Məhkəmə qərarları › İş №2-1(118)-6653/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6653/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6653/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Cavabdehsinə qarşı iş üzrə (Açar sözlər: uşağın soyadının dəyişdirilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Cavabdehsinə qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək iddiaçıların birgə nikahından olan 12 mart 2025-ci il təvəllüdlü X1 dəyişdirilərək “Rəhimli” kimi qeydə alınmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı2 və İddiaçı1 02 mart 2022-ci il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin mart ayının 02 günündə 667№ ilə qeyd edilmişdir. Birgə nikahdan 1 övladı var: 12 mart 2025-ci il təvəllüdlü X4. Övladının soyadının dəyişdirilməsi ilə bağlı müraciət etməkdə məqsədi, ailəsi üçün dərin mənəvi dəyərə malik olan babasının adının yaşadılması və davam etdirilməsidir. Babaya olan böyük hörmət, ailə köklərinin qorunması və mənəvi bağlılıq səbəbilə övladının soyadının "Rəhimli" olaraq dəyişdirilməsini xahiş etmişdirlər. Bu dəyişiklik, ailə birliyinin və ənənələrinin davamı baxımından olduqca vacibdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X3 məxsus AZ-V 114134 saylı doğum haqqında şəhadətnamənin və AZ-İİ 490651 saylı nikah haqqında şəhadətnamələrin surəti iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahından olan 12 mart 2025-ci il təvəllüdlü X1 dəyişdirilərək “Rəhimli” kimi qeydə alınmasınını istəyir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən aşağıdakı qərarına istinad etməyi vacib bilir: “(...) Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir. Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır. Həmçinin, adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır. (...) Belə ki, soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyri-müəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır. Məhkəmə Kollegiyası bir daha təkrarlayır ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir soyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.” (Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2-1(102)- 1414/2025 saylı qərarı) “Məhkəmələr və hakimlər haqqında” Qanununa görə: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İddiaçılar qeyd edir ki, babaya olan böyük hörmət, ailə köklərinin qorunması və mənəvi bağlılıq səbəbilə övladlarının soyadının "Rəhimli" olaraq dəyişdirilməsini istəyirlər və bu dəyişiklik, ailə birliyinin və ənənələrinin davamı baxımından vacibdir. Məhkəmə qeyd edilən səbəbi uşağın soyadının dəyişdirilməsi üçün yetərli səbəb hesab etmir. Belə ki, iş materiallarından görünür ki, uşaq hazırda valideynlərinin “Qarayeva” soyadını daşıyır ki, qeyd edilən soyad uşağın mənafeyinə xələl gətirə biləcək və ya gülünc səslənən soyad olmamaqla, emosional və mənəvi baxımdan heç bir mənfi təsir yaratmır. İddiaçılar tərəfindən uşaqlarının soyadını dəyişdirməyə sövq edən tutarlı səbəblər barədə hər hansı hallar qeyd edilməmiş və uşaq üçün real məhrumiyyətlər yaratması halına istinad edilməmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdehin imtinası əsaslı olmuş, nəticədə iddiaçıların hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar