Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6627/2025 19.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçıya Quba rayonu Vəlvələ bələdiyyəsinin ehtiyat fondundan 0.54 ha torpaq sahəsi ayrılması və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx xxxx 1996-cı il tarixində Quba rayonu İsnovqışlaq kəndində anadan olmuşdur və hal-hazırda həmin kənddə yaşayır, 1996-cı ildə Azərbaycan Respublikasının prezidenti ulu öndər Heydər Əliyevin sərəncamı ilə İslahat Komissiyaları yaradılıb yerlərdə torpaq islahatı aparılmağa başladı, həmin vaxt körpə olmuşdur və qanuni tələblərə görə ona da, bir Quba rayonu İsnovqışlaq kənd sakini kimi, hər bir kənd vətəndaşına ayrılan normada yəni 0.54 ha torpaq verilməli idi, lakin yerli İslahat Komissiyasının buraxmış olduğu mexaniki səhvə görə onun adı torpaq payı almalı olan subyektlər siyahısına düşməmiş, ona görə də, iddiaçıya ərazi üzrə hər bir subyektdə verilməli olan 0.54 ha torpaq payı düşməmişdir. İddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün Quba rayon İcra Hakimiyyətinə və digər orqanlara müraciət etmiş, lakin, ona hər dəfə torpaq verilməsindən imtina edilmişdir, ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli məktubundan aşkar olunur ki, 5 saylı Xaçmaz ərazi idarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı əmlakın dövlət reyestrində ƏMDK VƏ DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat aşkar edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Quba rayonu Vəlvələ bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan aşkar olunur ki, ərazidə Aqrar sənədləri hazırlanarkən buraxılmış mexaniki səhvə görə adı torpaq payı almaq subyektlərinin siyahısına düşməmiş ona görə də, 0.54 ha torpaq payı verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Quba rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan aşkar olunur ki, islahat vaxtı dövlətin səhvi nəticəsində torpaq payı almamış şəxslərə torpaq vermək səlahiyyəti və öhtəliyi olmadığını bildirərək ona ərizənin icrasından imtina edilmişdir. İddia ərizəsinə əlavə etdiyi doğum şəhadətnaməsindən və şəxsiyyət vəsiqəsinin surətindən aşkar olunur ki, iddiaçı xx xxxx 1996-cı il tarixində Quba rayonu İsnovqışlaq kəndində anadan olmuş və Azərbaycan Respublikası prezidentinin 1995-ci il 02 mart tarixli 290 nömrəli fərmanı ilə “X1 Komissiyaları” yaradılmış və qeyd edilən fərman 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmana əsasən X1 Komissiyasının 290 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilmişdir və qeyd edilən qanunun tələblərinə görə bir Azərbaycan vətəndaşı kimi mülkiyyətinə torpaq verilməli idi və həmin vaxt azyaşlı olduğu üçün öz hüquqlarını həyata keçirə bilməmişdir və qeyd edilən qanundan kənarda qalan şəxslər üçün bələdiyyələrə ehtiyat torpaq fondu verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, Quba rayonu Vəlvələ bələdiyyəsinin ehtiyat fondundan 0.54 ha torpaq sahəsi ayrılması və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini istəyir. İddiaçının qeyd edilən tələblə bağlı cavabdeh inzibati orqana müraciəti məhkəməyə təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı bələdiyyənin ehtiyat fondundan ona torpaq sahəsinin ayrılmasını istəyir ki, qanunvericilikdə reyestr xidmətinin belə bir səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-6627/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6627/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver