Məhkəmə qərarları › İş №2-1(118)-665/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-665/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-665/2022 12.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi Vəkil “Pro Bono” Vəkil Bürosunun vəkili, ünvan 2 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13A, mənzil 7-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, X22 küçəsi ünvanında yerləşən torpaq sahəsinin ona məxsus 0,0130 ha paydan ibarət sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X22 küçəsi ünvanında yerləşən torpaq sahəsinin ona məxsus 0,0130 ha paydan ibarət sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarış verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, X22 küçəsi ünvanında yerləşən torpaq sahəsinə dair ********** Qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarışa əsasən 0,0130 ha pay iddiaçıya məxsusdur. Həmin pay iddiaçıya miras qalmışdır. Belə ki, 0.04 ha torpaq sahəsi 1957-ci ildə babası X6 ayrılmışdır. Babasının vəfatından sonra torpaq sahəsi və yaşayış evi nənəsi Məlikova Rəhilənin, daha sonra əmiləri X15, X12 və ona miras qalmışdır. 0.0130 ha torpaq sahəsi onun faktiki istifadəsindədir, hasarlanmışdır, digər vərəsələrin bununla bağlı heç bir iddiası yoxdur. O, həmin torpaq sahəinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh qurumun 03 noyabr 2021-ci il tarixli cavab məktubunda isə sözügedən torpaq sahəsinə dair bölgü eskizi, alqı-satqı müqaviləsinin əsli və hüquq sahiblərinin şəxsiyyətlərini təsdiq edən sənədin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. 10 noyabr 2021-ci il tarixdə o, yenidən cavabdeh quruma müraciət edərək, tələb olunan sənədlərin onda mövcud olmadığını və sözügedən torpaq sahəsinə dair sistemdə onun adına mövcud olan 0,0130 ha ibarət torpaq sahəsinə çıxarış verilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin, bu günki günədək cavabdeh qurumdan heç bir müsbət cavab gəlməmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, sözügedən torpaq sahəsinin notarial qaydada təsdiq edilmiş bölgü planı və verdə qalan hissənin rəsmiləsdirilməsinə dair müqavilə müraciətə əlavə edilməmişdir. Bundan başqa torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək ücün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. İş materiallarında olan : -Kirov rayon ZDS İK-nin xx.xx.1957-ci il tarixli 24 saylı protokolundan şıxarışdan görünür ki, Xırdalan qəsəbəsi, 28 N-li sahə, 6 saylı ünvanda yerləşən 400 mkv m torpaq sahəsi X6 ayrılmışdır. -xx.xx.2011-ci il tarixdə Abşeron rayon 2-ci DNK tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 vərəsələri X16 3/4 hissə, nəvəsi İddiaçı 1/4 hissədə miras əmlakdan pay almalıdır. Miras əmlak 0,04 ha torpaq sahəsindən ibarətdir. -xx.xx.2011-ci il tarixdə Abşeron rayon 2-ci DNK tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 vərəsələri X16 1/2 hissə, nəvəsi İddiaçı 1/4 hissədə və X12 ¼ hissədə miras əmlakdan pay almalıdır. Miras əmlak Abşeron rayonu Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən yaşayış sahəsi 85.6 kv m olan 2 otaqlı 6 nömrəli fərdi yaşayış evindən ibarətdir. - -MA № ******* seriyalı xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X22 küçəsi 6 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X16, X12 və İddiaçı paylı mülkiyyətindədir. Torpaq hissəsinin ¾ hissəsi və yaşayış evinin ½ hissəsi X9, yaşayış evinin ¼ hissəsi X7, torpaq sahəsinin 1/4 hissəsi və yaşayış evinin ¼ hissəsi İddiaçı mülkiyyətindədir. - -Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evi sənəd üzrə 0.04 ha, faktiki 0.0786 ha torpaq sahəsi üzərində yerləşir. - - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2011-ci il tarixli bölgü eskizindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X22 Küçəsi ünvanında yerləşən torpaq sahəsindən 0.0270 ha X3, 0.0130 ha X10 istifadəsindədir, 0.0340 ha torpaq sahəsi zəbt kimi qeyd edilmişdir. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1957-ci ildə keçmiş Kirov rayon ZDS İK-nin xx.xx.1957-ci il tarixli 24 saylı protokol qərarına əsasən Xırdalan qəsəbəsi, 28-ci sahə, 6 nömrəli ünvanda yerləşən 400 kv m torpaq sahəsi X6 ayrılmışdır. Onun ölümündən sonra torpaq sahəsi vərəsəlik yolu ilə oğlu X16 (3/4 hissə) və nəvəsi İddiaçı (1/4 hissə) mülkiyyətinə keçmişdir. Tərəflər arasında bölgü aparılmış və cavabdehon özü tərəfindən təqdim edilən məhkəməyə təqdim edilmişdir. Həmin bölgüyə görə 0.0130 kv m iddiaçının istifadəsinə verilmişdir. Buna baxmayaraq iddiaçının müraciətlərinə sonuncu cavabında cavabdeh bökgü eskizinin və yerdə qalan torpaq sahəsinin rəsmiləşdirilməsinə dair müqavilənin təqdim edilməməsi səbəbi ilə imtina cavabı vermişdir. Digər cavabında texniki baxışın keçirilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası formal əsaslara söykənmişdir və iddiaçının müraciətinin təmin olunması üçün əsas ola bilməzdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0., 8.0.3-cü maddələrinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, X22 küçəsi 6 saylı ünvanında yerləşən 0.0130 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, X22 küçəsi 6 saylı ünvanında yerləşən 0.0130 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar