Məhkəmə qərarları › İş №2-1(118)-6642/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6642/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6642/2025 17.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “ona müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “ona müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun səhətində baş vermiş xəstəlikdən irəli gələn çatışmamazlıqla əlaqədar orqanizmin həzm sistemi orqanlarının davamalı funksional pozuntusu yaranmışdır. Belə ki, mədəsində kəskin ağrıların olması səbəbindən həkimə müraciət etmiş, müayinədən sonra həkim tərəfindən ona mədə xərçəngi diqanozu qoyulmuş, mədəsinin çıxarılmalı olduğu bildirilmişdir. Bundan sonra Türkiyyə Respublikasında “AMERİKAN HASTANESİ”-də üzərində cərrahi əməliyyat aparılaraq mədəsi götürülmüş, qida borsusu isə bir başa olaraq bağırsaqa birləşdirilmişdir. Epkrizə nəzər yetirdikdə ona bədxassəli mədə xorası diaqnozunun qoyulduğunu və mədənin laparoskopik üsulla çıxarıldığını görmək olar. Həmçinin onu da qeyd edim ki, AR Səhiyyə Nazirliyinin verdiyi X2 nəzər yetitdikdə də ona bədxassəli mədə xorası diaqnozunun qoyulduğunu görmək olar. Mədəsinin olmaması müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatından tam və səmərəli iştirak edə bilmir, buna görə də hesab edir ki, cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməyim üçün lazımi şərait yaradılması məqsədilə ona əlillik təyin edilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddiaya mahiyyəti üzrə baxıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaş barəsində qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən forma-88 nömrəli göndəriş rəsmiləşdirilməmişdir. Göndəriş olmadığı halda Agentlik tərəfindən vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi mümkün deyil. Həmçinin qeyd edir ki, vətəndaş barəsində qiymətləndirilmə aparılmadığından hər hansı imtina qərarı qəbul edilməmişdir. Vətəndaş iddia ərizəsində tibb müəssisəsinin göndərişi göndərməkdən imtina etdiyini bildirir. Bildiririk ki, göndərişin rəsmiləşdirilməsi və ya rəsmiləşdirilməsindən imtina edilməsi Agentliyin səlahiyyətində deyil və hazırkı iş üzrə cavabdeh DTSERA ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən forma-88 nömrəli göndəriş rəsmiləşdirilməmiş və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Müvafiq göndəriş olmadığı halda cavadeh tərəfindən vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi indiki halda mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən tərtib olunmalı forma-88 nömrəli göndərişi aldıqdan sonra cavabdehə müraciət edilməli, cavabdeh tərəfindən müsbət qərar qəbul edilmədiyi halda müvafiq məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar