675 nömrəli “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə vergi ödəyicisinə 2018-ci iilin 1-ci rübü üzrə 9043,44 manat ödəmə mənbəyindən tutulan vergi məbləği, 4721,72 manat maliyyə saksiyası, cəm olaraq 13765,16 manat məbləği olmaqla məsuliyyətə cəlb edilmişdir. Belə ki, Azərbaycan respublikası Ticarət və X1 Birliyi tərəfindən təqdim edilmiş 12.12.2018-ci il tarixli 519 saylı mütəxəsis rəyinə əsasən Abşeron rayonu Aşağı güzdək qəsəbəsində yerləşən 2.5 ha ərazidə istixananın tikintisi və quraşdırılmasına 237926,0 manat əmək haqqı xərcinin çəkilməsi müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən , o cümlədən qarşılıqlı əlaqələrə dair təqdim olunmuş sənədlərə əsasən qeyd olunan ərazidə istixananın tikintisinin yalnız montaj işlərini 03.10.2017-ci i tarixli müqavilə əsasında Green Con MMC (VÖEN: **********) şirkəti həyata keçirmiş və göstərilən xidmətin dəyəri 170000,0 manat vergi ödəyicisi tərəfindən MMC-yə ödənilmişdir, o cümlədən vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrində (01.04.2015-31.12.2017) muzdlu işə cəlb olunmuş fiziki şəxslərə 3330.0 manat əmək haqqı hesabladığı müəyyən olunmuşdur. Beləliklə istixananın tikintisi zamanı vergi ödəyicisi tərəfindən 9043.44 manat (237926-170000-3330=64596*14%) ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən bəyannamə təqdim etməməklə 2018-ci ilin 1cü rübü üzrə 9043.44 manat məbləğində ödəmə mənbəyində tutulan verginin yayındırılmasına görə 50% məbləğində, yəni 4521.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd göstərilənlərə görə iddia tələbi əsasizdır və rədd edilməlidir: İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh vergi orqanı tərəfindən yoxlamaya cəlb edilmiş mütəxəssis hesablamanı tam reallaqdıqdan kənar cavabdehin sifarişi əsasında hesablama aparmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, iddia ərizəsində hesablamanın düzgün aparılmadığını qeyd etsə də bunu təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Ekspert və mütəxəssisin işin nəticəsində maraqlı şəxs olması qanunvericiliyə əsasən qadağan edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə əsasən ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Eyni qayda ilə Vergi Məcəlləsinin 45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında əoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti ,ə mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Bundan oaşqa Vergi Məcəlləsinin 45.2,-ci maddəsinə əsasən mütəxəssis işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə :raatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı təssərrüfatında səyyar vergi yoxlaması keçirmiş və 25.10.2019cu il tarixdə **********191675 nömrəli “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. Qeyd olunan qərara əsasən iddiaçıya vergi borcu hesablanmışdır. Həmin qərar ilə razılaşmayan iddiaçı ona qarşı hesablanmış vergi borcunun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən İddiaçı hesablanan vergi məbləği Azərbaycan Respublikası Ticarət və X1 Birliyi tərəfindən verilmiş 12.12.2018-ci il tarixli 519 saylı mütəxəsis rəyi ilə əsaslandırılmışdır. Belə ki, qeyd olunan rəyə əsasən iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan 2.5 ha topaq sahəsinin üzərində inşa edilmiş istixananın tikintisi və quraşdırılması üçün 237.926,0 manat əmək haqqı xərci çəkilmişdir. Mütəxəsis rəyinə əlavə edilmiş cədvələ əsasən həmin məbləğə sahənin tikintiyə hazırlanması üçün 25.000 manat, tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması üçün 17.622 manat, sahənin alt sisteminə drenaj sistemin qurulması üçün 16.000 manat, əkinə yararlı torpağın istixanaya daşınması üçün 20.800 manat, əkin sahəsinə plasmas su borularının çəkilməsi üçün 36.000 manat, istixananın dəmir konstruksiya ilə quraşdırılması üçün 52.200 manat, istixanada istilik sisteminin quraşdırılması üçün 35.000 manat, istixanada hava ventilyatorunun quraşdırılması üçün 4.500 manat,istixanada elektrik işlərinin quraşdırılması üçün 6.804 manat, istixana daxilində beton döşəmənin salınması üçün 24.000 manat-ümumilkdə 237.926 manat əmək haqqı xərci müəyyən edilmişdir. Qeyd olunan məbləğdən vergi orqanı tərəfindən 173.330 manat xərc kimi çıxılaraq 64.596 manat*14%=9043.44 manat və həmin məbləğə 4521.72 manat maliyyə sanksiyası, ümumilikdə 13.565,16 manat ÖMV hesablanmışdır. Vergi orqanı tərəfindən istixana kompleksinin tikintisinə çəkilən əmək haqqı xərclərinin hesablanması ilə bağlı iddiaçı 26.10.2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə şikayət etmiş və həmin şikayətdə sahənin tikintiyə hazırlanması üçün 8.100 manat xərcləndiyi tədqirdə 25.000 manat hesablanmasına, tikinti sahəsindən yarasız materialların qazılıb 25 km masəfəyə daşınmasına, örtüyünün 663 kv.m sahəsi əhatə etməsinə baxmayaraq 12.000 kv.m kimi göstərilməsinə etirazını bildirmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən iki dəfə müvafiq ekspertiza təyin edilərək, qeyd olunan istixana kompleksinə məhkəmə baxışı keçirilmişdir. Keçirilmiş ekspertizanın və məhkəmə baxışının nəticəsi olaraq, müəyyən edilmişdir ki, istixana daxilində beton döşəmə 12.000 kv.m deyil 663 kv.m sahəyə salınıb və həmin beton döşəmənin salınması üçün 1 kv.m üçün 2 manat əmək haqqı xərci çəkilib. İstixana kompleksi konstruksiyasının sağ və sol tərəfi torpaq örtüyüdür və həmin torpağın üstünün bərkidilməsi üçün ağ bez parça materialından istifadə olunmuşdur. Əməkhaqqı xərcinin çəkilməsi ilə bağlı vergi orqanı tərəfindən iddiaçıya ÖMV hesablanarkən istinad etdiyi 12.12.2018-ci il tarixli 519 saylı mütəxəssis rəyinə əlavə edilmiş qiymətləndirmə cədvəlində görülən işlərin dəyəri barədə dəqiqləşdirmə aparılması məqsədi ilə məhkəmə tərəfindən iki dəfə təyin edilmiş ekspertiza qarşısında qoyulmuş sullar torpağın yerquruluşu, relyefi haqqında heç bir sənəd olmaması səbəbindən cavablandırılmamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçıya ÖMV hesablanarkən istinad etdiyi 12.12.2018-ci il tarixli 519 saylı mütəxəssis rəyi istixana kompleksi tam hazır olduqdan sonra verilib və həmin torpaq sahəsinin relyefi və yerquruluşu barədə hər hansı bir sənəd mövcud olmadığı tədqirdə sahənin tikintiyə hazırlanması, o cümlədən tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı dəqiq məlumatın verilməsi mümkün deyil. Belə ki, istixana kompleksinin yerləşdiyi torpaq sahəsinin hazırlanması üçün yarasız materialların daşınması və sahənin tikintiyə hazırlanması zamanı hansı vəziyyətdə olması ilə bağlı hər hansı bir tutarlı dəlil mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, 12.12.2018-ci il tarixli 519 saylı müxəssis rəyinin mübahisə edilən hissəsinə vergi orqanı tərəfindən istinad edilməsi düzgün deyil. Məhkəmə hesab edir ki, sahənin tikintiyə hazırlanması üçün əməkhaqqı xərcinin 25.000 manat deyil, iddiaçı tərəfindən 26.10.2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində etiraf etdiyi 8.100 manat kimi qəbul edilməlidir. Tikinti sahəsindən yararsız materilların qazılıb 25 km məsafəyə daşınması və beton döşəmənin 12.000 kv.m əraziyə salınması öz təsdiqini tapmadığına görə həmin iş üçün hesablanmış ÖMV və maliyyə sanksiyaları silinməlidir. Nəzərə alınmalıdır ki, istixana daxilinə yararlı torpaq sahəsi deyil, 0,20x0.15x1m ölçülü xüsusi qablara mövcud olan məhluldur. Vergi orqanı tərəfindən hesablanmış ÖMV həmin məhlulun satışı ilə deyil, məhlulul yerləşdiyi xüsusi qabların istixanaya daşınması və quraşdırılması üçün hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə çəkilən əmək haqqı xərci ağlabatandır. Digər tərəfdən vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Lakin bütün bunlara baxmayaraq, vergi orqanı İddiaçı əsassız olaraq ÖMV hesablamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sahənin tikintiyə hazırlanması üçün vergi orqanı tərəfindən hesablanmış məbləğdən 2.366 manat (25.000-8.100=16.900x14=2366), tikinti sahəsindən yararsız materilların daşınması üçün hesablanmış məbləğən 2.467 manat (17.622x14=2.467) və beton döşəmənin salınması üçün hesablanmış məbləğdən 3.174,36 manat (24.000-1326=22.674x14=3174,36) silinməlidir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 25.10.2019-cu il tarixli **********191675 saylı qərarı ÖMV üzrə 8.007,36 manat, maliyyə sanksiyası üzrə 4.003,68 manat hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini pozmuşdur. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 25.10.2019-cu il tarixli **********191675 saylı qərarı ÖMV üzrə 8.007,36 manat, maliyyə sanksiyası üzrə 4.003,68 manat hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar