Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6661/2025 22.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqənin verilməsinin razılaşdırılması üçün sənədlərin X3nə göndərilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “müharibə veteranı adı və vəsiqənin verilməsinin razılaşdırılması üçün sənədlərin X3nə göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X3nin Aparatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək veteranlığın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh X2 ilə əvəz edilməsini və iddiaçıya müharibə veteranı adı və vəsiqənin verilməsinin razılaşdırılması üçün sənədlərin X3nə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edtmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə başlanmamışdan əvvəl könüllü olaraq xidmətə çağırılmağı üçün müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yaxınlaşmışdır. 20 nəfər olmaqla 4 maşın yola düşdükdən sonra qalanlara, o cümlədən iddiaçıya bildiriblər ki, qalanları qalsın lazım olduqca çağıracaqlar. İddiaçını xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissədə yerləşdirmişdirlər. Qeyd edilən hərbi hissə təlim və komplektləşmə üçün nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixə kimi həmin hərbi hissədə xx.xx.2020-ci il tarixdə düşmən təslim olan günü Laçın və Qubadlı istiqamətinə yola salınmışdır. Laçın xx.xx.2020-ci il tarixdə təhvil verilməli olduğundan və baxmayaraq razılaşmaya əsasən atəşkəs elan olunmuşdu artileriya bölmələri atəş açmasa da düşmənin ayrı ayrı bölmələri Laçın istiqamətində döyüşü davam etdirdiyindən bir neçə gün lokal döyüş əməliyyatlarından bölmələrin tərkibində iştirak etmişdir. Beləliklə 27 dekabra kimi Qubadlı və Laçın ərazisində bölmələrlə döyüş tapşırıqları icra etmişdir. Minaların təmizlənməsində, minalı ərazilərdə qalan şəhidlərin çıxarılmasında və razılaşmaya əsasən Şuşanın azad edilməyən bir neçə kəndinin boşaldılması və Laçın kolidorunun nəzarətə götürülməsində Azərbaycan Respublikasının Prezdentinin 2020 ci il 29 dekabr tarixli 2373 nömrəli sərəncamı ilə “Laçının azad edilməsinə görə” medalı və 2369 nömrəli sərəncamı ilə “Qubadlının azad edilməsinə görə” medalı ilə təltif olunmuşdur. Sonradan müharibə veteranı adının verilməsi ilə əlqədar AR MN-nə müraciət etsə də xx.xx.2022-ci il tarixdə bundan imtina barədə cavab verilmiş, səbəb kimi isə hərbi hissəyə daxil olmağının döyüş əməliyyatlarının dayandırıldığı günə təsadüf etməsi ilə əlaqələndirilmişdir. Qeyd edilən qərarla razı deyildir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasıın 60, “Veteranların haqqında” Azərbacan Respublikası Qanununun 3, iddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, X3nin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks- kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci i! tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin t-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək lazımdır ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarixli 4Ə3- 4625 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə Azərbaycan Ordusunun "Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmədiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən ona "Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17).
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. İddiaçıya məxsus olan AO ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı Laçın rayonu istiqamətində xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində baş pulemyotçu vəzifəsində döyüşlərdə iştirak etmişdir.
10. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 328 nömrəli əmrindən çıxarışdan görünür ki, 10 noyabr 2020-ci il tarixdən hərbi hissəsinin şəxsi heyətin siyahısına daxil edilmiş və bütov növ təminatlara qoyulmaqla vəzifələrə təyin olunmuşdur.
11. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 376 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı döyüş təyinatlı rayonlarından gəliş hesab edilmiş və müddətdən artıq həqiqi hərbi hərbi qulluqçuları ərzaq payı əvəzi pul kompensasiyası təminatına qoyulmuşdur.
12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 378 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı şöbə və bölmələri tərəfindən göndərilmiş N nömrəli hərbi hissədə müvafiq vəzifələrə təyin olunmuş əsgər İddiaçı hərbi vəzifələr Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə əsasən 27 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə göndərilmişdir.
13. xx.xx.2024-cü il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci tarixədək, xx.xx.2020xx.xx.2020-ci il tarixlərində hərbi xidmət keçmişdir və xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.
14. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2369 nömrəli Sərəncamına əsasən İddiaçı Qubadlının azad olunmasına görə 8759 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi verilmişdir.
15. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2373 nömrəli Sərəncamına əsasən İddiaçı Laçının azad olunmasına görə 5430 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi verilmişdir.
16. X2 3-cü Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci ilı tarixli, 4/3.4625 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx.xx.2022-ci iltarixi iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “müharibı veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin X3nə göndərilməsindən imtina olunur.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və məktuba əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
21. X3nin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
22. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” X3nin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə X3nin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin: 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
25. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
26. Belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 328 nömrəli əmrindən çıxarışdan görünür ki, 10 noyabr 2020-ci il tarixdən hərbi hissəsinin şəxsi heyətin siyahısına daxil edilmiş və bütov növ təminatlara qoyulmaqla vəzifələrə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 376 nömrəli əmrinə əsasən əsgər İddiaçı döyüş təyinatlı rayonlarından gəliş hesab edilmiş və müddətdən artıq həqiqi hərbi hərbi qulluqçuları ərzaq payı əvəzi pul kompensasiyası təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 378 nömrəli əmrinə əsasən əsgər İddiaçı şöbə və bölmələri tərəfindən göndərilmiş N nömrəli hərbi hissədə müvafiq vəzifələrə təyin olunmuş əsgər İddiaçı hərbi vəzifələr Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə əsasən 27 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə göndərilmişdir. İddiaçı Laçın rayonu istiqamətində xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində baş pulemyotçu vəzifəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2369 nömrəli Sərəncamına əsasən Qubadlının azad olunmasına görə 8759 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2373 nömrəli Sərəncamına əsasən Laçının azad olunmasına görə 5430 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi verilmişdir.
27. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə hərbi hissəyə daxil olmuş və xx.xx.2020-ci il tarixədək həmin hərbi hissənin tərkibində olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Laçının azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
28. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, bildirmişdir ki, iddiaçının N nömrəli hərbi hissəyə daxil olması döyüş əməliyyatlarının dayandırıldığı dövrə (10 noyabr 2020-ci il) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsini verilməsi üçün sənədlərinin razılaşdırmaq məqsədi ilə Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir
29. cavabdeh imtinasında iddiaçının döyüş əməliyyatlarının dayandırıldığı dövrdə xx.xx.2020-ci il tarixdə hərbi hissəyə daxil olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, həmin tarixdən sonra da düşmənin ayrı-ayrı bölmələrinə (dəstələri) qarşı Laçın istiqamətində bir müddət lokal döyüş əməliyyatları həyata keçirilmişdir Həmçinin iddiaçı Laçın və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamlarına əsasən “Laçının azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
30. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur və cavabdeh orqanın müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası əsassızdır.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə X3nə göndərilməsi öhdəliyi cavabeh X2nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə X3nə göndərilməsi öhdəliyi cavabeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli