Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-664/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1992-ci ilin sentyabr ayında erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.1971 -ci ildə Salyan rayonunda anadan olmuşdur. O, 21 noyabr 1989-cu ildən 29 oktyabr 1991-ci ilə kimi Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Əlibayramlı şəhər Hərbi Komissarlıq tərəfindən səfərbərlikl əlaqədar hərbi xidmətə çağırılmışdır. Ağdərə uğrunda gedən döyüş əməliyyatlarında (Drambon, Çıldıran) N () nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. 1992-ci ilin sentyabrın 7-də Drambon, Çıldıran ərazilərinin bütövlüyünün qorunması üzrə gedən döyüşlərdə travma alaraq Tərtərə gəlmişdir. Oradan da onu 1 qırıcı ilə 3 nəfərlə birlikdə Qəbələ RLS hərbi hissəsinə gətirmişlər. Kəlləni dəlib keçən qəlpə təpə sümüyünün qırılmasına gətirib çıxarmışdır. Orada da əməliyyat olunmuşdur. Təxminən 40 gün xəstə yatmışdır. TSEK-in 608166 nömrəli rəyinə əsasən də o, əmək qabiliyyətsiz hesab edilmişdir. Həmin tarixdən 10 il ərzində o, komissiyaya gedib-gəlmişdir, sonunda 2003-cü il tarixdə TSEK tərəfindən o, təkrar müayinə edilərək müddətsiz 2-ci qrup əlil hesab edilmişdir. Həmin müayinə aktında da qeyd olunur ki, o, Azərbaycan Respubükasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı əlil olmuşdur. Hacıqabul rayon Hərbi Komissarlıq tərəfindən verilən xəstəlik kağızlarında da bütün bu qeyd etdikləri öz əksini tapır. Həmin xəstəlik kağızında həmçinin qeyd olunur ki, o, ön cəbhədə hərbi xidmət etməyə yararsız vəziyyətdədir. Həmin müharibə zonalarında xidmətdə olmağı ilə bağlı və müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə, də bir nəticə verməmişdir. Həmin imtina məktublarında qeyd olunur ki, onun adına çıxarılan arxiv arayışlarında döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumata rast gəlinməmişdir. O, bu faktları başqa cür təsdiq edə bilmədiyindən 1992-ci il tarixdə Ağdərə bölgələrində döyüşməyi faktının məhkəmə ilə müəyyən olunması üçün ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etsə də, onun ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılaraq bildirilmişdir ki, onun işinə İnzibati Məhkəmədə baxılmalıdır. O, dəfələrlə Mərkəzi Arxivə müraciət etmiş və ona gələn cavab məktublarında qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin avqust, sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müdafiə Nazirliyinin müvafiq komissiyasının iddiaçıya verdiyi cavabda göstərilir ki, onun hərbi xidməti, yaralanması və pul təminatı ilə bağlı arxiv sənədlərində heç bir məlumat aşkar olunmadığına və bununla da hərbi xidmət keçməsi öz təsdiqini tapmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan : -Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən 30.12.2020-ci il tarixli 1/Ə-17638 №-li məktubundan görünür ki, iddiaçının 815, 703, 818, 822, N və N nömrəli hərbi hissələrdə hərbi xidməti, yaralanmağı və pul təminatı ilə bağlı arxiv sənədlərində heç bir məlumat aşkar olunmadığına və bununla da onun hərbi xidmət keçməyi öz təsdiqini tapmadığına görə ona “Müharibə veteanı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 28.09,1992-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı 07.09.1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə iştirakı zamanı yaralanmışdır. - 04.09.2019-cu il tarixli 029170 saylı vəsiqədən görünür ki, ona həmin tarixədn müddətsiz İİ qrup qrup əlillik təyin edilmişdir. -14 saylı Zona TSEK tərəfindən verilmiş TSEK müayinə aktından 608166 saylı çıxarışdan görünür ki, İddiaçı müddətsiz İİ dərəcəli əlillik verilmişdir. -НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 1992-ci ildə Əlibayramlı şəhər hərbi kommisarlığı tərəfindən səfərbərliyə çağırılmış və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 23.02.2021-ci il tarixli 303 №-li məktubundan görünür ki, İddiaçı aid 1992-ci ildə xəstəlik haqqında şəhadətnamə və səbəb əlaqəsi haqqında qərar yoxdur və qeydiyyat jurnallarından keçmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bü isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-664/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-664/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver