Məhkəmə qərarları › İş №2-1(118)-6650/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6650/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6650/2024 26.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin Şamaxı rayon filialına qarşı “106 saylı, xx.xx.2024-cü il tarixli imtina aktının ləğv olunması, cavabdehə məxsus 4169-7388-5650- 0495 nömrəli kartın sahibinin kimliyinin (adı, soyadı və atasının adı) bildirilməsi və yaxud səhvən xx.xx.2024-cü il tarixdə həmin karta köçürdüyü 600 manat pulun geri qaytarılmasının təmin olunması və bu öhdəliyin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, 13 may 2024-cü il tarixdə emon vasitəsilə səhvən Kapital Bank ASC-yə məxsus 4169-7388-5650-0495 nömrəli karta 200 manat bir dəfə və 600 manat isə ikinci dəfə olmaqla cəmi 800 (səkkiz yüz) manat pul göndərmişdir. Buna görə X4 Səhmdar Cəmiyyətinin Şamaxı Filialına dərhal müraciət etmişdir. Kapital Bank ASC-nin Şamaxı Filialının əməkdaşları həmin pulun 200 (iki yüz) manat məbləğini dərhal özünə qaytardılar, lakin qalan 600 (altı yüz) manatı isə qaytara bilməyəcəklərini dedilər. Buna görə də Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmiş və həmin kartın sahibinin kimliyini öyrənməyə çalışmışdır. Surətini ərizəyə daxil etdiyi Şamaxı Rayon Polis Şöbəsindən göndərilmiş 1 1.06.2024-cü il tarixli cavabda yazılmışdır ki, onlar tərəfindən araşdırılma aparılmış, lakin burada cinayət hadisəsi və ya inzibati xəta tərkibi müəyyən edilmədiyindən mülki qaydada məhkəməyə müraciət etməym tövsiyə edilmişdir. Bu sənədin əsli məhkəmədədir. Eyni zamanda Şamaxı Rayon Polis Şöbəsindən şifahi qaydada bildirmişdir ki, onlar Kapital Bank ASC-yə məxsus sözügedən kartın sahibinin kim olmasını müəyyən edə bilmirlər. X3 ASC-nin Şamaxı Filialına müraciət edib səhvən pul köçürtdüyü 4169-7388- 5650-0495 nömrəli kartın sahibinin kim olmasını soruşsa da onlar bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirmişdirlər. Beləliklə yeganə sübutu odur ki, 13 may 2024-cü il tarixdə emon vasitəsilə səhvən Kapital Bank ASC-yə məxsus 4169-7388-5650-0495 nömrəli karta 200 manat və 600 manat pul köçürmüş və həmin pulun 200 manatı özünə qaytarılsa da qalan 600 manatını ala bilmir. Ona görə də Şamaxı Rayon Məhkəməsinə mülki iddia qaydasında müraciət etmişdir. Surətini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin 2(074)-1100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərimin özünə qaytarılması qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin bu qərardadından razı qalmayıb apellyasiya şikayəti vermişdir. Surətini bu ərizəyə daxil etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1100 2024 saylı. xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayətim təmin edilməmişdir. Hər iki məhkəmə instansiyasında şifahi qaydada bildirilmişdir ki, Kapital Bank ASCnin Şamaxı Filialına rəsmi qaydada müraciət edib imtina cavabı aldıqdan sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. iddiaçı Kapital Bank ASC-yə rəsmi ərizə ilə müraciət etmişdir. Əslini bu ərizəyə daxil etdiyi Kapital Bank ASC-nin Şamaxı Filialının müdiri tərəfindən göndərilmiş 106 saylı. 24 sentyabr 2024-cü il tarixli imtina aktından görünür ki, onlar məhkəmənin qərarı əsasında iddiaçının xahişini yerinə yetirə biləcəklərini qeyd etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarına əsasən:

1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddiaçı 106 saylı, xx.xx.2024-cü il tarixli imtina aktının ləğv olunması, cavabdehə məxsus 4169-7388-5650-0495 nömrəli kartın sahibinin kimliyinin (adı, soyadı və atasının adı) bildirilməsi və yaxud səhvən xx.xx.2024-cü il tarixdə həmin karta köçürdüyü 600 manat pulun geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qeyd etdiyi «KapitalBank” ASC-nin Şamaxı rayon filialı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Bundan əlavə tərəflər arasındakı mübahisə xüsusi (mülki) hüquq mübahisəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq ümumi (rayon (şəhər) məhkəmələri) məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar