Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-660/2024 23.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinə qarşı “Avaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 saylı qərarına əsasən ona ayrılmış 0.28 ha torpaq sahəsindən yerdə qalan 0,03 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə yerinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ona qalan 0.04 ha torpaq sahəsinin, o cümlədən Bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarına əsasən həmin ərazidə qalan 0.03 ha torpaq sahəsinin təhkim edilməsi vəzifəsini cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayon Avaran Bələdiyyəsindən alqı-satqı yolu ilə bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarına əsasən 0.28 ha boş torpaq sahəsi almış, onu rəsmi qaydada aldığı torpaq sahəsində abadlaşdırma işləri aparmış, orada ev tikmişdir.Lakin sonradan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-82/2018 saylı Qərarı ilə X1 Qusar rayon Avaran Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilməklə Bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarı 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. İddiaçı bundan sonra cavbehə yazılı müraciət edərək,dəyərini ödəməklə aldığı torpaq sahəsinin əvəzinə ona torpaq verilməsini xahiş etmiş və Bələdiyyə tərəfindən başqa ərazidən o, 0.24 ha torpaq sahəsi ilə təmin olunmuşdur. İddiaçı təkrar Bələdiyyəyə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, qalan 0.04 ha torpaq sahəsini, o cümlədən Bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarına əsasən həmin ərazidə qalan 0.03 ha torpaq sahəsini təhkim etməsini xahiş etmişdir. Onun müraciətinə cavabdeh məktubla müsbət cavab verməsinə baxmayaraq Bələdiyyə onu torpaqla təmin etmir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi X3 bildirmişdir ki, İddiaçı qərarla ayrılmış 0,28 ha torpaq sahəsinin bələdiyyə qərarının 0,25 ha hissəsi məhkəmə qərarı ilə ləğv olunub, lakin 0,03 ha torpaq sahəsinə aid olan hissədə bələdiyyə qərarı qüvvədədir. Lakin, həmin 0,03 ha torpaq sahəsi çox əlverişsiz yerdə yerləşir. Buna baxmayaraq həmin torpaq sahəsi bələdiyyə tərəfindən ayrıldığına görə yerinin göstərilməsidə onların vəzifəsidir. Qeyd olunan əraziyə daxil olaraq iddiaçıya yerinin təhvil verilməsi üçün 3-cü şəxs tərəfindən maneələr yaradılır. Ona görə də qeyd olunan hərəkətləri müstəqil şəkildə yerinə yetirmək mümkün olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Avaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 saylı qərarının surəti, alqı-satqı aktının surəti, DT və XK-nın rəyi, Avaran Bələdiyyəsinin 10 may 2023-cü il tarixli məktubu və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Cavabdeh xx.xx.2007-ci il tarixli 32 saylı qərarının verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Bələdiyyə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının əldə etmək istədiyi olan torpaq sahəsi Cavabdeh xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə torpaq sahəsinin ayrılması səlahiyyəti Avaran Bələdiyyəsinə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Cavabdeh müraciət etmiş və inzibati orqanın iddiaçının müraciətinə rəsmi müsbət cavab bildirsə də verdiyi vədə əməl etməmişdir. Bu səbəbdən iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qusar rayon Avaran Bələdiyyəsindən alqı-satqı yolu ilə bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 nömrəli qərarına əsasən 0.28 ha torpaq sahəsi almışdır. Lakin sonradan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-82/2018 nömrəli Qərarı ilə X1 Qusar rayon Avaran Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilməklə Bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarı 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. İddiaçı bundan sonra cavbehə müraciət edərək, dəyərini ödəməklə aldığı torpaq sahəsinin əvəzinə ona torpaq verilməsini xahiş etmiş və Bələdiyyə tərəfindən başqa ərazidən ona 0.24 ha torpaq sahəsi ilə təmin olunmuşdur. İddiaçı təkrar cavabdehə müraciət edib, bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarına əsasən həmin ərazidə qalan torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə yerinin göstərilməsini xahiş etmişdir. Onun müraciətinə cavabdeh məktubla müsbət cavab verməsinə baxmayaraq Bələdiyyə onu torpaqla təmin etmir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları hesab edir ki, bələdiyyənin hərəkətləri qanunsuz olduğundan iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan və bəldiyyə tərəfindən vətəndaşa satılmış torpaq sahəsinin yerinin şəxsə göstərilməsində xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qusar rayon Avaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 saylı qərarına əsasən İddiaçı ayrılmış 0.28 ha torpaq sahəsindən yerdə qalan 0,03 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə yerinin göstərilməsi öhdəliyi Qusar rayon Avaran Bələdiyyəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-660/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-660/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver