Məhkəmə qərarları › İş №2-1(118)-665/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-665/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-665/2020 18.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6rşı “Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5158A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX 5 saylı X11 üzərinə qoyulması”-na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5158A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********75 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Quba şəhər Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-5158A kod 30301004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində Quba şəhəri ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı hal-hazırda qeyd olunan torpağı özəlləşdirmək istəyir, bununla əlaqədar hüquqmüəyyənedici sənədləri toplayıb DƏDRX 5 saylı X9 Quba şöbəsinə təqdim etmiş, həmin təşkilatda sənədlər qəbul edilməmiş, bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan JN 5158A kod 30301004 saylı şəhadətnamə üzrə 0.12 ha torpaq idarənin baza sənədlərində qeydə alınmayıb, ona görə sənədləri qəbul etməkdən imtina etmişdirlər. İddiaçı məcburiyyət qarşısında qalıb Xaçmaz 5 saylı ərazi idarəsinə rəsmi müraciət etmiş, DƏDRX 5 saylı X7 iddiaçıya rəsmi bildirilmişdir ki, onun mülkiyyətini təsdiq edən şəhadətnamə baza sənədlərində qeydə alınmamış, ona görə də çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi JN 5158 A kod 30301004 saylı şəhadətnamədən görünür ki, iddiaçının mülkiyyətində 0.12 ha torpaq sahəsi vardır, həmin şəhadətnamədə mülkiyyətinə verilmiş 0.12 ha torpağın sxemi belə qeyd edilmiş və həmin şəhadətnamədə DTXK-nın Quba şöbəsinin müdiri A.Xudaverdiyevin və Dövlət X2 direktoru F.Cəfərovun imzaları və möhürləri ilə təsdiq edilmişdir, həmin sənədin DƏDRX-nin 5 saylı X9 bazasında öz əksini tapmaması və DTXK-nın Quba şöbəsinin təhvil verilməməsi, arxivdə olan Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmaması iddiaçının təqsiri üzündən baş verməmiş və bu hal iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, aqrar islahat zamanı yaşadıqları evin torpaq sahəsinə mülkiyyət sənədi verilmişdir. Hazırkı torpaq sahəsi isə torpaq komitəsi tərəfindən verilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı JN-5158A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 5 saylı X10 müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********75 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN- 5158A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı X9 elektron baza malumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyest haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı X9 elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Cavabdeh bildirir ki, qeyd olunduğu kimi mübahisələndirilən JN-5158A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddiaya etiraz edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Quba bələdiyyəsinin nümayəndəsi X1 iştirak etmiş, izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi perspektiv inkişaf üçün ayrılmış torpaq sahəsidir. Dəvədabanı ərazisi sayılır. Bələdiyyəyə torpaq sahəsi ilə əlaqədar hərhansı bir sənəd təqdim edilməmişdir, bu səbəbdən də vergi alınmır. Həmin torpaq sahələrində əvvəl kərpic zavodu olmuşdur. Zavodun qülləsi var. Qüllənin əhatə ərazisi özəlləşdirilə bilməz. Həmin ərazi dövlət mülkiyyəti sayılır. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetri Xidməti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti arxivdə olan məlumatları məhkəyə təqdim etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X9 cavab məktubunda qeyd olunur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı faktiki istifadə edilən 0.12 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X9 elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqəsinə aid olan ərazidə yerləşdiyi, torpaq sahəsinin 0.0248 ha hissədə xəritə üzərində dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, qalan hissədə isə digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı deyil. Belə ki, Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçı qeyd edir ki, ona Quba rayon X4 xx xxx 2000-ci il tarixli 05 saylı Qərarı əsasında 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə şəhadətnamə verilmişdir. Cavabdeh isə qeyd edir ki, JN- 5158A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı X9 elektron baza malumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Məhkəmə tərəfindən müvafiq sorğular edilmiş Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusuna əsasən Quba rayon X4 qərarı ilə idiaçıya və ailə üzvlərinin qanuni istifadəsində olan digər torpaq sahəsinin mülkiyyətə verilməsinə aid sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçının qanuni istifadəsində olan və aqrar islahat zamanı mülkiyyətinə verilən digər torpaq sahəsinə aid sənədlər mövcud olsada, hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid ilkin sənədlərin olması və dövlət reystrendə torpaq sahəsi ilə bağlı məlumatların olması müəyyən edilmir. Quba bələdiyyəsinin nümayəndəsinində izahatından aydın olur ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar bələdiyyəyə hərhansı sənəd təqdim edilməmiş, müvafiq vergilər ödənilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biridə daşınmaz əmlakın dövlət reystrində qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyil. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reystrində müvafiq məlumat olmadığına və iddiaçının təqdim etdiyi sənədin arxiv məlumatları olmadığına görə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmur və imtina əsaslı olduğuna görə iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar