Məhkəmə qərarları › İş №2-1(118)-662/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-662/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-662/2020 21.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , X1 Mövlətxan oğlunun katibliyi, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli, 14 nömrəli qərarının Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsinin ərazisində yerləşən, sahəsi 300 kv.metr olan 40/1 nömrəli həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 nömrəli protokol qərarı ilə İddiaçı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsinin ərazisində yerləşən, sahəsi 300 kv.metr olan 40/1 nömrəli həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli, 14 saylı protokol qərarı ilə Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı iclasının torpaq ayrılmasına dair qərarının ləğv edilməsi qərara alınmışdır. İddiaçı hal-hazırda bələdiyyənin sonuncu qərarından narazı olmaqla, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv olunmasını məhkəmədən xahiş edir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin ortalarında ərizə ilə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək “Yaşıldərə” adlandırılan ərazidə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun ərizəsinə əsasən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın sənədləşmə işlərinin aparılması məqsədi ilə müvafiq rəylərin alınması üçün məktublarla Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət ünvanlanmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin müraciətlərinə cavab olaraq həm Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi, həm də Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra xx xxxxx 2008-ci il tarixdə iddiaçı torpağın qanunvericiliklə müəyyən olunmuş alqı-satqı haqqı olaraq 150 (bir yüz əlli) manat məbləğində pulu Sumqayıt şəhər Bələdiyyəsinin bank hesabına ödəmişdir. Yuxarıda qeyd olunan rəylər və etdiyi ödəniş əsasında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli, 10 nömrəli qərarı ilə Sumqayıt şəhərinin cənubunda,"Samur- Abşeron" kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsinin ərazisində yerləşən,sahəsi 300 kv. metr olan 40/1 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir.Eyni zamanda həmin torpaq sahəsinin təhkim aktı da Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanaraq ona təqdim edilmiş, torpaq sahəsi yerində ölçülərək təhkim aktı əsasında iddiaçıya təhvil verilmişdir. Həmçinin, mülkiyyətinə verilmiş torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında xx xxx 2008-ci il tarixdə “Torpaq sahəsinin alqı-satqısına dair” Akt da tərtib edilərək Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində xx xxx 2008-ci il tarixdə,230 nömrə altında qeydiyyatdan keçmişdir. Lakin iddiaçı göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilməmişdir. Belə ki, onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatı ilə bağlı etdiyi müraciətə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2 iddiaçıya bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən xx xxxxxx 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də iddiaçıya bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarı bələdiyyənin özü tərəfindən ləğv olunmuşdur. Belə ki,bələdiyyədə bildirilmişdir ki,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında iddiaçının adına verilmiş bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və iddiaçı təkrarən bələdiyyəyə müraciət etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən öz adına sənədləşdirməlidir. Halbuki , iddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir və bələdiyyə qərarının ləğvi iddiaçının məlumatı olmadan həyata keçirilmişdir. Beləliklə, iddiaçının hüquqları Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, İddiaçı 2007-ci ildə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək “Yaşıldərə” adlandırılan “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində fərdi ev tikintisi üçün ona həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İddiaçı müraciətini nəzərə alaraq qeyd edilən Yeni yaşayış massivinin 3-cü məhəlləsinin ərazisində sahəsi 300 kvadrat metr olan 40/1 saylı həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsi tərəfindən məqsədəuyğun hesab edilmiş və sənədləşmə işlərini həyata keçirmək məqsədilə müvafiq rəylərin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə rəsmi məktublarla müraciət olunmuşdur.Həmin müraciətlərə cavab olaraq adı çəkilən təşkilatlar tərəfindən müvafiq rəylər verilərək göstərilən torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bu rəylər Sumqayıt Bələdiyyəsinə daxil olduqdan və İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqı haqqı olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini bələdiyyənin bank hesabına köçürüldükdən sonra Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli,10 saylı iclasının qərarı ilə "Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 3-cü məhəlləsinin ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan 40/1 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Eyni zamanda tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx xxx 2008- ci il tarixli müvafiq alqısatqı aktı imzalanaraq İddiaçı təqdim edilmiş və həmin alqı-satqı aktı xx xxx 2008-ci il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində 230 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmçinin, sözügedən torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən yerində ölçülərək müvafiq təhkim aktı əsasında İddiaçı təhvil verilmişdir. Göründüyü kimi,Sumqayıt Bələdiyyəsinin torpağın ayrılmasına dair qərarının xx xxxxxx 2007-ci il tarixdən,yəni yeni qanun normalarının qüvvəyə mindiyi vaxtdan sonra verilməsinə səbəb müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin bələdiyyənin müraciətindən xeyli gec olaraq bələdiyyəyə göndərilməsi olmuşdur. Eyni zamanda adı çəkilən bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin həmin tövsiyələrində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən xx xxxxxx 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları,yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi qeyd olunmuş, həmin tarixdən etibarən Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların sözügedən qanun norması ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılmış və xx xxxxxx 2007ci il tarixdən sonra Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların ləğv edilməsi tövsiyə olunmuşdur.Həmin tövsiyələr əsasında Sumqayıt Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair xx xxxxx 2008-ci il tarixli, 10 saylı iclasının qərarı ləğv edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmənin nəzərinə çatdırılmışdır ki, Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinə iddialı deyildir və həmin torpaq sahəsinin İddiaçı geri alınmasında maraqlı deyildir. Bütün bu hallara əsaslanaraq və mübahisələndirilən torpaq sahəsinin uzun illərdir İddiaçı faktiki istifadəsində olduğunu rəhbər tutaraq Sumqayıt Bələdiyyəsi olaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı «bələdiyyə qərarının ləğv edilməsi barədə» iddia ərizəsinin təmin edilməsi məsələsinin həlli məhkəmənin mülahizəsinə buraxılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008ci il tarixli, 14 nömrəli qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsinin ərazisində yerləşən, sahəsi 300 kv.metr olan 40/1 nömrəli həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhər bələdiyyəsi iddiaçıya hüquq tanıyan öz qərarının ləğv edilməsi barədə xx xxxx 2008-ci il tarixli 14 nömrəli yeni qərar qəbul etmişdir. Halbuki bələdiyyənin sözügedən qərarı onun özü tərəfindən deyil, məhkəmə tərəfindən ləğv edilə bilərdi. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli, 14 nömrəli qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsinin ərazisində yerləşən, sahəsi 300 kv.metr olan 40/1 nömrəli həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli, 14 nömrəli qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsinin ərazisində yerləşən, sahəsi 300 kv.metr olan 40/1 nömrəli həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar