Məhkəmə qərarları › İş №2-1(118)-6603/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6603/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6603/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı “maddi və mənəvi zərərin, ödənilməmiş MDSS-in ödənilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə (bundan sonra - “cavabdeh”) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı “Dost” Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 2.000 manat və mənəvi ziyana 1000 manat - toplam 3000 manat cərimə məbləğinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsdən tutularaq ödənilməsi və bundan əlavə ödənilməmiş 3.033,41 manat MDSS haqqının cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsdən tutularaq aidiyyəti üzrə ödənilməsi, bununla yanaşı vurulmuş maddi və mənəvi ziyana görə 1.000 manat cərimə məbləğinin 6 saylı DOST Mərkəzindən tutularaq ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Məhkəmənin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)-6603/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzinin cavabdeh qismində iştirakına xitam verilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyi cavabdeh qismində icraata cəlb edilmişdir.

4. Məhkəmənin 17 sentyabr 2025-ci il tarixli, 2-1(118)-6603/2025 nömrəli qərardadı ilə iddia tələbi “iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 2.000 manat cərimə məbləğinin və vurulmuş mənəvi ziyana 1.000 manat - cəmi 3.000 manat cərimə məbləğinin cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsindən tutularaq ödənilməsi və ödənilməmiş MDSS haqqının cavabdehdən tutularaq aidiyyəti üzrə ödənilməsi öhdəliyi cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsinin üzərinə qoyulsun” olaraq icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin hazırkı iş üzrə cavabdeh qismində iştirakına xitam verilmişdir.

5. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

6. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

b) Tərəflərin iştirakı və izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

Tətbiq edilən hüquq:

9. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi

1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. (-)

Maddə 12. İşin hallarının araşdırılması prinsipi

12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. (-)

Maddə 35. İddianın mümkünlüyü

35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-) 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik

1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. (-) 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. (-)

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli, 9 nömrəli Qərarının müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.”

Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

14. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

15. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.

16. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iddia tələbi iddiaçının cavabdeh orqanda olan iş fəaliyyəti ilə bağlı ödənilməmiş məcburi dövlət sosial sığorta nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır.

19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024cü il tarixli, 9 nömrəli Qərarına əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

20. Bundan əlavə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına əsasən Əmək münasibətlərindən irəli gələn tələblərə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələr baxır.

21. Məhkəmə, İPM-in 13-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfə hüquqi yardım göstərərək izah edir ki, iddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

23. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.

24. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

25. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericiliyin müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar