Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-664/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamı ilə Xaçmaz şəhəri 9-cu Ərazisindən fərdi ev tikmək məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamı ilə Xaçmaz şəhəri 9-cu Ərazisindən fərdi ev tikmək məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı Xaçmaz rayon XDS Rəyasət Heyətinin 27 oktyabr 1995-ci il tarixli 57 nömrəli qərarı və Xaçmaz şəhər İƏV-nin 30 oktyabr 1995-ci il tarixli, 212 saylı sərəncamı ilə fərdi yaşayış evi tikilməsi məqsədilə Xaçmaz şəhəri, 9-cu ərazisindən 400 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair xx.xx.2023-cti il tarixli təhkim aktı və sxemi də vardır. Fərdi yaşayış evinin tikilməsi üçün verilmiş həmin 400 kv.m. torpaq sahəsinə çıxarış və sair hüquqmüəyyənedici sənədlərin alınması məqsədilə DƏDK və Reyestri publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etdiyi zaman imtina verilərək bildirilmişdir ki, Xaçmaz şəhər İƏV-i nümayəndəsinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,04 ha torpaq sahəsinə adıma bir dəfə çıxarış verilmişdir. Lakin Xaçmaz şəhər İƏV-nin eyni nömrəli sərəncamı ilə Xaçmaz şəhər ərazisindən ayrı-ayrı yerlərdən eyni ölçüdə iki plan sahəsi verilmişdir. Planlardan biri rayonun 9-cu ərazisində (kvartal) növbəlilik əsasında verilmiş, digəri isə rayonun 39-cu ərazisində (kvartal) Qarabağ qazisi olduğu üçün Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən verilən torpaq sahəsidir. Qeyd olunan sərəncamla, yəni xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamla Xaçmaz şəhəri 39-cu ərazisindən (kvartal) 0,04 ha torpaq sahəsinə çıxarış və digər sənədlər almışdır. Hazırda çıxarış alınması üçün müraciət etdiyi 0.04 ha torpaq sahəsi Xaçmaz şəhəri 9-cu ərazidə (kvartalda) yerləşir. Odur ki, DƏDKRX 5 saylı Ərazi İdarəsinin 9-cu ərazidə yerləşən həmin 0.04 ha torpaq sahəsinə çıxarış və digər hüquqmüəyyənedici sənədlərin verilməsindən imtina edilməsi əsassızdır və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinı uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.04 ha torpaq sahəsinə iddiaçının adına bir dəfə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin torpaq sahəsi iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli, 4Ə-212 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 4Ə-01/275 reyestr nömrəli ayrı-ayrı alqı-satqı müqavilələri əsasında digər şəxslərə hissə-hissə satılmışdır və həmin torpaq sahələrinə elektron məlumat bazasına əsasən digər şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi istifadədə olan torpaq sahələri kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Xaçmaz rayon Dövlət Arxivinin 14 avqust 2023-cü il tarixli, 3-48-18RA/2-A-715- 39/20 saylı arxiv çıxarışından görünür ki, Xaçmaz rayon XDS Rəyasət heyətinin 27 oktyabr 1995-ci il tarixli iclasının 57 №li protokolundan çıxarışa əsasən Xaçmaz şəhərində yaşayan vətəndaşlara növbəliliyə ciddi əməl etməklə fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına başlanması barədə Xaçmaz şəhər İƏV-nin Nümayəndəsinə razılıq verilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin 14 avqust 2023-cü il tarixli, 3-48-18RA/2-A-714- 39/20 saylı arxiv çıxarışından görünür ki, Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamı əsasında İddiaçı fərdi ev tikmək üçün şəhərin 9-cu ərazisində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi, Xaçmaz bələdiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, Xaçmaz şəhər İƏV-nin 30 oktyabr 1995-ci il tarixli, 212 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsi faktiki yerində 390 kv.m torpaq sahəsi mövcuddur. Həmin ərazidə tikinti işləri aparılmamış, dörd tərəfindən hasara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X1 kitabında xx.xx.2011-ci il tarixdə 1519 nömrə ilə uçota alınmış, AN 085864 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏB nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamı ilə 400 kv.m torpaq sahəsi f.y.e tikmək üçün İddiaçı verilmişdir. Xaçmaz RİH-in Tikinti Memarlıq şöbəsi və Xaçmaz bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı 9-cu ərazidən ayrılmış 400 kv. metr torpaq sahəsinə dair Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf fondunun baş planından çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-18RA/2-xx-xx/2024 saylı arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.1995-ci il tarixli, 212 saylı sərəncamı ilə vətəndaşlara torpaq sahəsi verilməsi ilə əlaqədar adlı siyahıdan iddiaçıya aid hissədən çıxarış və XDS İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli 57 saylı qərarından çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 4832/2024 saylı məktubu ilə Xaçmaz şəhər İƏV-nin xx.xx.1995-ci il tarixli 212 saylı qərarı əsasında ayrılmış 0.04 ha torpaq sahəsinə iddiaçının adına verilmiş çıxarış və ərizəsinə əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 521 saylı arayışında qeyd edilmişdir ki, keçmiş 39-cu ərazisi hal-hazırda Dağıstan küçəsi adlanır. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 535 saylı arayışında qeyd edilmişdir ki, Xaçmaz rayon XDS Rəyasət heyətinin 27 oktyabr 1995-ci il tarixli iclasının 57 №li protokoluna əsasən Xaçmaz şəhəri, İƏV üzrə nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 №li sərəncamdan keçmiş 9-cu ərazisində ayrılmış torpaq sahəsi hazırda A.Cəbrayılov küçəsi, adlanır və mövcuddur. Xaçmaz rayon Dövlət Arxivinin 07 mart 2025-ci il tarixli 3-48-18RA/2-xx-xx/2025 saylı arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz şəhər İƏV nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamında torpaq sahəsinin 9-cu ərazidə olduğu qeyd edilmişdir. iddiaçıya 39-cu ərazidən torpaq sahəsinin ayrılması barədə qərar aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 10 mart 2025-ci il tarixli 3-21-3-34/2- 3210/2025 saylı məktubu ilə təqdim edilmiş arayışda qeyd edilmişdir ki, Xaçmaz rayon XDS Rəyasət Həyətinin xx.xx.1995-ci il tarixli, 57 nömrəli qərari ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz şəhəri 9-cu ərazidən yaşayış evinin tikilməsi üçün verilmiş 0.04 ha həyətyanı torpaq sahəsi ilə bağlı araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Seriya MA, №0362662, reyestr nömrəsi **********06-10301 və seriya RX, №0054268, reyestr nömrəsi **********54-10301 olan torpaq sahələri Xaçmaz şəhəri 39-cu ərazisində (kvartalında) yerləşir və hal-hazırda Xaçmaz şəhəri, Dağıstan küçəsi adlanır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamı ilə Xaçmaz şəhəri 9-cu Ərazisindən fərdi ev tikmək məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.04 ha torpaq sahəsinə iddiaçının adına bir dəfə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin torpaq sahəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 4Ə-212 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 4Ə-01/275 reyestr nömrəli ayrı-ayrı alqı-satqı müqavilələri əsasında digər şəxslərə hissə-hissə satılmışdır və həmin torpaq sahələrinə elektron məlumat bazasına əsasən digər şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi istifadədə olan torpaq sahələri kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Dövlət Arxivinin avqust 2023-cü il tarixli, 3-48-18RA/2-A-714-39/20 saylı arxiv çıxarışına əsasən Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamı əsasında İddiaçı fərdi ev tikmək üçün şəhərin 9-cu ərazisində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh orqan torpaq sahəsinə bir dəfə çıxarış verildiyini qeyd edir. Belə ki, cavabdeh qeyd edir ki, seriya MA, №0362662, reyestr nömrəsi **********06-10301 və seriya RX, №0054268, reyestr nömrəsi **********54-10301 olan torpaq sahələri Xaçmaz şəhəri 39-cu ərazisində (kvartalında) yerləşir və hal-hazırda Xaçmaz şəhəri, Dağıstan küçəsi adlanır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz şəhər İƏV nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamında torpaq sahəsinin 9cu ərazidə olduğu qeyd edilmişdir. İddiaçıya 39-cu ərazidən torpaq sahəsinin ayrılması barədə qərar aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi 9-cu ərazidir. 39-cu ərazidə isə torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, 39-cu ərazidə yerlədiyi iddia edilən torpaq sahəsinə çıxarışın hansı hüquqmüəyyənedici sənədlərin əsasında verilmiş olması cavabdehin məsuliyyətindədir. Belə ki, məhkəmə sorğusu ilə cavabdehdən iddiaçının adına verilmiş **********06-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamı əsasında İddiaçı fərdi ev tikmək üçün şəhərin 39-cu ərazisində 400 kv.m torpaq sahəsi ayrılması barədə arxiv çıxarışı təqdim edilmişdir. Lakin məhkəmə araşdırması zamanı Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamının arxiv nüsxəsi təqdim edilmiş və həmin sərəncamda 39-cu ərazidən torpaq sahəsi ayrılması barədə qeyd aşkar edilməmişdir. İddiaçının tələbi Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 30 oktyabr 1995-ci il tarixli 212 saylı sərəncamı əsasında ayrılmış 9-cu ərazidə yerləşən 400 kv.m torpaq sahəsi ilə bağlıdır. İddiaçı tərəfindən Xaçmaz RİH-in Tikinti Memarlıq şöbəsi və Xaçmaz bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı 9-cu ərazidən ayrılmış 400 kv. metr torpaq sahəsinə dair Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf fondunun baş planından çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin torpaq sahəsinə hüququn qeydə alınmasına hüquqi əsas mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri mübahisənin predmetini təşkil edən torpaq sahəsi ilə bağlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 212 saylı sərəncamı ilə Xaçmaz şəhəri 9-cu Ərazisindən fərdi ev tikmək məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova