Məhkəmə qərarları › İş №2-1(118)-663/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-663/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-663/2024 31.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri ərazisində 0,10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri ərazisində 0,10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus olması barədə çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil ərizə təqdim edərək, “Quba şəhəri ərazisində 0,10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Quba Texniki İnventarlaşdırma bürsou tərəfindən xx.xx.1987-ci il tarixli 619 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 Quba şəhəri ərazisində 0.10 hektar torpaq sahəsi ayrılmışdır. X4 Quba Rayonu Aqrar İslahat Komissiyası tərəfindən verilən xx.xx.2000-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, X4 Quba şəhəri ərazisində 0.10 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir. X1 xx.xx.2014-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Resgional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 2.3 dekabr 2021-ci il tarixli 4206 nömrəli məktubuna əsasən, X2 vəfatı ilə əlaqədar açılmış vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsələri qızı- İddiaçıdır. Vəfat etmiş X2 vərəsəsi İddiaçı miras qalmış Quba şəhəri ərazisində 0,10 hektar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə müraciət elmişdir. Lakin həmin ərizəyə Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri .xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********63 nömrəli imtina məktubu ilə cavab verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəməyə teleqram ünvanlayaraq, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirirlər ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən mərhumə X4 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Araşdıma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-2474 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də torpaq sahəsinin ölçüsü 0.10 ha göstərilsə də, elektron baza məlumatlarında şəhadətnamənin cizgisi 0.07 ha kimi öz əksini tapmışdır və torpaq payı alacaq subyektlərin adlı siyahısında isə X3 adına qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin İcrasından xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-cİ maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini.məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda bildirirlər ki, JN-2474 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”elektron baza kadastr xəritə materiallarında 0.07 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, baza məlumatlarında olan xəritə üzərində əks olunan 0.07 ha torpaq sahəsindən əlavə tələb olunan 0.03 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə İddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bildirirlər ki, inzibati aktın (imtina məktubu) xx.xx.2022-ci il tarixində qəbul edildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: cavabdeh orqanın iddiaçıya ünvanladığı 13 iyul 2023-cü il tarixli imtina məktubu; JN 2474A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”; cavabdehin iddiaçıya ünvanladığı 10 mart 2022-ci il tarixli məktubu; 619 saylı qeydiyyat vəsiqəsi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 09 aprel 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayon XDS İcraiyyə Komitəsinin 54 nömrəli, 31 avqust 1982-ci il tarixli qərarı ilə tərtib edilmiş xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Quba rayonunda yerləşən yaşayış sahəsi 95,2 kv.metr olan fərdi yaşayış evi X4 ayrılmışdır. Daha sonra Quba rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 05 may 2000-ci il tarixli qərarı ilə sözügedən fərdi yaşayış evinin olduğu Quba şəhərində yerləşdiyi 0.10 ha torpaq sahəsinə dair X2 adına JN 2474A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. X5 xx.xx.2014cü il tarixdə öldükdən sonra onun vərəsəsi İddiaçı sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 10 mart 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluğun mövcud olduğu; JN 2474A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.10 ha göstərilsə də, elektron baza məlumatlarında şəhadətnamənin cizgisi 0.07 ha kimi öz əksini tapdığı və torpaq payı alacaq subyektlərin adlı siyahısında X3 adına qeydə alındığını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati iş materiallarına əlavə edilmiş JN 2474A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba rayonunda yerləşən 0.10 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 05 may 2005-ci il tarixli qərarı ilə iddiaçının mərhum X1na ayrılmışdır. Məhkəmə işin hallarının obyektiv araşdırılmasını təmin etmək məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Cavabdeh orqanın 20 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “X3 adı torpaq payı alacaq subyektlərin adlı siyahısında 2474 sıra ilə qeydə alınmışdır. Həmin sıra nömrəsi ilə tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” X2 adına hazırlanmışdır”. Məhkəmə eyni zamanda X2 adına tərtib edilmiş 619 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin araşdırılması üçün cavabdeh orqana müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 30 sentyabr 2024-cü il tarixli məktubdan aydın olur ki, X3 istifadəsində torpaq sahəsinin olması ilə bağlı məlumat aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəməyə cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında mübahisəli 0.10 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu; torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu qeyd edilmişdir. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəməyə teleqram ünvanlayaraq, mübahisə predmeti olan və adına qeyd edilən torpaq sahəsindən məlumatının olmadığını,torpaq sahəsindən heçvaxt istifadə etmədiyini və torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair arayışın verilməsinə etirazının olmadığını bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsasən: 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan 23 dekabr 2021-ci il tarixli məktubun məzmunundan aydın olur ki, X2 vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və İddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba şəhəri ərazisində 0,10 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Quba şəhəri ərazisində 0,10 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar