Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6654/2025 14.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı (X14, X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızı üçüncü şəxslər qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə 14 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, şifahi qaydada açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyat və bölüşdürməsi şöbəsinin 10 aprel 1992-ci il tarixli, 53/186 nömrəli orderindən görünür ki, 8-ci mikrorayon, ev 10B, mənzil 69 İddiaçı və onun ailə üzvləri “İddiaçı”, “Həsənova A.B.”, “Mustafayev T.E.”, “Mustafayev M.E.”-yə verilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 2 mart 2023-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, İddiaçı, X14, X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızı ünvan 3 ünvanda qeydiyyatdadırlar.
3. Dövlət Arxivinin Sumqayıt Filialının 30 mart 2023-cü il tarixli, 3-48-DA-10F/2- 248/2023 nömrəli arxiv çıxarışından görünür ki, 8-ci mikrorayon, ev 10b, mənzil 69 İddiaçı və onun ailə üzvləri X14, X12, X6 təqdim edilmişdir.
4. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin tərəfindən təsdiq edilmiş 6 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzilin ev sahibi X10r. Həmin mənzildə X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızı qeydiyyatdadırlar, lakin 1992-ci il tarixdən yaşamırlar. İddiaçının keçmiş həyat yoldaşı X14 həmin mənzildə qeydiyyatdadır, lakin 2012-ci il tarixdən həmin mənzildə yaşamır.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 9 sentyabr 2024-cü il tarixli, 3-B-58/2-M-38446/11/24 nömrəli məktubundan görünür ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, X11, X1, X2, X3,X4, X5, Nəsirova Natəvan Tofiq qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 iyul 2025-ci il tarixli, 3-21-3-31/2-2584/2025 nömrəli məktubundan görünür ki, X14, X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzilə dair istifadə hüquqlarının olubolmaması barədə 2 saylı Sumqayıt Ərazi İdarəsində hər hansı məlumat aşkar edilməmişdir. Müvafiq mənzilə dair hər hansı məhkəmə mübahisəsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 1 avqust 2025-ci il tarixli, 18/2-20986 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzildə X12 23 avqust 2005-ci il tarixdən, X7 19 avqust 2011-ci il tarixdən, X8 11 yanvar 2013-cü il tarixdən, X13 23 avqust 2005-ci il tarixdən, X9 30 noyabr 2015-ci il tarixdən, Nəsirova Natəvan Tofiq qızı 5 noyabr 2005-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti (beş il) bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyildir.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin arayışından görünür ki, İddiaçı, X14, X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızıSumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzildə qeydiyyatdadırlar, lakin yaşamırlar.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
9. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyul 1968-ci il təvəllüdlü X14, 21 sentyabr 1973-cü il təvəllüdlü X12, 4 may 1994-cü il təvəllüdlü X7, 9 yanvar 1996-cı il təvəllüdlü X8, 4 may 1968-ci il təvəllüdlü X13, 20 aprel 2005-ci il təvəllüdlü X9 və 2 iyul 1975-cı il təvəllüdlü Nəsirova Natəvan Tofiq qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, mə69 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Sovet İcraiyyə komitəsi mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsinin 10 aprel 1992-ci ıl tarixli, 53/186 saylı orderinə və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 7 aprel 1992-ci il tarixli, 315 nömrəli əmrinə əsasən iddiaçıya məxsusdur. Lakin iddiaçıya məxsus mənzildə 28 iyul 1968-ci il təvəllüdlü X14, 21 sentyabr 1973-cü il təvəllüdlü X12, 4 may 1994-cü il təvəllüdlü X7, 9 yanvar 1996-cı il təvəllüdlü X8, 4 may 1968-ci il təvəllüdlü X13, 20 aprel 2005-ci il təvəllüdlü X9 və 2 iyul 1975-cı il təvəllüdlü Nəsirova Natəvan Tofiq qızı qeydiyyatda qalmışdırlar. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatları formal xarakter daşıyır. Mənzildə faktiki yaşamayan və istifadə hüququ mövcud olmayan şəxslərin həmin mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi olaraq iddiaçının əmlak hüquqlarını məhdudlaşdırır. Bununla əlaqədar olaraq iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək qeyd olunan şəxslərin Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina verilmiş və qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dae” 24 sentyabr 2020-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.3, 34.1, 45, 46-cı maddələrinə istinad olunmuşdur.
12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. Məhkəmənin 15 iyul 2025-ci il tarixli, 2-1(118)-6654/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X14, X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızının üçüncü şəxslər qismində (zəruri cəlb etmə) (bundan sonra – “üçüncü şəxs”) inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.
c) İddia tələbinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəf iddia tələbinə qarşı etirazının olmadığını bildirmişdir.
d) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bununla yanaşı qeydiyyatdan çıxarılması istənilən şəxslərin işlədiyini, bu səbəbdən də onların könüllü qeydiyyatdan çıxarılması mümkün olmadığını qeyd etmişdir.
17. Cavabdeh orqan məhkəməyə məktubu ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
23. Məhkəmə iş materialında olan sənələri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
24. İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İşin faktiki hallarından görünür ki, iddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10B, 69 saylı mənzildə yerləşən əmlakın mülkiyyətçisidir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür.
26. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:
27. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;
28. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
29. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
30. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 27 avqust 2020-ci il tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
32. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
33. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.
34. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır.
35. İşin araşdırılması nəticəsində məhkəmə müəyyən etmişdir ki, üçüncü şəxslər X14, X12, X7, X8, X13, X9, Nəsirova Natəvan Tofiq qızı iddiaçının qohumlarıdırlar.
36. Lakin üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxs barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olubolmaması məsələləri araşdırıla bilər.
37. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan şəhər polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.
38. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
39. Şərh edilənlərə əsasən və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova