Məhkəmə qərarları › İş №2-1(118)-66/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-66/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-66/2022 22.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (“LCG” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümaəndəsi X2nun (DƏDRX-nin 5 saylı Ərazi İdarəsində hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi 57- saylı evdə yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-420, KOD 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 13,50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyesrtində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN- 420, KOD 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 13,50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyesrtində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 6 saylı qərarı ilə iddiaçıya satılmış 13,50 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən JN-420 Kod 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçı 18 ildir ki, həmin torpaq sahəsindən maneəsiz istifadə edir, taxıl əkir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-420 Kod 30408018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında dövlət reyestrindən çıxarış alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarədən ona rəsmi məktubla bildirmişlər ki, dövlət aktı idarənin elektron baza məlumatlarında və dövlət aktının qeydiyyat kitabında öz əksini tapmadığından və həmin torpaq sahəsi guya kənd təsərrüfatlı olduğundan müraciətinin təmin olunmasından imtina edildi. O, ilkin hüquqmüəyyənedici sənədlərin əsillərini və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əslini təqdim etməyinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etdilər. O, 2002-ci ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almışdır. Torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsində tərtib olunaraq mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazada və qeydiyyat kitabında olmaması onun təqsiri deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı JN-420 KOD 30207078 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 13.50 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş JN- 420 KOD 30408018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının qeydiyyat kitablarında öz əksini tapmamışdır. Bundan əlavə JN-420 KOD 30408018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən kordinatlara əsasən 5 saylı Xaçmaz ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərinə kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsinə aid olduğu müəyyən olunmuşdur.Torpaq sahəsinin bir hissəsi Ərazi İdarəsinin xəritəsinə əsasən digər şəxsin mülkiyyətinə olan torpaq sahəi ilə kəsişir. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı münasibət bildirilməmişdir. İş materiallarında olan : - -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1817/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2-1(105)-313/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Dəvəçi (Şabran) rayon Rəhimli bələdiyyəsinin 29 aprel 2002-ci il tarixli 06 saylı qərarından görünür ki, İddiaçı bələdiyyənin ehtiyat fondundan 13.50 ha torpaq sahəsinin satılması qərar alınmışdır. - xx.xx.2002-ci il tarixli qəbzdən görünür ki, İddiaçı torpaq satış ilə bağlı Dəvəçi rayonu Rəhimli bələdiyyəsinin hesabına 35402.319 manat ödəmişdir. -Torpaqların alqı-satqısına dair xx.xx.2002-ci il tarixli aktdan görünür ki,Dəvəçi rayon Rəhimli bələdiyyəsi İddiaçı bələdiyyənin ərazisindən 13.50 hektar torpaq sahəsini satmışdır. -420 KOD 30408018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin sənəd İddiaçı Dəvəçi (Şabran) rayon Rəhimli bələdiyyəsinin 29 aprel 2002-ci il tarixli 06 saylı qərarı ilə satılmış 13.50 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - DTXK-nin Dəvəçi rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli aktdan görünür ki, İddiaçı ayrılmış 13.50 ha torpaq sahəsi ölçülərək ona ayrılmışdır. -DTXK-nin Dəvəçi rayon şöbəsinin xx.xx.2002-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı, məqsədi ilə 13.50 torpaq sahəsinin satılması məqsədəuyğun hesab edilmişdir. - İddiaçı tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, mülkiyyətində olan 13.50 torpaq sahəsinin qonşu mülkiyyətçisi ilə kəsişən hissəsindən imtina edir.Qalan hissəyə dair reyestdrdən çıxarışın verilmsinə etiraz etmir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, JN-420 KOD 30408018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” ında göstərilən torpaq sahəsi Şabran rayonu Rəhimli bələdiyyəsinə verilmiş xx.xx.2019-cu ii tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyest nömrəli çıxarışla kəsişir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********04 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məhkəmənin iş materiallarına əlavə edilən DTXK-rfin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsi tərəfindən verilmiş JN-420 KOD 30408018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ayrılmış 13.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri ƏMDX-nin elektron baza məlumatlarında öz əksini tapmamamışdir. X3 qeyd edilən koordinatlara əsasən torpaq sahəsini xəritə üzərində təyin etdikdə məlum olmuşdur ki, İddiaçı iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçı iddia etdiyi torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahələri ilə kəsişmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını üç dəlillə əsaslandırmışdır: 1)iddiaçıya verilmiş dövlət aktının elektron baza məlumatlarında və təhvil verilmiş dövət aktlarının qeydiyyat kitablarında öz əksini tapmaması; 2) iddiaçıya satılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması; 3) torpaq sahəsi başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsi. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə iddiaçıya satımış torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməməsi müəyyən edislə də, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması öz təsdiqini tapdı. Bu hal isə özü-özlüyündə iddia tələbinin təmin edilməsini istisna edir. Belə ki,Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Bununlal bağlı məhkəmə mütəxəssis qarşısında sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olması barədə sual qoymuşdur. Mütəxəssis verdiyi rəydə torpsaq sahəsinin kənd təsərrüfatına yararlı olmasını bildirmişdir. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar